Məhkəmə qərarları › İş №3(064)-955/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-955/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-955/2025 14.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əliyev Taleh Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan, Füzuli rayonu, Zobucuq-3 qəsəbəsi, ev 348-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Füzuli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək göstərdi ki, təxminən 2 ildir ki, “Tik-tok” sosial şəbəkəsindən istifadə edir. 3-4 ay əvvəl “Tik-tok” sosial şəbəkəsində canlı yayım açmışdır. Canlı yayımda olan zaman “cənab” adlı “Tik-tok” sosial şəbəkəsi istifadəçi canlı yayımın altından ona qarşı təhqiredici sözlər yazmış və onu ünvanına nəlayiq söyüşlər söymüşdür. Bu səbəbdən o da, “cənab” adlı istifadəçininin ünvanına nəlayiq söyüşlər söymüşdür. Əməlindən peşimandır. Himayəsində 4 övladının olmasını nəzərəzə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab verərərək qeyd etdi ki, nə özünün nə övladlarının əlilliyi yoxdur. İş materiallarında olan: - video diskdən görünür ki, Şəxs “Tik-tok” sosial şəbəkəsində canlı yayım açmış, canlı yayım zamanı “cənab” adlı “Tik-tok” sosial şəbəkəsi istifadəçisinin ünvanına nəlayiq ifadələr və sözlər işlətmişdir. -“Tik-tok” sosial şəbəkəsində Şəxs tərəfindən açılmış canlı yayımın telefon vasitəsilə skrin edilmiş şəklinin surətindən görünür ki, hadisə 26 sentyabr 2025-ci il tarixdə baş vermişdir. - AZEMİS-dən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 adlı övladları vardır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi inzibati xətanı törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmişdir. - ictimai qaydanın pozulması ilə nəticələndiyinə görə Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 04 (dörd) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, onun barəsində 04 (dörd) gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal həbsə alınsın. Həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar