Məhkəmə qərarları › İş №3(064)-969/2024

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(064)-969/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(064)-969/2024 27.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X4, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Füzuli Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən (bundan sonra – Füzuli RPŞ) daxil olmuş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs 15 iyun 2024-cü il tarixdə X1 ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlindəki alətlə sonuncunun baş nahiyəsinə vurması nəticəsində ona təpə nahiyəsində qançırdan ibarət, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan olan Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən hazırki işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin səbəblərini əsaslandıra bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında o, 15 iyun 2024-cü il tarixdə X1 ilə mübahisə etmədiyi, sonuncuya zərbə vurmadığı və xəsarət yetirmədiyini, həmin gün yas mərasimində olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli qərarda göstərilmişdir ki, Füzuli RPŞ-də araşdırılması aparılmış HK-1/744-24 nömrəli material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün həmin qərarın surəti Füzuli RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Məhkəmə hazırki işə məhkəmədə baxılması üçün prosessual əsasın olubolmamasına hüquqi qiymət verilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. “Azərbaycan Respublikası İXM-in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5 və 5.1-ci maddələrinə əsasən Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən, həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik normalarının məzmununa əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti rayon (şəhər) məhkəmələri ilə yanaşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddə üzrə inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə aid olduğuna, həmin maddənin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, iki ay müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulduğuna və inzibati həbs tətbiq etmək səlahiyyəti yalnız məhkəməyə aid olduğuna görə iş üzrə səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmaq vəzifəsinə əməl etməli idi. Yalnız bu halda hazırki işə məhkəmədə baxılmalı idi. Lakin iş materiallarından görünür ki, səlahiyyətli orqan olan Füzuli RPŞ Şəxs barəsində başladığı inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qəbul etdiyi “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardadında Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun olaraq, sonuncu barəsində həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimədən daha ağır inzibati tənbeh olan inzibati həbsin tətbiqi üçün əsasların olması qənaətinə gəlməsinin səbəblərini inzibati xətanın xarakteri, Şəxs şəxsiyyəti, onun təqsirinin dərəcəsi və məsuliyyətini ağırlaşdıran hallara istinad etməklə əsaslandırmamış, beləliklə də, işin baxılmaq üçün məhkəməyə göndərilməsi üçün Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə əməl etməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki,: - inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Füzuli RPŞ-nin nümayəndəsi - polis sahə rəisi, polis leytenantı X2 da məhkəmə iclasında verdiyi izahatında hazırki inzibati xəta haqqında işin baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməsinin səbəblərini Azərbaycan Respublikası İXM-in 43.3-cü maddəsinin tələbinə uyğun şəkildə əsaslandıra bilməmişdir. - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata və 055624 nömrəli vəsiqəyə əsasən Şəxs İ dərəcəli əlilliyi olan şəxs olduğuna və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi səbəbindən İ Qarabağ Müharibəsi veteranı olduğuna görə Azərbaycan Respublikası İXMin 30.2-ci maddəsinə əsasən onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin protokola əlavə olunmuş “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərardadın düzgün tərtib olunmaması, natamam olması və bu halın işə baxılarkən tamamlanmasının mümkün olmamasına görə Füzuli RPŞ-yə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İXM-in 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İXM-in 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan şikayəti vermək hüququ istisna edilir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 109, 128 və 157-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Füzuli RPŞ-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib olunmuş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Füzuli Rayon Polis Şöbəsinə qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar