Məhkəmə qərarları › İş №3(064)-753/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-753/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-753/2025 11.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonu, Afşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra–Füzuli RİP) daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RİPŞ-nin böyük icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Yardımlı Rayon Məhkəməsinin 2(038)-105/2025 saylı, 12 fevral 2025-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İcra sənədi üzrə 20 fevral 2025-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir.İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi yerinə yetirməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Nəticədə hazırkı dövrə 1240 (min iki yüz qırx) manat ödənilməmiş aliment borcu yaranmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur.Borcludan alınmış izahatlarda o, işləmədiyini və maddi imkanının olmamasını bildirmişdir.Tələbkar Zərərçəkmiş şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək adı çəkilən icra sənədi üzrə olan borcun ödnilməsini, əks təqdirdə borclunun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu tərəfindən icra sənədi üzrə ümumi borcu 1240 manat təşkil edir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-105/2025 saylı, 12 fevral 2025cü il tarixli qətnaməsinə əsasən borclu ondan 2 uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə sonraki artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnaməyə əsasən alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İcra məmuru tərəfindən ona alimenti ödəməsi barədə xəbərdarlıq göndərildikdən sonra isə icra sənədi üzrə alimentdən 2025-ci ilin mart ayında 150 manat, aprel ayında 410 manat, may ayında 260 manat, iyun ayında 460 manat, sonucu dəfə isə avqust ayında 360 manat ödəniş etmişdir. O, hər ay müvafiq olaraq alimentdən maddi imkanı çatacaq dərəcədə ödənişlər edir. Hal-hazırda onun yığılmış aliment borcunu tam ödəməyə maddi imkanı yoxdur. Qeyd etmişdir ki, o, fəhləliklə məşğuldur, gündəlik qazanc əldə edir, əldə etdiyi həmin pulu toplayır və hissə-hissə aliment borcunu tələbkarın bank kartına köçürür. Onu da bildirmişdir ki, alimentin tutulmasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablandığından qətnamə çıxarılanda artıq ödənilməyən aliment borcu yığılmışdır, həmin borcu da aylıq olaraq hissə-hissə ödəyəcəkdir. Ona görə də qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında böyük icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında Yardımlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(038)-105/2025 saylı icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. İş materiallarına əlavə edilmiş müxtəlif ödəniş sistemləri vasitəsilə ödənilmiş qəbzlərin və tələbkarın bank kartından çıxarışın surətindən görünür ki, şəxs Şəxs müxtəlif tarixlərdə hissə-hissə 2025-ci ilin mart ayında 150 manat, aprel ayında 410 manat, may ayında 260 manat, iyun ayında 460 manat, sonucu dəfə isə avqust ayında 360 manat olmaqla, cəmi 1640 manat ödənişi Zərərçəkmiş şəxs bank hesabına ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, borclu hazırkı dövrə qədər 1640 manat ödəniş etmişdir. Borclu ödəməni həyata keçirə bilməməsinin səbəbi kimi maddi imkanının zəif olması, hazırda işləməməsi ilə əsaslandırmışdır. Qeyd olunanlara əsasən iş üzrə Şəxs Yardımlı Rayon Məhkəməsinin 12 fevral 2025ci il tarixli, 2(038)-105/2025 saylı icra sənədi üzrə yaranmış borcunu tam ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iş materiallarında Şəxs Yardımlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(038)-105/2025 saylı icra sənədini tam olaraq icra etməməsinin üzrsüz səbəbdən baş verməsinə dair konkret sübut yoxdur. Həmçinin Məhkəmə iclasında isə Yardımlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(038)-105/2025 saylı icra sənədi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahat əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədləri üzrə borclu tərəfindən ümumi 1640 manat borcunun ödənilmiş, borcunun qalan hissəsini isə maddi vəziyyətinin zəif olması səbəbindən hazırda tam ödəyə bilməmiş, məhkəmə iclasında etirafına əsasən aylıq hissə-hissə vaxtı-vaxtında ödəyəcəyini bildirmiş, aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(038)-105/2025 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi göstərir ki, borclu Şəxs aliment ödənişlərini etməkdən qərəzli şəkildə yayınmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən qətnamə çıxarıldıqdan sonra 1640 manat məbləğində ödəniş edilmişdir. Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq, davamlı olaraq maddi imkanı çatdığı həddə ödənişlər etmiş və icra sənədinin icrası ilə bağlı hər hansı bir hərəkətsizlik göstərməmişdir. Beləliklə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə məsuliyyətin yaranması üçün həmin maddənin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin və yaxud hərəkətsizliyin borclu tərəfindən törədilməsi müəyyən olunmalı və bu halların olması protokolu tərtib etmiş şəxsin topladığı sübutlarla sübut edilməlidir. Lakin, yuxarıda təsvir edilənlərdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın bütün tərkib əlamətləri və həmin inzibati xətanı sübut edən hallar müəyyən edilmədən, hətta inzibati xətanın mahiyyəti göstərilmədən - borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-in: - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Füzuli rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Füzuli rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar