Məhkəmə qərarları › İş №3(064)-91/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-91/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-91/2024 06.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs və vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli şəhəri, R.Əliyev küçəsi ev 1-də qeydiyyatda olmaqla, Saatlı şəhəri, H.Əliyev prospekti 11, bina 290, mənzil 23-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Füzuli rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə müəyyən edilmişdir ki, Saatlı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(055)-3 81/2021 saylı icra vərəqəsinə əsasən 11 noyabr 2006-cı ildə doğulmuş Xuraman və 10 noyabr 2008-ci ildə doğulmuş Gülşən adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün borclu Şəxs hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment 01 mart 2021-ci il tarixdən alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməli və borclu Şəxs məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 10 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra vərəqəsi üzrə 10 mart 2021-ci il tarixdə Füzuli rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra vərəqəsinin icrası ilə əlaqədar borclu Şəxs istifadəsində olan (050) ***-**-** nömrəli telefonla onunla əlaqə saxlanılaraq, məhkəmə qətnaməsinin tələbləri ona izah olunmuş və yaranmış aliment borcunun ödənilməsi üçün Füzuli rayon İcra və Probasiya Şöbəsinə çağırılmışdır. Borclu Şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinə gələcəyini bildirsə də, şöbəyə gəlməmişdir. Ona görə də 07 və 08 fevral 2023-cü il tarixlərdə borclunun qeyd olunan mobil telefonuna iki dəfə elektron “sms bildiriş”lər göndərilərək, yenidən şöbəyə çağırılmış lakin borclu Füzuli rayon İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Sonradan borclu Şəxs yeri məlum olmadığından, icra vərəqəsinin icrasının təmin edilməsi üçün onun axtarılması barədə 09 fevral 2023-cü il tarixdə qərar verilərək, qərar icra olunması üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş və borclu barəsində 02 mart 2023-cü il tarixdə 760285 nömrəli axtarış işi açılmışdır. Borclu Şəxs icra vərəqəsi üzrə 01 mart 2021-ci il tarixdən 01 fevral 2024-cü il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 7.000 manat aliment borcu yaranmışdır.Borclu Şəxs 06 fevral 2024-cü il tarixdə Füzuli rayon Polis Şöbəsi tərəfindən tapılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş, ondan alınmış izahatda icra vərəqəsi üzrə yaranmış cəmi 7.000 manat aliment borcundan tələbkar Zərərçəkmiş şəxs xeyrinə heç bir pul məbləği ödəyə bilməyəcəyini göstərmişdir. Bu səbəbdən də, məhkəmə qətnaməsinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında: Füzuli rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Həkimi Atakişiyev bildirdi ki, borclu Şəxs tərəfindən məhkəmənin icra sənədi icra olunmamışdır. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu hazırda cəmi 7.000 manat təşkil edir. Onun tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu onun tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs əməlində AR İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxır. H.Atakişiyev həmçinin bildirdi ki, hazırda icra sənədi üzrə tələbkar şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs bildirdi ki, həmin məhkəmə qərarı üzrə icrata başlamaq haqqında qərar və tələbin könüllü olaraq icra edilməsi barədə xəbərdarlıq bildirişini almışdır. Bu günədək heç bir ödəniş edə bilməmişdir. Hazırda tələbkara 7.000 manat borcu var və bu borcundan heç bir ödəniş edə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə borclu Şəxs vəkili Vəkil bildirdi ki, borcluya vaxt verilsə borcundan ödəniş edəcəkdir. İnzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlaklar, eləcə də gəlir və sair qazanclar aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, borclu Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərkən onun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlara baxmayaraq borclu Şəxs icra sənədi üzrə yığılmış cəmi 7.000 manat məbləğində borcundan heç bir ödəniş aparmadığına görə hələ də qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, Şəxs barəsində sanksiyada nəzərdə tutulmuş ağır tənbeh tədbiri olan inzibati həbsin tətbiq olunması onun şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını, tələbkarın şikayətçi olmasını və işin digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh növünün tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq, qərar verdi: İcra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli rayon PŞ-nə və Beyləqan rayon PŞ MSY-ə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar