Məhkəmə qərarları › İş №3(064)-771/2023

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-771/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-771/2023 21.12.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, həmin kəndə qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli RPŞ-nin polis sahə rəisi polis polis kapitanı X7 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN №1628320 inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində əmisi X5 məxsus 155 ədəd gilas ağacını sındırmaq və yerindən çıxarmaq yolu ilə məhv edib zərərçəkmiş şəxsə 1.550 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli RPŞ-nin polis sahə rəisi polis kapitanı X7 bildirdi ki, o, inzibati xəta haqqında protokolu Füzuli RPŞ TB-nin təhqiqatçısı M.Məmişovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən tərtib etmişdir. Belə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində əmisi X5 məxsus 155 ədəd gilas ağacını sındırmaq və yerindən çıxarmaq yolu ilə məhv edib zərərçəkmiş şəxsə 1.550 manat maddi ziyan vurmuşdur. Ona görə də, Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində ona məxsus 155 ədəd gilas ağacını məhv edərək 1.550 manat ona maddi ziyan vurmuşdur. Hazırda ziyan ödənilmədiyinə görə o, şikayətçidir. O, Səxavətin ağacları məhv etməsini şəxsən gözləri ilə görməsə də hesab edir ki, Səxavət bunu edib. Belə ki, aralarında mübahisə olduğundan Səxavət dəfələrlə onu hədələyib ki, bağda olan ağacların hamısını məhv edəcəkdir. Odur ki, vurulmuş ziyanın ödənilməsini tələb edir və hazırda şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü AR İXM-in 232-1-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, aralarında mübahisə olduğundan o, əmisi X2 bağındakı ağacları məhv edəcəyi barədə hədələsə də bunu etməmişdir. O, əvvəllər həmin bağda qarovulçu işləmişdir. Əmisi Y.Hüseynov onun pulunu vermədiyinə o, da əsəbləşərək əmisinə demişdir ki, bağdakı ağacları məhv edəcəkdir. Füzuli RPŞ TB-nin təhqiqatçısı M.Məmişovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. Bununla yanaşı, Şəxs zərərçəkmiş şəxs X1 155 ədəd gilas ağacını məhv etməklə 1.550 manat ziyan vurması öz təsdiqini tapdığından barəsində İXM-in 232-1ci maddəsi ilə inzibati qaydada tədbirlər görülməsi Füzuli RPŞ İTB-yə həvalə edilmişdir. Beləliklə də, Şəxs özünü AR İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməsə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin Füzuli RPŞ-də verdiyi ərizəsi və izahatı, eləcə də məhkəmə iclasındakı izahatı, həmçinin Füzuli RPŞ TB-nin təhqiqatçısı M.Məmişovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs izahatı özünü müdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yayınmağa xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, vurulmuş ziyanın ödənilməməklə zərərçəkmiş şəxsin şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin nisbətən yuxarı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, Azərbaycan Respublikası İXM-in: 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. 36.2. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, zərərçəkmiş şəxs Y.Hüseynova ona vurulmuş 1.550 manat ziyanın ödənilməsi tələbi ilə Şəxs qarşı mülki məhkəmə icraatı qaydasında iddia qaldırması izah edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan RespublikasıİXM-in 30-36, 106-115 və 232-1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 manat inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs X3 ona vurulmuş 1.550 maddi ziyanın ödənilməsi tələbinə dair Şəxs qarşı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar