Məhkəmə qərarları › İş №3(064)-909/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-909/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-909/2024 07.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixində Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Füzuli Beynəlxalq hava limanında Təhlükəsizlik Xidmətinin Yanğından mühafizə hissəsində sürücü işləyən, məhkum olunmamış, Füzuli rayonunda qeydiyyatda olmaqla, hazırda Füzuli şəhəri, bina 3, mənzil 61-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edərkən onun əynində olan şalvarı cıraraq sonuncuya 30 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında: Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3 bildirdi ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə olan “Opel” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün avtoxuliqanlıq edərək ona qəza şəraiti yaratdığını və yolunu kəsdiyini, onun əyləşdiyi kabinə qalxıb onu boğmağa cəhd etməsi və geyim formasını dartıb cırmasını, onu nalayiq ifadələrlə təhqir etməsini göstərərək, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Daxil olmuş məlumat Füzuli Rayon Polis Şöbəsinin Növbətçi hissəsində HK-1/1167 sıra nömrəsi ilə qeydiyyata alınaraq Füzuli RPŞ TB-nin təhqiqatçısı, polis leytenantı Toğrul Əliyev tərəfindən araşdırma aparılmış və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında onun tərəfindən Şəxs barəsində AR İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, o, Füzuli şəhəri ərazisində “Northwest” şirkətinin apardığı yol-tikinti işlərində qreyder sürücüsü işləyir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Füzuli şəhəri istiqamətində idarə etdiyi “Qreyder 12 H katapiller” markalı, 1** EB *** dövlət nömrə nişanlı texnika ilə Füzuli şəhəri istiqamətində hərəkətdə olarkən “Opel” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobil yolun sol tərəfi ilə çox yavaş sürətlə hərəkət olmuş, həmin avtomobil yol vermədiyi və sağ hissəyə keçmədiyi üçün məcbur qalıb sağ hissə ilə sürəti artırıb hərəkətə davam etmiş, biraz irəlilədikdə həmin avtomobil sürəti artırıb onun qarşısını kəsmiş, sürücü avtomobildən yerə endikdə sərxoş vəziyyətdə olduğunu görüb qəza yaranmasın deyə sol tərəf ilə hərəkətə davam etmiş, ona nalayiq ifadələr işlətmiş, əhəmiyyət verməyərək yoluna davam etmiş, yenidən sağ hissəyə keçib Füzuli şəhərinə dönən dairəvi yola yaxınlaşdıqda yenidən onun yoluna çıxıb qarşısını kəsmiş, həmin şəxs avtomobildən yerə enib ona tərəf gəlmiş, kabinə qalxıb onu təhqir edərək şalvarının cibini tutub dartaraq cırmış və ona ziyan vurmuş, onu əli ilə uzaqlaşdırmış, yanında olan qara paltarlı şəxsdə onu tutub kənarlaşdırmağa çalışmış, yoldan keçən digər avtomobillər irad tutduqda ondan əl çəkmiş və o yenidən hərəkətə davam etmiş, Füzuli şəhərinə çatdıqda isə yenidən onun qarşısına keçib avtomobili arxaya verərək qarşısına keçmiş, avtomobildən yerə enərək ona qarşı nalayiq ifadələr işlədərək qreyderin kabininə qalxmış, onu vurmaq istədikdə kabini bağlamış, bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermiş, yolpatrul xidməti əməkdaşlarının gəldiyini eşitdikdə isə sərxoş olduğu üçün avtomobilinə əyləşib getmişdir. Biraz sonra polis əməkdaşları gəldikdə telefonu vasitəsilə çəkdiyi görüntüləri onlara təqdim edib avtomobil haqqında məlumat vermiş və rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş: Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tədbir görülməsi üçün qərarın surəti Füzuli Rayon Polis Şöbəsinə göndərilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə arayışının surəti əsasında müəyyən edilir ki, təhqiqat işinin icrası zərurəti ilə əlaqədar qiymətləndirilməsi istənilən pambıq materiallı, tünd göy rəngli idman geyim dəstinin şalvarının 2024-cü ilin sentyabr ayı dövrünə orta bazar qiyməti 30 manat hesablanmışdır. Təhlükəsiz Şəhər Xidmətinin Füzuli şəhəri TŞ 001 nömrəli videomüşahidə qurğusunun 3-cü kamerasının xx.xx.2024-cü il tarixdə, saat 19:15-dən 19:50-ə dək olan görüntülər əsasında müəyyən edilir ki, “Qreyder CAT 12h” markalı, 1** FB *** nömrə nişanlı avtomobilin Füzuli şəhərinə dönən dairəvi yolda təxminən 15 dəqiqəyə yaxın dayanmış, sonradan “Opel Vectra” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin Füzuli şəhərinə getmiş, “Qreyder CAT 12h” markalı, 1** FB *** nömrə nişanlı Füzuli şəhərinə tərəf gəlib məktəbə dönən yolun kənarında texnikanı saxlamış, “Opel Vectra” markalı, ** TV *** dövlət nömrə nişanlı avtomobilin yenidən geri qayıdıb əks istiqamətli hərəkət yoluna çıxıb geri dönmə manevri etdikdən sonra arxa-arxaya verib texnikaya yaxınlaşmış, Şəxs avtomobildən yerə enib texnikaya tərəf getmiş, X1 onun arxasınca getmiş, təxminən 5 dəqiqə sonra yenidən avtomobilə geri qayıdıb hərəkətinə davam etmişdir. Həmin vaxt işıq əks etmələri səbəbi ilə texnikanın yanındaa nə baş verdiyini görmək mümkün olmamışdır. Füzuli Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı Füzuli rayon prokuroru Ramiz Əliyevin 06 noyabr 2024-cü il tarixli qərarı ilə ləğv edilərək materiallar araşdırılması üçün Füzuli Rayon Polis Şöbəsinə qaytarılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş materiallarından müəyyən olunur ki, Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı Füzuli rayon prokuroru Ramiz Əliyevin 06 noyabr 2024-cü il tarixli qərarı ilə ləğv edilərək material araşdırılması üçün Füzuli Rayon Polis Şöbəsinə qaytarılmışdır. Göründüyü kimi, Məhkəmənin icraatında olan materiallarla bağlı ibtidai istintaq orqanında araşdırma aparılmaqdadır. Belə olan halda Məhkəmə hesab edir ki, inzibati xətalar haqqında işlər üzrə icraat xitam verilməli və inzibati xəta haqqında material araşdırılması üçün Füzuli Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə balanmış inzibati xəta haqqında işlər üzrə icraat xitam verilsin və inzibati xəta haqqında material araşdırılması üçün Füzuli Rayon Polis Şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar