Məhkəmə qərarları › İş №3(064)-809/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-809/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-809/2024 26.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın vəzifəli şəxsi – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 25 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs (bundan sonra - o) əvvəllər ona 2024-cü il ərzində hazırki iş üzrə eyni məzmunda iki dəfə törətdiyi əməllərin qanunsuz olması və həmin əməlləri bir daha törətməməsi barədə Füzuli RPŞ-də polis əməkdaşları tərəfindən şifahi qaydada profilaktik söhbətlər aparılmaqla xəbərdarlıq edilməsinə baxmayaraq, 24 avqust 2024-cü il tarixdə saat 09 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna görə həmin ərazilərə getməyin qanuni olubolmamasının yoxlanılması üçün Füzuli rayonu ərazisində yerləşdirilmiş stasionar polis postundan deyil, Füzuli rayonu, Horadiz kəndi ərazisindəki alternativ yoldan keçib, xüsusi icazə olmadan işğaldan azad olunmuş Xocalı rayonu ərazisinə getməklə Füzuli RPŞ-nin müvafiq əməkdaşlarının müvafiq qanuni tələblərinə qəsdən tabe olmamışdır. 25 avqust 2024-cü il tarixdə saat 10 radələrində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onun idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən onun işğaldan azad olunmuş ərazilərdən yığdığı təxminən 400-500 kq. metal hissələr aşkar edilmiş, eləcə də onun 24 və 25 avqust 2024-cü il tarixlərdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 25 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X1 tərtib etdiyi 25 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, izahatında əlavə olaraq, araşdırma zamanı 24 və 25 avqust 2024-cü il tarixlərdə Şəxs işğaldan azad edilmiş ərazilərə getmək üçün xüsusi icazəsinin olmasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, İİ Qarabağ Müharibəsi veteranıdır. O, əvvəllər 2024-cü il ərzində iki dəfə işğaldan azad olunmuş ərazilərə Füzuli rayonu ərazisində yerləşən stasionar polis postundan kənar qaydada keçib getdiyinə və oradan yığdığı metal hissələr hər dəfə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobil Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb müvafiq yoxlama aparılarkən həmin avtomobilin yük yerindən aşkar edildiyinə görə Füzuli RPŞ-yə aparılmış, orada polis əməkdaşları tərəfindən ona həmin əməllərinin qanunsuz olması və həmin əməlləri bir daha törətməməsi barədə şifahi qaydada profilaktik söhbətlər aparılmaqla xəbərdarlıq edilmişdir. Lakin o, 24 avqust 2024-cü il tarixdə saat 09 radələrində məqsədinin işğaldan azad olunmuş ərazilərdən qanunsuz olaraq metal hissələrini yığmaq olduğuna görə həmin ərazilərə Füzuli rayonu ərazisində yerləşən stasionar polis postundan deyil, Füzuli rayonu, Horadiz kəndi ərazisindəki alternativ yoldan keçib, xüsusi icazə olmadan işğaldan azad olunmuş Xocalı rayonu ərazisinə getmiş, işğaldan azad olunmuş ərazilərdən yığdığı təxminən 400-500 kq. metal hissələri idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə qoymuşdur. O, 25 avqust 2024-cü il tarixdə saat 10 radələrində həmin avtomobili işğaldan azad olunmuş ərazilər tərəfdən Füzuli rayonu, Horadiz kəndi ərazisində idarə edərkən polis əməkdaşının işarəsi ilə avtomobili saxlamışdır. Polis əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı onun 24 və 25 avqust 2024-cü il tarixlərdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığı müəyyən edilmiş və idarə etdiyi avtomobilin yük yerindən təxminən 400-500 kq. metal hissələr aşkar edilmişdir. Həmin metal hissələri göstərdiyi avtomobilin sahibi Şahid2 sifarişi ilə, yəni sonuncu üçün yığmış, bunun müqabilində Şahid2 ona təxminən 50 manat məbləğində pul verəcəkdi. Hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin tağım komandiri, polis leytenantı Şahid1 verdiyi izahatında göstərmişdir ki, 25 avqust 2024-cü il tarixdə saat 10 radələrində Füzuli rayonu, Horadiz kəndi ərazisində xidmətdə olarkən Şəxs işğaldan azad olunmuş ərazilər tərəfdən idarə etdiyi “Changan” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatdırmışdır. Yoxlama zamanı avtomobilin yük hissəsindən təxminən 400-500 kq. metal hissələrin olduğunu aşkar etmiş, həmçinin, sonuncunun 24 və 25 avqust 2024-cü il tarixlərdə işğaldan azad olunmuş ərazilərə getməyə xüsusi icazəsinin olmadığını müəyyən etmişdir. Buna görə də göstərdikləri barədə raport tərtib edib Füzuli RPŞ-nin rəisinə məruzə etmişdir. Bu səbəbdən polis əməkdaşları Şəxs barəsində araşdırma aparılması üçün Füzuli RPŞ-yə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi izahatında işin özü ilə bağlı olan halları barədə Şəxs ilə eyni məzmunda göstərmişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - “Elektron məhkəmə portalı” və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsistemindən əldə edilmiş elektron məlumatlardan görünür ki, Şəxs İİ Qarabağ Müharibəsi veteranı olduğuna görə 80 manat pensiya alır. - 25 avqust 2024-cü il tarixli, AZA 021138 nömrəli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs iş üzrə 25 avqust 2024-cü il tarixdə saat 12:45-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - özünün məhkəmə iclasında və Füzuli RPŞ-də verdiyi etirafedici izahatları ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri izahatları, iş materiallarında olan sənədlər və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını və İİ Qarabağ Müharibəsi veteranı olmasını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, İİ Qarabağ Müharibəsi veteranı olması və səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halların olması, məsuliyyətini ağırlaşdıran halın olmamasını kimi nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 88.1-ci maddəsinə əsasən inzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılmasından ibarət olduğuna, iş materialları əsasında Şəxs müvafiq inzibati xətanı törətməsi səbəbindən 25 avqust 2024-cü il tarixdə saat 10 radələrində Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Füzuli rayonu, Horadiz kəndi ərazisində saxlanılıb Füzuli RPŞ-yə gətirildiyinə görə iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” AZA 021138 nömrəli protokolda Şəxs 25 avqust 2024-cü il tarixdə saat 12:45-də inzibati qaydada tutulduğu göstərilsə də, sonuncunun inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 25 avqust 2024-cü il tarix saat 10:00-dan hesablanmalıdır. Məhkəmə şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbs edilməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 25 avqust 2024-cü il tarix, saat 10:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar