Məhkəmə qərarları › İş №3(064)-965/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-965/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-965/2025 21.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlu katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan– Füzuli Rayon Prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi, ev 124-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında iş üzrə icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Füzuli Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanma haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli Rayon Prokurorluğunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X15 bildirdi ki, Şəxs 27 oktyabr 2025-ci il tarixdə, saat 01 radələrində Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində yerləşən çay evində X2 qarşı nalayiq ifadələr işlədərək öz hərəkətləri fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməməklə ictimai qaydanı pozmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Odur ki, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək verdiyi izahatında bildirdi ki, göstərilən ünvanda ailəsi ilə bir yerdə yaşayır. xx.xx.2025-ci 00 radələrində Füzuli rayon 4 Saylı Zobucuq qəsəbəsində yerləşən ona məxsus çay evində olarkən həmin çay evində əyləşmiş Niyaməddin və Rövşən adlı şəxslərin sərxoş halda uca səslə danışmaqla orada əyləşən insanları narahat etdiyi üçün onlara bu hərəkətləri etməmələri barədə xəbərdarlıq etmiş, əks təqdirdə çay evindən getmələrini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları ora gəlmişdir. Bu zaman o, heç bir şəkildə polis əməkdaşlarına etiraz bildirməmiş, nalayiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə tanışım Rövşən Namazəliyevlə birgə Füzuli rayon 4 Saylı Zobucuq qəsəbəsində yerləşən çay evinə getdik, orda hər ikimiz pivə içdik. Rövşənlə sərxoş olduğu üçün səbəbini xatırlamadığı məsələyə görə uca səslə mübahisə etməyə başlamış. Elburus onun qonşusu və ağsaqqalı olduğunu bildirdi. Elburus onlara deyib ki, burada səs-küy salmayın, o, isə deyib ki, Rövşən mənim dostumdur onunla mübahisəm öz aramızdadır. Bu zaman Elburus ondan çay evindən çıxmasını istəmişdir. Həmin vaxtı Elburus onu itələməmiş və ona söyüş söyməmişdir. Bir qədər sonra iki nəfər polis əməkdaşı ora gəldi və onu polis şöbəsinə dəvət etdilər. İş materiallarında olan: Füzuli RPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X8 izahatında bildirib ki, xx.xx.2025-ci il tarixdə, 00 radələrində həmkarı PPXB-nün, polis serjar X12 ilə Füzuli rayon Zobucuq qəsəbələrində xidmətdə idi. Füzuli rayon 4 Saylı Zobucuq qəsəbəsində olarkən yaxınlıqdakı çay evindən səs-kı gəldiyini görüb yaxınlaşblar. Bu zaman görüblər ki, Füzuli ratyon 4 Saylı Zobucuq qəsəbə sakini X4 digər şəxs olan Elburus adlı şəxslə mübahisə edir və hər ikisi nalayiq ifadə işlədərək bir-birinin üzərinə gedir. O və Coşqun dərhal ora yaxınlaşıblar. Niyaməddin və Elburusa nalayiq ifadə işlətməmələrini tələb ebiblər. Lakin Elburus adlı şəxs onların tələbinə uyğun olaraq nalayiq ifadə işlətməyi dayandırsa da, N.İsmayılov söyüş söyməyə davam edib, nəticədə ətrafda olan təxminən 5-6 nəfər şəxsin diqqəti ora cəmləşib. Onlar belə olan halda, X10 RPŞ-nə dəvət etmişlər, həmin vaxt yaxınlıqda olan Rövşən Namazəliyev ora gəlib Niyaməddinin dostu olduğunu bildirmiş, sonuncunu polis şöbəsinə dəvət etmələrinə mane olmuş, sərxoş vəziyyətdə deyib ki, Niyaməddin heç yerə getməyəcək. O və X13 və Rövşənin söyüş söyməyə və uca səslə danışmağa davam edərək ictimai asayişi pozduqlarını görüb onları polis şöbəsinə gətiriblər. Füzuli RPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X12 izahatından müəyyən olunur ki, X6 izahatına uyğun izahat vermişdir. X5 izahatında göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində tanışım Niyaməddin İsmayılovla birgə Füzuli rayon 4 Saylı Zobucuq qəsəbəsində yerləşən çay evinə getdik, orda hər ikimiz pivə içdik. xx.xx.2025-ci il tarixdə, saat 00 radələrində Niyaməddin aramızda, sərxoş mübahisə oldu. Mübahisəyə səbəb artıq sərxoş olduğumuzu gördüyüm üçün Niyaməddinə evimizə getmək lazım olduğunu dediyim üçün idi. Niyaməddin isə getməməkdə təkid edirdi. Nəticədə aramızda sözlə mübahisə yarandı və uca səslə danışmağa başladıq. Digər masada əyləşən Elburus adlı şəxs bizə dedi ki, çay evini mənə tapşırıblar bura mənimdir, bura da səs-küy salmayın, mən dedim ki Niyaməddin mənim dostumdur onunla mübahisəm öz aramızdadır. Bu zaman Elburus Niyaməddinə yaxınlaşıb əli ilə sinəsindən itələdi və dedi ki, get evinə. Bir qədər sonra iki nəfər polis əməkdaşı ora gəldi. Və məni və Niyaməddini polis şöbəsinə dəvət etdilər. Biz isə dedik ki, dost-yoldaş arasında olan anlaşmazlıqdır, ciddi bir səbəb yoxdur. Sərxoş olduğumuz üçün təkid etdik ki, polis şöbəsinə dəvət edilməyimiz əsassızdır. Mən dedim ki, əgər Niyaməddini şöbəyə aparacaqsızsa mən də onunla gedəcəm. Sual: Çay evində Elburus sizə nə üçün irad tutdu ? Cavab: Dostum Niyaməddinlə aramızda olan mübahisə zamanı uca səslə danışdığımız üçün Elbrus bizə irad tutdu. Sual: Çay evində başqa kimlər var idi? Cavab Elburus adlı şəxsdən başqa tanımadığım iki nəfər Sual: Mübahisə zamanı hər hansısa nalayiq ifadə işlətmisinizmi? Cavab Mübahisə zamanı uca səslə danışsam da, nalayiq ifadə işlətməmişəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, şahid X1 ifadəsini və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədildikdə yaranır. Ümumiyyətlə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ictimai qaydanı pozmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclası zamanı Şəxs xırda xuliqanlıq etməsi öz təsdiqini tapmamışdır. Həmin xüsusatları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. İş materialları əsasında müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan X3 intizama dəvət etmiş və həmin vaxtı Şəxs tərəfindən ictimai qaydanı pozan hər hansı hərəkətə yol verilməmişdir. Polis əməkdaşları izahatlarında Şəxs X3 itələyərək nalayiq sözlər deməsini bildirsələr də, hadisənin birbaşa şahidi olan X4 və X7 bu halları təkzib edərək həmin halların baş vermədiyini bildirdilər. Göründüyü kimi Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda sadalanan dəlillərə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığına əsasən inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1, 53, 105ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar