Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-855/2025 13.10.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Alıxanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən toplanmış 2420 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək Məhkəməyə göndərilmişdir. Füzuli rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs toplanmış 2420 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbini üzrlü səbəb olmadan ödəməmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi yerinə yetirməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Nəticədə 2420 manat ödənilməmiş aliment borcu yaranmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borclunun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində xx.xx.2025-ci il tarixdə axtarış qərarı verilmiş və Füzuli rayon Polis Şöbəsi tərəfindən 760233 saylı, xx.xx.2025-ci il tarixli axtarış işi açılmışdır. Borclu xx.xx.2025-ci il tarixində Polis əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Halhazırda borclunun cəmi 2420 manat borcu ödənilməmiş qalmışdır. Hazırda borclu borcundan ödəniş etmir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, borclu Şəxs ona 2420 manat ödənilməmiş aliment borcu vardır. O, şikayətçidir, borcunun tam ödənilməsini tələb edir. Borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, əvvəllər ANAMA-da işlədiyinə görə aliment borcunu vaxtında ödəyirdi. Daha sonra işdən azad olunduğuna görə, ayağında tikiş yarası olduğundan işə düzələ bilmədiyindən, hazırda heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil bildirdi ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-496/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Füzuli Rayon Məhkəməsinin 2(064)- 557/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılması, Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlıvaxtında ödəniş etməmiş və 2420 manat borcu ödənilməmiş qalmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 22 manat pul dövlət büdcəsindən tutularaq Vəkil Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ31 All B******************** saylı, VÖEN: ********** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 manat dövlət büdcəsindən tutularaq Vəkil Kapital Bank ASC-nin Füzuli Rayon filialındakı AZ31 All B******************** saylı, VÖEN: ********** saylı hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(064)-855/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-855/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver