Məhkəmə qərarları › İş №3(064)-896/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-896/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-896/2024 17.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şəxs Elman oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Füzuli rayonu, Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, aili təhsilli, Füzuli rayonu, Aşağı Yağlıvənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-84/2023 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra sənədindəki tələbi Füzuli RİPŞ-nin icra məmuru Şəxs Elman oğlu tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru Şəxs Elman oğlu tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(064)-84/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 17757 manat məbləğində borc X1nın xeyrinə ödənilməlidir. İcra sənədi üzrə 06 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə tələbin yerinə yetirilməsi barədə borclu Şəxs rəsmi xəbərdarlıqlar və Elektron icra İnformasiya sistemi ilə çağırış barədə SMS göndərilməsinə baxmayaraq, o, qanuni tələbləri yerinə yetirməyərək icra sənədi üzrə olan tələbi yerinə yetirməmişdir. Bu səbəbdən də, icra sənədi üzrə olan borcu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Borcludan alınmış izahatda o, heç bir yerdə işləmədiyini, maddi imkanının olmamasını və icra sənədi üzrə olan borcu bu günədək ödəməməyinin səbəbini tələbkarın hesab nömrəsini təqdim etməməsini bəhanə etmiş, yalnız aylıq 70-150 manat ödəyəcəyini bildirmişdir. X1 Füzuli rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək adı çəkilən icra sənədi üzrə olan borcun tam şəkildə ödənilməsini, əks təqdirdə hesab nömrəsi təqdim etməyəcəyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin böyük icra məmuru Şəxs Elman oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borclu borcunu hissə-hissə ödəmək üçün bir neçə dəfə şöbəyə gələrək icra sənədi üzrə borcunu tələbkara yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclu icra şöbəsində borcundan 750 manat ödəmək imkanının olduğunu bildirsə də, bununla bağlı real hərəkət etməmiş, həmin məbləği depozitə qoyulması üçün təqdim etməmiş və ya pulu poçt vasitəsilə tələbkara göndərməmişdir. Borclu bu hərəkətləri ilə sadəcə icra sənədini icra etmək görüntüsünü yaratmaq istəmişdir. Həmçinin tələbkar da borcun hissə-hissə ödənilməsi ilə razılaşmamış, borcun ödənilməsi üçün hesab nömrəsini təqdim etməmiş, borcunu tam olaraq tələb etdiyini bildirmişdir. Qeyd olunan qətnamənin hissə-hissə icra olunması barədə məhkəmənin müvafiq qərarı olmadığından borcludan tələb olunan pul məbləği hissə-hissə icra məmuru tərəfindən qəbul edilə bilməz. Borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə 17757 manat pul borcunun tələbkar Şəxs xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunun ödənilməsi üçün ona möhlət verilməsini və borcunu hissə-hissə ödəmək üçün ona tələbkarın bank hesab nömrəsinin verilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsində göstərilən 17757 manat borcunu tam şəkildə ödəyə bilmir. Himayəsində iki azyaşlı uşağı var, onları təkbaşına böyüdür, bu səbəbdən də hazırda heç bir yerdə işləyə bilmir. Hazırda ümumi borcundan hər ay 70-150 manat ödəyə biləcəyini bildirmişdir. O, həmçinin bildirmişdir ki, sözügedən icra sənədinin icrası ilə bağlı Füzuli RİPŞ-də olmuş, 750 manat ödəyə biləcəyini bildirsə də, həmin pul ondan tələbkarın borcunu tam tələb etməsi səbəbindən qəbul edilməmişdir. O, sonradan isə 750 manat pulun hesabına uşağının təhsili üçün ilkin ödəniş etməklə kreditlə komputer almışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirmişdir ki, borclu icra sənədini hissə-hissə icra edə bilər, hazırda uşaqlarını təkbaşına böyütdüyünə görə heç bir yerdə işləmir. Borcluya imkan yaradılarsa, o, borcunu hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru Şəxs Elman oğlunun məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İcra sənədi üzrə 06 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. Borclunun məhkəmə iclasında qeyd etdiyi kimi 750 manat məbləğində pulu tələbkara təqdim etmək üçün icra şöbəsinə getməsini, tələbkarın bank hesabını bilmədiyindən həmin məbləği sonuncuya çatdıra bilməməsini məhkəmə onun icra sənədindəki tələbi icra etmək istəyinin olması görüntüsünü yaratmaq üçün edilmiş hərəkət kimi qiymətləndirir. Məhkəmə Şəxs səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını, uşaqlarını təkbaşına böyütməsini Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən Şəxs on dörd yaşına çatmamış uşağını təkbaşına böyütdüyünə görə inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmanlıq keçirməsi və on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsindən ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar