Məhkəmə qərarları › İş №3(064)-911/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-911/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-911/2024 28.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan–Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2, zərərçəkmiş X3 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Füzuli rayonu, Aşağı Güzlək kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Füzuli rayonu, Aşağı Güzlək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Füzuli RİPŞ-nin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)- 1767/2023 saylı verilmiş icra sənədi üzrə yaranmış 3050 manat borcunu üzrsüz səbəbdən ödəmədiyi göstərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Füzuli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(064)-1767/202023 saylı icra sənədinə əsasən borclu Şəxs 3050 manat pul tələbkar X3 xeyrinə ödənilməlidir.İcra sənədi üzrə 26 yanvar 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar poçt vasitəsilə məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs ünvanına göndərilmiş sonradan isə borclu Şəxs rəsmən təqdim edilmişdir. Borclunun bu günə 1700 manat qalıq borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, çağırışa gəlməmiş və qətnamə üzrə borcunu ödəməmişdir. Borclunun qalıq borcu ödəməməsi tələbkarın haqlı narazılıq və şikayətlərinə səbəb olmuşdur. Sonradan borclunun yeri məlum olmadığından onun barəsində 28 avqust 2024-cü il tarixdə axtarış qərarı verilmiş və qərar icra edilməsi üçün Füzuli rayon Polis Şöbəsinə göndərilmiş, 25 oktyabr 2024-cü il tarixdə borclu Şəxs Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təhvil verilmişdir.Borclu Şəxs alınmış izahatda ümumi məbləğdən 1350 manat ödədiyini, bu günə 150 manat ödəyə bildiyini qalan hissəsini isə aylıq 150 manat olmaqlq hissə-hissə ödəyəcəyini bildirmişdir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs izahatında qeyd etmişdir ki, o, icra sənədi üzrə ümumi məbləğdən 1350 manat ödəmiş, borcun qalan hissəsini isə aylıq 150 manat olmaqla hissə-hissə ödəyəcək. Borclu bu gün 150 manat məbləğində pulu tələbkara ödəmək üçün gətirmişdir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi ilə tanış olduğunu və icra məmuru tərəfindən ona rəsmi bildirişlərin verildiyini bildirmişdir. İcra sənədi üzrə borcunu birdəfəlik ödəyə bilməməsini maddi imkanının olmaması ilə əlaqələndirmiş, lakin hazırda tələbkarın xeyrinə 150 manat ödəyə biləcəyini, qalıq borcunu isə hər ay 150 manat olmaqla ödəyəcəyini bildirmişdir. O, məhkəmə iclasında icra sənədi üzrə 150 manat pulu icra məmuru vasitəsilə tələbkara təqdim etmişdir. Qeyd olunanlara əsasən hazırki inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X5 bildirmişdir ki, müdafiə etdiyi şəxs hazırda borcundan ödəniş edir. Vaxt verilsə hər ay 150 manat olmaqla borcunu ödəyəcəkdir. Ona görə də inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu Şəxs ona hər ay borcundan 400 manat ödəniş etməsinə razıdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə bu baxımdan, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında Füzuli RİPŞ-nin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında Füzuli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(064)-1767/202023 saylı icra sənədinin məzmunu, edilmiş icra hərəkətləri və onların nəticəsi barədə göstərdiyi halların iş materiallarında eyni məzmunda öz əksini tapdığını müəyyən edir, buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərildiyi kimi icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və ya yalnız bütün imkanlar tükəndikdən sonra təsir tədbirlərindən istifadə etməlidirlər. Hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Lakin işin hallarından göründüyü kimi, tərəflər öz aralarında borcun ödənilməsi ilə bağlı razılığa gəliblər. Borclu ödəməni həyata keçirə bilməməsini maddi imkanının olmaması ilə əsaslandırmış və gələcəkdə borcunu ödəmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iş üzrə Şəxs Füzuli Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 2(064)-1767/202023 saylı icra sənədi üzrə yaranmış borcunu tam ödəməməsinin üzrsüz səbəbdən olub-olmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, Füzuli RİPŞ-nin icra məmuru X4, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdikləri izahatlar əsasında, həmçinin müəyyən etmişdir ki, göstərilən icra sənədi üzrə borclu tələbkara yaranmış 1700 manat hissəsini 150 manatını hazırda, qalan borcunu isə hər ay 400 manat olmaqla hissə-hissə ödəyəcəyini bildirmiş, aparılmış icra tədbirləri nəticəsində borclunun adına daşınar və daşınmaz əmlak aşkar olunmamışdır. Eyni zamanda hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində icra sənədləri üzrə tələbin icrasından üzürsüz və qərəzli olaraq yayınması halları olmamışdır. Belə ki, işin hallarından müəyyən edilir ki, əvvəllər icra sənədi üzrə borclu hər ay 150 manat ödəmiş və ya natura şəklində borcundan çıxılmaq şərtilə tələbkara dənli bitkilər vermişdir. Sonuncu hal məhkəmə iclasında həm icra məmurunun, həm də tələbkarın izahatları ilə də təsdiq olunmuşdur. Hazırda isə Şəxs tərəfindən icra sənədi üzrə 150 manat ödənilmişdir. Azərbaycan Respublikası İXM-in: -8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. -53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -114.2.1-ci maddəsinə əsassən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.” Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, məhkəmə hesab edir ki, hazırki halda Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi halı mövcud deyil. Buna görə də həmin hal iş materialları ilə sübut edilmir. Bu səbəbdən həmin halın mövcud olması barədə şübhələr olsa belə, Şəxs xeyrinə həll edilməlidir. Beləliklə, iş materialları əsasında belə nəticəyə gəlinir ki, Şəxs göstərilən icra sənədi üzrə yaranmış borcunu üzrsüz səbəbdən deyil, maddi vəziyyətinin zəif olması səbəbindən tam ödəyə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, ödənişləri mütəmadi həyata keçirə bilməsə də, hissə-hissə borcunu tələbkara qaytarmışdır. Qeyd olunanlara əsasən onun əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmədiyindən, onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, tərəflər arasında icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı razılıq əldə edildiyindən və icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, həmçinin məhkəmə iclasında borclu tərəfindən icra sənədi üzrə 150 manat ödənildiyindən, inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar