Məhkəmə qərarları › İş №3(064)-742/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-742/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-742/2024 05.09.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli Rayon Polis Şöbəsinin baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1970-ci il tarixdə İmişli şəhərində doğulmuş, evli, "xxxx" QSC-də sürücü işləyən, İmişli şəhəri, S.Fətəliyev küçəsi, ev 32 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.8-ci maddələri ilə Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Füzuli Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs idarə etdiyi “X14” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə, saat 18:00-da "xxxx" şirkətinin işçilərini Hadrut qəsəbəsindən götürüb Füzuli şəhərinə aparan zaman Füzuli rayonu ərazisindən keçən zəfər yolunda yerləşən “Deviyatka” kuruqu deyilən ərazidə dairəyə daxil olmaq istədikdə idarə etdiyi avtomobilin əyləc sistemində nasazlıq yarandığı üçün idarə etdiyi avtomobil həmin dairədə getdiyi istiqamətdə yolun sağ tərəfinə aşıb dayanmışdır. Füzuli RPŞ TB-nin təhqiqatçısı, polis kapitanı Seymur Xəlilov tərəfindən Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş və xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.8-ci maddələri ilə inzibati qaydada tədbirlər görülməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.8-ci maddələri ilə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində idarə etdiyi “X14” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu ərazisindən keçən zəfər yolunda yerləşən “Deviyatka” kuruqu deyilən ərazidə dairəyə daxil olmaq istədikdə idarə etdiyi avtomobilin əyləc sistemində nasazlıq yarandığı üçün idarə etdiyi avtomobil həmin dairədə getdiyi istiqamətdə yolun sağ tərəfnə aşıb dayanmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobildə 18 nəfər olmuşdur. Həmin şəxslərdən X7, X8 və X11 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobilin alın şüşəsi yerindən çıxdığı üçün o, və avtomobildə olan şəxslər avtomobilin qabaq hissəsindən çölə çıxmışdır. Bundan sonra tanımadığı şəxsə məxsus avtomobil ilə xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi xəstəxanasına getmişdir. O, avtomobili idarə etməzdən əvvəl spirtli içki qəbul etməmiş, hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 213 nömrəli, xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Şəxs hadisə zamanı sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 108/24 saylı ekspert rəyindən görünür ki, hadisə nəticəsində X2 dirsək oynağı nahiyəsində əzilmiş yara olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 109/24 saylı ekspert rəyindən görünür ki, hadisə nəticəsində X4 baldır nahiyəsində sıyrıq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 110/24 saylı ekspert rəyindən görünür ki, hadisə nəticəsində X1 əl pəncəsi nahiyəsində sıyrıq olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirildiyindən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddasinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, Azərbaycan Respublikası İXM-in 32.1.1 və 32.2-ci maddələrinə əsasən səmimi peşmançılığını inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən, törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini, davranışını və məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həm də AR İXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilir. Azərbaycan Respublikası İXM-in: 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-ci maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi, AR İXM-də şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs barəsində İXM-in 327.1-ci və 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, bunlardan da yalnız 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aiddir. Lakin AR İXM-də bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda (eyni orqanın səlahiyyətinə aid deyilsə) bu əməllərin daha ciddi inzibati xəta ilə əhatələnməsi halı nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, «…inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin….» Odur ki, məhkəmə hazırki iş üzrə AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarını və həmin qərarda ifadə olunmuş hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə baxışının hədlərindən bəhs edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş müddəalarına isnad edilməsini qanunamüvafiq hesab edir. Belə ki, adı çəkilən normada göstərilir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə bu normadan yararlanaraq hesab edir ki, Şəxs barəsində İXM-in 327.1-ci və 327.8-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan 327.1-ci maddəsi xaric edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 327.1 və 327.8-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.8-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatdan Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsilə başlanmış icraat ayrılsın və baxılması üçün aidiyyəti üzrə göndərilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar