Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-763/2024 04.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixində Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli şəhəri, B.Sərdarov küçəsində qeydiyyatda olmaqla Füzuli rayonu, Horadiz şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin (bundan sonra – Məhkəmə) binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli RİPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-477/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs (bundan sonra - Borclu) 4000 manat məbləğində pul tutularaq tələbkar X1 (bundan sonra – Tələbkar) xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və Tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclunun yaşadığı ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. Borclunun hazırda yaşadığı ünvan FRİHB-nın Horadiz Şəhər İƏDN-nə məlum olmadığından Füzuli RİPŞ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə Borclu barəsində axtarış elan edilmişdir. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu isə tələbkarın haqlı narazılığına və şikayətlərinə səbəb olmuşdur. Göstərilənlərə əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Borcludan alınmış izahatda o, bugünədək borcundan cəmi 1300 manat ödədiyini və yerdə qalan borcunu isə 8 ay ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında: Füzuli RİPŞ-nin icra məmuru X3 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, icra sənədi üzrə Borclu bildirdi ki, o, bugünədək borcundan cəmi 1300 manat ödəyib və yerdə qalan borcunu isə 8 ay ərzində hissə-hissə ödəyəcək. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Tələbkar Füzuli RİPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Borclunun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-in: 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində Borclunun adına hər hansı daşınar və ya daşınmaz əmlaklar aşkar olunmamışdır. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)- 477/2024 saylı icra vərəqəsinə əsasən müəyyən olunur ki, Borcludan 4000 manat məbləğində pul tutularaq Tələbkarın xeyrinə ödənilməlidir. İş materiallarında olan Füzuli RİPŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Borclunun yaşadığı ünvan FRİHB-nın Horadiz Şəhər İƏDN-nə məlum olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Tələbkarın xx.xx.2024-cü il tarixli yazılı ərizəsinə əsasən müəyyən olunur ki, Borclu 4000 manat borcundan cəmi 1300 manat ödəniş etmiş, yerdə qalan 2700 manat borcunu bugünədək tam ödəməmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, Məhkəmə hesab edir ki, Borclu həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq Borclu icra sənədi üzrə yığılmış cəmi 2700 manat məbləğində borcundan heç bir ödəniş aparmadığına görə barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, Tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə Borcluya Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, Məhkəmə hesab edir ki, borcluya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətdən bəhs edən 82-ci maddəsinin tələbləri izah olunmalıdır: 82.1. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 10:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-763/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-763/2024
04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver