Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-954/2024 22.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Mənzil İstismar İdarəsində işləyən, Füzuli rayonu, Horadiz şəhərində kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə Füzuli rayonu, Mollaməhərrəmli kəndi ərazisində Füzuli RPŞ-nin MSY-nin xüsusi təyinatlı avtomobilinin hərəkətinə maneçilik törədərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Buna görə də Füzuli RPŞ-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RPŞ-nin polis sahə rəisi X4 21 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iş yoldaşları Tərlan və Zülfiqarla Füzuli rayonu, Babı kəndi ərazisində görüşərək birlikdə spirtli içki qəbul ediblər. Daha sonra birlikdə Horadiz şəhərinə getmək qərarına gəliblər. Füzuli rayonu, Babı kəndi ərazisindən Horadiz şəhərinə doğru piyada hərəkət edən zaman xüsusi təyinatlı polis avtomobili onlara siqnal verərək irəli keçib, qarşıda avtomobili saxlayaraq geri qayıdıb və onlara yolun kənarı ilə getməyi bildirərək etdikləri əməlin qanunsuz olduğunu söyləməklə irad bildirib. Bu səbəbdən polis əməkdaşları ilə aralarında mübahisə yaranıb. Mübahisə təxminən 10 dəqiqə davam edib və daha sonra polis əməkdaşları onları şöbəyə dəvət edib. Törətdiyi həmin əməlindən səmimi peşimandır. Polis əməkdaşlarından üzr istəyir. Göstərdiklərinə əsasən barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli RPŞ-nin PPXB-nin əməkdaşı X3 izahatında işin müvafiq halları barədə X4 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş: - 21 noyabr 2024-cü il tarixli, 716 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nda göstərilmişdir ki, həmin tarixdə müayinə zamanı Şəxs sərxoş olması müəyyən edilmişdir. - 21 noyabr 2024-cü il tarixli, AZA 021133 nömrəli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs iş üzrə 21 noyabr 2024-cü il tarixdə saat 22:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in: - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməlləri törətməsi: - məhkəmə iclasında və Füzuli RPŞ-də aparılmış araşdırma zamanı özünün verdiyi etirafedici izahatı, şahid qismində dindirilmiş X1 verdiyi izahatı, iş materiallarında olan 21 noyabr 2024-cü il tarixli, 716 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXM-in müvafiq olaraq 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-in: - 34.3-cü maddəsinə əsasən bir şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda eyni orqan tərəfindən baxıldıqda, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. - 43-cü maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxdığına, inzibati tənbeh növləri olan inzibati həbs və cərimə 535-ci maddənin sanksiyasında müvafiq olaraq bir ayadək müddətə və iki yüz manat məbləğində, 510-cu maddənin sanksiyasında isə müvafiq olaraq on beş günədək müddətə və əlli manatdan yüz manatadək məbləğində nəzərdə tutulduğuna, beləliklə də, 535-ci maddədə nəzərdə tutulmuş inzibati xəta 510-cu maddədə nəzərdə tutulmuş inzibati xətadan daha ciddi olduğuna görə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə, təqsirini etiraf etməsini həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal, həmin əməlləri sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, səmimi peşmançılığ, təqsirini etiraf etməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olmasını, həmin əməli sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 34.3-cü maddəsi tətbiq edilməklə, 535.1-ci maddəsi ilə onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə hesab edir ki, Şəxs 21 noyabr 2024-cü il tarixdə saat 22:20-də inzibati qaydada tutulduğu müəyyən edildiyinə görə onun 22 noyabr 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınmalı və ona təyin edilmiş inzibati cərimə tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri saxlanılmalı və o, dərhal məhkəmə iclasında inzibati qaydada tutulmadan azad olunmalıdır. Məhkəmə şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-in 31-33, 106-115ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə Şəxs barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs iş üzrə 21 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək inzibati qaydada tutulduğu cəmi 1 (bir) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş cərimə inzibati tənbeh tədbiri yüngülləşdirilməklə, üzərində qəti olaraq 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri saxlansın. Şəxs məhkəmə iclasında inzibati qaydada tutulmadan dərhal azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(064)-954/2024
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-954/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver