Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-820/2025 30.09.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Füzuli rayonu, Zobucuq-2 qəsəbəsi, ev 30-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kənd icra nümayəndəsi X5 ilə aralarında mübahisə yaranmış. Mübahisəyə səbəb ona verilmiş 30 hektar torpaq sahəsinin minadan riskli ərazi olduğuna görə istifadə edə bilməməsidir. Bu səbbədən o yeni ərazi istəmiş, telefonla Rasim Qasımovla mübahisə etmiş və mübahisəyə görə ondan şikayət etmək üçün içkili vəziyyətdə Füzuli rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə daxil olduqda polis əməkdaşları ilə mübahisə etmiş, uca səslə səs-küy salaraq xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu nizam intizamlı olmağa riayət etməyini bildirsələrdə, o, hərəkətlərini 40-45 dəqiqə davam etdirmişdir. O, baş nahiyəsinə və bədəninin müxtəlif yerlərinə xəsarət yetirərək polis əməkdaşlarının tələbinə tabe olmamış və şöbənin iş rejimini pozmuşdur. Əməlindən Peşmandır. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında X1 şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində xidməti otağında olan zaman bir nəfər vətəndaşın uca səslə koridorda nalayiq ifadələr işlətdiyini eşitmiş və koridora çıxaraq Şəxs polis əməkdaşları ilə mübahisə etdiyini, nalayiq ifadələr işlətdiyini görmüşdür. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalarda, o hərəkətlərini 40-45 dəqiqə müddətində davam etdirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokolu tərtib etmiş Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2, Füzuli Rayon Polis Şöbəsinin məsul növbətçi əvəzi, polis baş leytenantı Hüsən Abbasovun “Raport”larından görünür ki, onlar baş vermiş hadisə ilə əlaqədar Füzuli Rayon Polis Şöbəsinin rəisinə müraciət etmişlər. İş materiallarında olan video diskdən görünür ki, Şəxs Füzuli Rayon Polis Şöbəsinin binasında uca səslərlə danışaraq, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onlarla uca səslə danışmış, özünə döşəməyə və divara çırpmışdır. İş materiallarında olan sərxoşluq dərəcəsinin müəyyən edilməsi çıxarışından görünür ki, Şəxs nəfəsində 2,291%alkoqol aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:50-də tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Füzuli Rayon Polis Şöbəsinin ərazisində nalayiq ifadələr işlədərək, səs-küy salmış, ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir, polisin göstərişlərinə məhəl qoymadan öz qanunsuz və hüquqazidd xarakterli əməllərini davam etdirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X2 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən normaları ilə inzibati xətanı törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün kifayət deyildir, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh tədbiri tətbiq ediləcəyi təqdirdə sonuncu islah olunacaq və gələcəkdə yenidən bu və ya digər növdə inzibati xəta törətməyəcəkdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən hüquqi yardım ödənilməsi üçün hər iş saatına görə 11 manat miqdarında müəyyən edilmişdir. Müdafiəçi 2 saat hüquqi yardım göstərdiyinə dair hesabat tədim etsədə, Məhkəmə belə qənaətə gəlir ki, bu reallığa uyğun deyil, belə ki, xx.xx.2025-ci il tarixdə saat 11:50-də müdafiəçiyə qərar təqdim edilmiş, 12:10-da məhkəmə iclası başlamış və saat 12:50-də iclas yekunlaşmışdır. Göründüyü kimi, müdafiəçi ümumilikdə hazırki iş üzrə 1 saat vaxt sərf etmişdir. Odur ki, göstərilən 1 saat hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq fərdi qaydada fəaliyyət göstərən Vəkil Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ13 All B410400J**********187 saylı, VÖEN: ********** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən onun barəsində 10 (on) gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 manat dövlət büdcəsindən tutularaq fərdi qaydada fəaliyyət göstərən Vəkil Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ13 All B410400J**********187 saylı, VÖEN: ********** saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-820/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-820/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver