Məhkəmə qərarları › İş №3(064)-966/2025

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-966/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-966/2025 25.11.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun vəkili Nümayəndə iştirakları ilə xx.xx.1981-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(064)-1667/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X2 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X5 tərəfindən X3 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən: Füzuli RİPŞ-nin icra məmuru X5 verdiyi izahatında bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(005)-4938/2011 nömrəli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci ildən başlayaraq hər ay cəmi 80 manat sabit pul məbləğində aliment tələbkar Mahmudova (Əfəndizadə) Rəhimə Əfqan qızının xeyrinə tutulmalıdır. İcra vərəqəsi üzrə xx.xx.2012-ci il tarixdə Füzuli Rayon İcra və Probasiya Şöbəsində müvafiq qaydada icraata başlanılmışdır. Aylıq aliment ödənişlərini yerinə yetirsə də, borclu Şəxs qeyd edilən icra vərəqəsi üzrə tələbkara 12970 manat ödənilməmiş qalıq borcu qalmışdır. Borclu Şəxs icra sənədi üzrə tələbkar Mahmudova (Əfəndizadə) Rəhimə Əfqan qızına cəmi 3550 (üç min beş yüz əlli) manat aliment ödəmişdir. Şəxs hazırda aliment borcundan tələbkar Mahmudova (Əfəndizadə) Rəhimə Əfqan qızının xeyrinə 500 (beş yüz) manat ödəyə biləcəyini bildirdi. İcra sənədinə əsasən yaranmış aliment borcunu tam ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Beləliklə, borclu onun iş üzrə icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə Borclu izahat verərək bildirdi ki, tələbkarla boşansalar da uşaqlarına görə münasibətləri hələ də davam edir. Aliment təyin olunan gündən bu günədək alimenti ödəyib. Lakin bu ödənişlərin bir qismini tələbkarın bank hesabına ödəsə də, digər bir qismini bazarlıq etməklə və əlbə-əl şəkildə ödəmişdir. Əks təqdirdə 14 il müddətin tələbkar alimentin ödənilməməsilə bağlı icra məmuruna şikayət edərdi. Son vaxtlar uşaqlarla ünsiyyətlə bağlı tələbkarla aramızda mübahisə yarandığından alimentin ödənilmədiyindən şikayət edir. Buna görə də son bir aydır ki, aliment olaraq tələbkara 3000 manat ödəmişdir. Hal-hazırda isə 500 manat aliment borcundan ödəniş edə bildiyini, qalan borcları isə tez bir zamanda ödəyəcəyinə söz verdiyini bildirdi. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Nümayəndə borclunun əməlində inzibati xəta tərkibi olmadığını bildirirək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(005)- 4938/2011 saylı icra vərəqəsi əsasında müəyyən edilir ki, Şəxs xx.xx.2011-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Mahmudova (Əfəndizadə) Rəhimə Əfqan qızının xeyrinə ödənilməlidir. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2012-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, icra vərəqəsi üzrə icraata başlanılıb və borclu icraata başlama haqqında qərarla tanış olub. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı yaranmış 12890 manat aliment borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. - Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı yaranmış 12890 manat aliment borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada təkrarən xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. - Borclu Füzuli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli inzibati məsuliyyət cəlb olunma ilə bağlı xəbərdar olunmuşdur - Borclunun xx.xx.2025-ci il tarixli izahatı əsasında müəyyən edilir ki, o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(005)-4938/2011 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən qətnamənin qüvvəyə mindiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin tələbkar Mahmudova (Əfəndizadə) Rəhimə Əfqan qızının xeyrinə ödəməli olduğunu qəbul edir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə Borclunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləki, Borclu icra sənədi üzrə borcunu qismən də olsa ödəməyə maddi imkanı olduğu halda ödəməmiş, beləliklə də icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Borclu həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı, İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin sair digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar