Məhkəmə qərarları › İş №3(064)-791/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-791/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-791/2025 23.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Mandı kəndində qeydiyyatda olmaqla Füzuli rayonu, Qayıdış-11 qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallarla birlikdə Füzuli Rayon Məhkəməsinə daxil olmuşdur. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2025ci il tarixdə, saat 13:00 radələrində Şəxs “VAZ 21074 minik” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə etmişdir. Məhkəmə iclasında iştirak edən Füzuli Rayon Polis Şöbəsinin polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək protokolu müdafiə etdiyini bildirdi. Lakin “Tiktok” sosial şəbəkəsi üzərində paylaşılmış videogörüntüdən başqa həmin pozuntunun törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, protokolun məzmunu ilə razı deyil, belə ki, o, avtoxuliqanlıq etməmişdir, niyyəti ətrafdakılara hörmətsizlik etmək olmamışdır. Sadəcə istəmədən toy karvanına qoşulmuş, bir dəfə manevr hərəkət qaydasını pozmuşdur. Buna görə də əməlindən peşmandır. Başqa hal baş verməmiş, təkər qaldırmamışdır. İş materiallarında olan CD disk məhkəmə iclası zamanı tədqiq edilərkən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin dispozisyasında göstərilən hərəkətlərə yol verilməsi aşkar olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə yaranır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd edilən Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi inzibati protokolu tərtib edən orqanın üzərinə düşür. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, borclu Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə, yəni mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati protokolu tərtib edən orqan tərəfindən Şəxs inzibati xəta törətməsini təsdiq edən sübutlar protokola əlavə olunmadığı üçün, habelə Şəxs inzibati xəta törətməsini etiraf etmədiyi üçün, bununla da onun göstərilən inzibati xətanı törətməkdə təqsirli olması şübhəli olduğu üçün, bu şübhələr onun xeyrinə həll edilməlidir. AR İXM-nın 53.1.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında işin icraatına xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində AR İXM-nın 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərikbinin olması sübut olunmadığı, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114- 115-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmədiyi üçün başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar