Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-912/2024 28.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİPŞ) daxil olmuş 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs (bundan sonra - borclu) İmişli Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(036)-031/2019 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 18 aprel 2019-cu il tarixli icra sənədi (bundan sonra – həmin icra sənədi) üzrə tələbkar Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) 4646 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməməklə, həmin icra sənədindəki tələbi icra məmuru tərəfindən lazımi qaydada xəbərdarlıq etməsinə baxmayaraq, üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X3 tərəfindən borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin böyük icra məmuru X3 verdiyi izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2(036)-031/2019 nömrəli icra sənədinə əsasən borcludan 25 avqust 2011-ci il təvəllüdlü X4 və 21 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 08 avqust 2018ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub tələbkara ödənilməlidir. O, həmin icra sənədi üzrə 06 may 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş, qərarın surəti və tələbin könüllü icrası haqqında bildirişi borclunun yaşadığı ünvana göndərmişdir. Borclu aliment borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli 3(064)- 212/2019 və 12 oktyabr 2021-ci il tarixli, 3(064)-456/2021 nömrəli qərarları ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müvafiq olaraq 10 və 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra borclu aliment borcundan tələbkara sonuncu dəfə 2024-cü ilin may ayında ödəniş etmişdir. Hazırda borclunun tələbkara olan aliment borcu cəmi 4646 manat təşkil edir. Borcluya həmin icra sənədini icra etməli olması ilə bağlı Füzuli RİPŞ-yə dəvət edildiyi barədə SMS bildiriş göndərsə də, borclu üzrlü səbəb olmadan Füzuli RİPŞyə gəlməmişdir. Buna görə də 28 avqust 2024-cü il tarixdə borclu müvafiq qərar əsasında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Borclunun aliment borcunu ödəməməsi tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Tələbkar borcludan aliment borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Göstərdiklərinə əsasən borclu onun həmin icra sənədinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 28 oktyabr 2024-cü il tarixdə borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Hər gün günəmuzd fəhlə işləməklə təxminən 30 manat məbləğində pul qazansa da, iş üzrə tələbkara olan cəmi 4646 manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun çağırışı ilə Füzuli RİPŞ-yə gəlməmişdir. Hazırki vəziyyətdə həmin aliment borcundan ödəniş edə bilmir. 28 oktyabr 2024-cü il tarixdə polis əməkdaşları onu Bakı şəhərində fəhlə işlədiyi yerdə saxlamışlar. Buna görə də iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də işin faktiki hallarının yuxarıda göstərilmiş məzmunda olduğunu müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun Füzuli Rayon Məhkəməsinin 22 avqust 2019 və 12 oktyabr 2021-ci il tarixli qərarları ilə iş üzrə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə görə barəsində müvafiq olaraq 10 və 15 gün müddətə inzibati həbs edilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 30 (otuz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarix, saat 15:50-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Ağcabədi Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(064)-912/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-912/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver