Məhkəmə qərarları › İş №3(064)-970/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-970/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-970/2024 27.11.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Füzuli rayonu, Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMCdə usta işləyən, Füzuli rayonu, Kürdlər kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli, 2(064)-543/2014 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 08 oktyabr 2014-cü il tarixli, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)-607/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 30 iyun 2022-ci il və 02 avqust 2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin böyük icra məmuru X1 qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edildiyi Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 3(064)-478/2024 nömrəli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş, yuxarıda göstərilən inzibati xətanı eyni icra sənədlərinə münasibətdə təkrar törətmişdir. Buna görə də Füzuli RİPŞ-nin rəisi, ədliyyə müşaviri X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin 27 noyabr 2024-cü il tarixli məktubu əsasında nümayəndəsi kimi iştirak etmiş icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 sentyabr 2014-cü il tarixli, 2(064)- 543/2014 nömrəli qətnaməsinə əsasən 15 may 2006-cı il təvəllüdlü X9 və 01 yanvar 2008ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 07 iyul 2014-cü il tarixdən başlayaraq hər ay hər uşağ üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment, Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 iyun 2022-ci il tarixli, 2(064)-607/2022 nömrəli qətnaməsinə əsasən 15 may 2006-cı il təvəllüdlü X9 və 01 yanvar 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün qət olunmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment və 01 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 mart 2022-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment Şəxs (bundan sonra - borclu) tutulub Zərərçəkmiş şəxs (bundan sonra – tələbkar) ödənilməlidir. Füzuli Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli, 2(064)-543/2014 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 08 oktyabr 2014-cü il tarixli, Füzuli Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2(064)-607/2022 nömrəli qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş 30 iyun 2022-ci il və 02 avqust 2022-ci il tarixli icra sənədləri 06 sentyabr 2022-ci il tarixli qərar əsasında bir icraatda birləşdirilmişdir. Borclu həmin icra sənədləri üzrə tələbkara olan aliment borcunu ödəmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 3(064)-478/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra borclu tələbkara həmin borcundan cəmi 200 manat məbləğində pul ödəmişdir. Borclu icra sənədlərinin icrasının təmin edilməsi üçün icraata başlama qərarlarının surətlərini, tələblərin könüllü icra edilməsi ilə bağlı bildirişləri, 16 və 24 sentyabr 2024-cü il tarixli xəbərdarlıqları vaxtında və lazımi qaydada alsa da, 01, 02, 04 və 11 oktyabr 2024-cü il tarixlərdə istifadəsində olan ***-***-**-** mobil nömrəyə SMS göndərilməklə Füzuli RİPŞ-yə dəvət edilsə də, üzrsüz səbəbdən Füzuli RİPŞ-yə gəlməmiş, həmin icra sənədləri üzrə tələbkara olan cəmi 11720 manat məbləğində aliment borcunu ödəməmişdir. Bu hal tələbkarın haqlı narazılığına və şikayətlər etməsinə səbəb olmuşdur. Tələbkar borcludan pul borcunu birdəfəlik tam həcmdə ödəməsini tələb edir. Buna görə də borclu onun axtarılması haqqında qəbul edilmiş 15 oktyabr 2024-cü il tarixli qərar əsasında 27 noyabr 2024-cü il tarixdə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Füzuli RİPŞ-yə məcburi gətirilmişdir. Göstərdiklərinə əsasən borclu icra məmurunun həmin icra sənədlərinin icrası ilə əlaqədar etdiyi qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də 27 noyabr 2024-cü il tarixdə Füzuli RİPŞ-də borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, 2024-cü ilin sentyabr ayından "xxxx" MMC-də usta işləyir, hər ay 600 manat məbləğində əmək haqqı alır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs olan aliment borcundan sonuncu dəfə 2024-cü ilin sentyabr ayının əvvəllərində cəmi 200 manat məbləğində pul ödəmiş, bundan sonra ödəniş etməmişdir. Tələbkarla onun arasında bağlanmış nikahın pozulmasından sonra bir neçə ay müddətində yenidən bir yerdə yaşadığına, həmin nikahdan doğulmuş uşaqları X10 uzun müddətdir ki, onun himayəsində yaşadığına görə tələbkara olan aliment borcunun 11720 manat olmasını qəbul etmir. Tələbkara olan aliment borcunu ödəyə bilməməsini maddi vəziyyətinin pis olması ilə izah edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs hazırda işləməsi, icra məmuru tərəfindən iş üzrə icra sənədləri üzrə tələblərin Şəxs əmək haqqı məbləğinə yönəldilməsi imkanı mövcud olduğuna görə sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 3(064)- 478/2024 nömrəli qərarının surətindən görünür ki, Şəxs hazırki icra sənədlərinə münasibətdə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş müvafiq sənədlərin surətləri əsasında 27 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və Füzuli RİP-nin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də iş materiallarına əlavə edilmiş sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 11720 manat aliment borcunu ödəməsi ilə bağlı Füzuli RİP-nin böyük icra məmuru X5 tərəfindən dəfələrlə yazılı qaydada xəbərdarlıq etməsinə baxmayaraq, icra məmurunun həmin qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə onun barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 27 noyabr 2024-cü il tarixdən saat 14:55-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Zərdab Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar