Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-86/2024 01.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, Füzuli rayonu, Horadiz şəhəri, Nizami küçəsi ev 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 2(036)-2147/202 saylı icra sənədinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2014-cü ii təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 iyul 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, ayda cəmi 540 manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclunun bu günə 3.240 manat aliment borcu vardır. İcra sənədi üzrə 09 yanvar 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə borclu şöbəyə dəvət olunmuş və yığılmış 3.240 manat aliment borcun ödənilməsi ilə bağlı rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməmiş və icra sənədi üzrə olan aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan aliment borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına və şikayətlərinə səbəb olmuşdur. Borclu Şəxs alınmış izahatda o, yığılmış aliment borcundan, bu günə heç bir ödəniş edə bilməyəcəyini, 02 fevral 2023-cü il tarixdə, yəni bir günə tələbkarın xeyrinə 500 manat, ondan sonra isə hər ay 24 fevral 2024-cü il tarixdən başlayaraq ***-**** manat ödəyəcəyini bildirmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahbaz Səfərov bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 3.240 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. Şahbaz Səfərov həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkar şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, həmin məhkəmə qərarı üzrə icrata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Bu günədək heç bir ödəniş edə bilməmişdir. Hazırda tələbkara 3.240 manat borcu var və bu borcundan heç cür ödəniş edə bilmir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs icra sənədi üzrə yığılmış cəmi 3.240 manat məbləğində borcundan heç bir ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, icra sənədi üzrə yığılmış aliment borcunun məbləğini, tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-yə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(064)-86/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-86/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver