Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-8/2025 06.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə Çiçək qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin (bundan sonra – Məhkəmə) binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli RİPŞ-dən daxil olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından müəyyən olunur ki, Məhkəmənin xx.xx.2024cü il tarixli, 2(064)-599/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs (bundan sonra - Borclu) cəmi 1691,59 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – Tələbkar) xeyrinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək qərar poçt vasitəsilə Məhkəməyə və Tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün Borclunun yaşadığı ünvana göndərilib, sonradan isə ona rəsmən təqdim edilib. Görülən icra tədbirləri nəticəsində Borclunun yaşayış yeri məlum olmayıb, onun barəsində xx.xx.2024-cü tarixdə Borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilib, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Füzuli RİPŞ-nə təhvil verilib. Borclu icra sənədi üzrə ümumiyyətlə bugünə tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında: Füzuli RİPŞ-nin böyük icra məmuru X2 bildirdi ki, Borclu tərəfindən məhkəmənin icra sənədi icra olunmayıb. Belə ki, Borclunun icra sənədi üzrə borcu hazırda 1691,59 manat borc təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq Borclu onun tələblərini yerinə yetirməyib. Borclunun əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunub. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə Borclu bildirdi ki, barəsində icra sənədinin olması ilə bağlı xəbəri olmayıb, ona görə də öhdəliyini yerinə yetirməyib. Hazırda tam şəkildə ödəniş edə bilmir, lakin aylıq 50 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş materiallarına əlavə olunan: - Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(064)-599/2024 saylı icra vərəqəsi əsasında müəyyən edilir ki, Borcludan xx.xx.2019-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 466 manat əsas və 46,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 735 manat əsas və 73,5 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 306 manat əsas və 30,6 manat dəbbə pulu, ödənilmiş dövlət rüsumuna görə 33,89 manat olmaqla cəmi 1691,59 manat məbləğində pul Tələbkarın xeyrinə tutulmalıdır; - Elektron çıxarış əsasında müəyyən edilir ki, Borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlaklar aşkar olunmayıb; - Borclunu Füzuli RİPŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahat əsasında müəyyən edilir ki, Borclunun sözügedən icra vərəqəsindən xəbəri olmayıb. Azərbaycan Respublikası İXM-in: 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 53, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-8/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-8/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver