Məhkəmə qərarları › İş №3(064)-991/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(064)-991/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(064)-991/2024 24.12.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1997-ci il tarixdə Füzuli rayonu, Kürdmahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Polis Şöbəsi (bundan sonra - Füzuli RPŞ) tərəfindən Şəxs barəsində AR İXM-nin 338.7-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında ptorokol baxılması üçün müvafiq sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:10 radələrində özünə məxsus olan 4 baş iri buynuzlu heyvanları Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndi ərazisində otlaq sahəsindən apararkən heyvanlardan biri ürkərək yolun asfalt hissəsinə çıxmış, həmin vaxt sürətlə hərəkət edən “DAF” markalı **-FO-*** nömrəli yük maşını Füzuli-Əhmədbəyli yolunun Yuxarı Kürdmahmudlu kəndində yerləşən hissəsində ön tərəfi ilə heyvanı vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində 1 baş iri buynuzlu heyvan tələf olmuşdur. Buna görə də Füzuli RPŞ-nin polis baş leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Füzuli-Əhmədbəyli Zəfər yolunun Yuxarı Kürdmahmudlu kəndindən keçən hissəsində ona məxsus 4 baş iri buynuzlu heyvanı həmin ərazidə yoldan kənarda yerləşən otlaq sahəsindən yaşadığı ünvana yoldan kənar ehtiyyat hissə ilə nəzarət edərək aparan zaman heyvanlardan biri ürkərək yolun asfalt hissəsinə çıxıb.O, heyvanı yoldan çıxarmağa çalışarkən təxminən 160-170 km/saat sürətlə hərəkətdə olan “DAF” markalı **-FO-*** nömrəli yük maşını heyvanı vurub. Hadisə nəticəsində zərbə alan heyvan təxminən 15-20 metr getdikdən sonra ölüb. Hadisə zamanı sürücüyə və ona maddi ziyan dəyib. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, 683 saylı akt əsasında müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “DAF” markalı **-FO-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X1 dərəcəsinin təyin edilməsi üçün alkotester vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdə olub. xx.xx.2024-cü il tarixli, 684 saylı akt əsasında müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi üçün alkotester vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdə olub. X3 Füzuli Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahat əsasında müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Füzuli-Əhmədbəyli yolunda hərəkətdə olarkən anidən qarşısına 1 baş iri buynuzlu heyvan çıxıb. Hadisə zamanı hava qaranlıq olub və ətrafda süni işıqlandırma vasitələri olmayıb. Qarşısına çıxan heyvanı 10 metr məsafədə görüb, əyləcdən istifadə etsə də, idarə etdiyi yük avtomobilinin sol ön hissəsi ilə heyvanı vurub. Hadisə nəticəsində dəymiş zərəri tələb etmir. Heç bir şikayəti yoxdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 100 (yüz) manat məbləğində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar