Məhkəmə qərarları › İş №3(064)-743/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-743/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-743/2024 09.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən tərtib edilmiş protokolu və ona əlavə edilmiş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 02 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Füzuli RPŞ tərəfindən tərtib edilmiş protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 29 aprel 2024-cü il tarixdə Füzuli rayonu Bala Bəhmənli kəndində İsgəndər Gülmalıyevin idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamadığı üçün onun avtomobilinin alın şüşəsini və şüşə təmizləyən qurğuya zərbələr vurub sındırmaqla 1120 manat ziyan vurmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci (özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati iş üzrə materiallar öyrənilərək müəyyən edilmişdir ki, “DAF” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın dəyəri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyənləşdirilməmiş, yəni onun dəyərinin müəyyən edilməsi ilə bağlı qüsur aktı, mütəxəssis və ya ekspert rəyi alınaraq iş materiallarına əlavə edilməmişdir. Belə olan halda isə məhkəməyə baxılması üçün təqdim edilmiş inzibati xəta haqqında protokol natamamlıq təşkil edir və işə baxarkən həmin natamamlığı tamamlamaq mümkün deyil. Azərbaycan Respublikasının İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi qanunvericilik özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələnməsi nəticəsində ziyanın vurulmasını ehtiva edir. Hazırki işdə isə X1 dəymiş ziyanla bağlı heç bir sübut təqdim edilməmişdir. Belə ki, X1 dəymiş zərərin müəyyən edilməsi istiqamətində yalnız sonuncunun ifadəsinə və 09 may 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda sonuncu tərəfindən təqdim edildiyi, lakin hazırki materiala əlavə edilməyən xx.xx.2024-cü il tarixli arayışa (arayışın kim tərəfindən verilməsi, nə barədə olması, dəymiş ziyanın hesablanmasına dair məlumat qərarda da əks olunmayıb) əsaslanılmış və dəymiş zərərin məbləğinin 1120 manat həcmində olması qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə görə isə, “az miqdar” ziyan dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 may 2024-cü il tarixli qərarın məzmunundan da göründüyü kimi, Füzuli RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən aparılan ilkin təhqiqat araşdırması zamanı da qeyd olunan xüsusat araşdırılmamış, zərərçəkmiş şəxsin sözlərinə və sözügedən qərarda onun təqdim etdiyi qeyd olunan (hazırki inzibati materiala əlavə edilməyən, kim tərəfindən verilməsi müəyyən olunmayan) arayışa istinad edilərək vurulmuş zərərin məbləği müəyyən edilməklə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Füzuli Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 232-1-ci maddəsi ilə tərtib olunmuş 02 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Füzuli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar