Məhkəmə qərarları › İş №3(064)-949/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-949/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-949/2024 25.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Füzuli rayonu, Alıxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli orta təhsilli, "xxxx"ASC-də mühafizəçi işləyən, Füzuli rayonu, Alıxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 398-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı AR Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında icraat materialına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: CTKİİ-nin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs 2023-cü ilin avqust ayında Füzuli rayonu ərazisində tanışı Şahid1 faizə 3000 manat borc pul verərək qanunsuz olaraq 1200 manat məbləğində faizə hesablanmış pul qazanmış, bununla da, AZ İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma inzibati xətasını törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahat verərək bildirmişdir ki, o, heç kimə faizə pul verməmişdir. 2023-cü ilin avqust ayında Füzuli rayonu, Mahmudlu-2 kəndində yaşayan qohumu Şahid2 evinə getmişdir. Orada Şahid1 ilə tanış olmuş və ehtiyacı olduğu üçün ona Şahid2 yanında 10 gün müddətinə qaytarmaq şərti ilə 3000 manat məbləğində pulu borc vermişdir. 2023-cü ilin oktyabr ayında Şahid1 borcunun 1000 manat hissəsini geri qaytarmış, yerdə qalan 2000 manat borcunu isə maddi imkanının zəif olması səbəbilə qaytara bilmədiyini bildirmişdir. Hazırda Şahid1 ona cəmi 2000 manat məbləğində borcu qalmışdır. Şahid1 faizə pul verməmişdir. Səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Şahid1 şahid qismində ifadə verərək bildirmişdir ki, oğlu K.Həmidovun müalicəsi üçün ona pul lazım olub. Şahid2 evində onun vasitəsilə tanıdığı Şəxs 3 ay ərzində ödəmək şərti ilə 3000 manat borc pul alıb, həmin pula görə 2 dəfə 600 manat olmaqla cəmi 1200 manat faiz ödəmişdir. Borcundan 1000 manat pulu isə Şəxs oğlu Elvinin bank hesab kartına ödəyib. Şahid1 həmçinin onu da dəqiqliklə bildirdi ki, 1200 manat faiz pulunu Şəxs oğlu Elvinin bank kartı hesabına ödədiyi 1000 manatdan əvvəl Şəxs ödəyib. Hazırda sonuncuya cəmi 2000 manat borcu qalıb. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən Şahid2 şahid qismində ifadə verərək bildirmişdir ki, Şahid1yla bir yerdə işləmişlər və rəfiqədirlər. 2023-cü ilin avqust ayında uzaq qohumu Şəxs 3 ay müddətə qaytarmaq şərti ilə rəfiqəsi Şahid1 3000 manat borc pul verib. Pulun faizlə verilməsi ilə bağlı isə bildirmişdir ki, eşitdiyinə görə aralarında faizlə bağlı razılaşma olub. Sonradan rəfiqəsi Şahid1 ona bildirib ki, borcundan cəmi Şəxs 1000 manat ödəyib, lakin 1200 manat faiz ödəməsilə bağlı heç bir söz deməmişdir. Məhkəmə iş materiallarını və şahid ifadələrini araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şahid1 məxsus xx.xx.2023-cü il tarixli öz imzası ilə təsdiqlədiyi əlyazma əsasında müəyyən edilir ki, E.Səfvərova Şəxs 3000 manat borc pul almış, borcunu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüş, əks təqdirdə borcun maaş kartından çıxılmasına razılıq verdiyini bildirmişdir. Həmin əlyazmada pulun faizlə verilməsini təsdiq edən hər hansı iradə ifadəsinin yazıldığı müəyyən olunmamışdır. Bundan başqa, Şahid1 ifadəsində bildirmişdir ki, 1200 manat faiz pulunu Şəxs oğlu Elvinin bank hesab kartına ödədiyi 1000 manatdan əvvəl Şəxs ödəyib. Şahid2 isə ifadə verərək bildirmişdir ki, Şahid1 Şəxs borcundan cəmi 1000 manat ödəyini ona bildirib, 1200 manat faiz ödəməsilə bağlı ona heç bir söz deməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, şahidlərin verdiyi ifadələr arasında ziddiyyət olduğundan, Şahid1 Şəxs 1200 manat faiz verməsi barədə ifadəsi mötəbər sübut kimi qəbul oluna bilməz. Yəni Şahid2 verdiyi ifadə Şahid1 verdiyi ifadəni tam olaraq təkzib edir. Göstərilənlərdən aydın olur ki, Şəxs Şahid1 faizə 3000 manat borc pul verərək qanunsuz olaraq 1200 manat məbləğində faizə hesablanmış pul qazanması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.2, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeydinə əsasən İXM-nin 398, 401.1, 401.2, 402, 406-409, 411-413, 415, 428.1 və 438-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İş materialları əsasında Məhkəmə müəyyən edir ki, Şahid1 Şəxs cəmi 3000 manat borc pul alıb və borcunu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürüb. Qeyd edilənlər Şahid1 məxsus xx.xx.2023-cü il tarixli əlyazma ilə öz təsdiqini tapır. Bununla yanaşı götürülmüş 3000 manat əsas borca görə 600 manat əlavə və hər ya (3 ay ərzində) 600 manat faiz borcunun Şəxs tərəfindən tələb edilməsini təsdiq edən hər hansısa mötəbər sübut iş materiallarına əlavə edilməyib. Belə olan halda Şəxs qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmır və beləliklə, İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmır. Belə olduğu təqdirdə Məhkəmə hesab edir ki, əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar