Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-10/2024 06.08.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru X1 iştirakları ilə xx xxxxxxx 1972-ci ildə Ağdaş rayonu Tofiqi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu Tofiqi kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 11 iyul 2024-cü ildə saat 10 radələrində alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan “Nissan Primera” markalı 10SG301 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə etmiş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 11 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 11 iyul 2024-cü ildə saat 10 radələrində Xankəndi şəhərinin giriş blok postunda olan zaman yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq, sənədlərini istəmiş, habelə ona alkotester müayinəsindən keçmək təklif olunmuşdur. İlk olaraq alkotester test olunmuş, daha sonra nəfəsvermə vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmışdır. Müayinə nəticəsində qanda alkoqolun konsentrasiyasının 0,345 promilli olduğu müəyyən olunmuşdur. Bu zaman xüsusi texniki vasitənin nəticəsi ilə razılaşmadığını qeyd edib, tibbi müayinə tələb etsə də, müvafiq müayinədən keçirilməmişdir. Alkoqollu içki qəbul etsə də, nə həmin gün, nə də ki, ondan bir gün qabaq spirtli içki içməmişdir. Yalnız hadisədən iki gün qabaq alkoqol qəbul etmişdir. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 izahatında göstərmişdir ki, 11 iyul 2024-cü ildə saat 10 radələrində “Nissan Primera” markalı 10SG301 dövlət qeydiyyat nişanlı avtomobilinə Xankəndi şəhəri ərazisində saxla işarəsi verilmişdir. Sürücü Şəxs sənədləri yoxlanlan zaman onun nəfəsindən alkoqollu içki qoxusu hiss etmişdir. Bu zaman sürücüyə alkotester müayinəsindən keçmək təklif olunmuş və sonuncu buna etiraz etməmişdir. Belə olan təqdirdə ilk olaraq “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitənin videokamerası qoşulmuş və sürücünün Şəxs iştirakı ilə aparat test olunmuş nəticə 0,000 promilli olmuşdur. Yalnız bundan sonra videoçəkilişlə Şəxs “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitəyə nəfəs vermiş və onun qanında alkoqolun konsentrasiyasının 0,345 promilli olduğu müəyyən olunmuşdur. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə” 11 iyul 2024-cü il tarixli akt tərtib olunmaqla “Nissan Primera” markalı 10SG301 dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Şəxs tibbi müayinədən keçməklə bağlı tələb irəli sürməmiş, hətta “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə” 11 iyul 2024-cü il tarxli aktı imzalayıb, ora əlyazma qaydasında “iradım yoxdur” qeydi yazmaqla alkotesterin nəticəsi ilə razılaşmışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 11 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yol-patrul xidməti baş inspektorunun izahatı ilə yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 11 iyul 2024-cü ildə saat 09.21-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs müayinədən keçirilməmişdən qabaq cizah avtomatik rejimdə test edilmiş və nəticə 0,000 promilli olmuşdur. Müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyasının 0,345 promilli olmuşdur. - «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və avtomobilin saxlanca qəbul edilməsi barədə» 11 iyul 2024-cü il tarixli aktdan görünür ki, Şəxs alkotester müayinəsinin nəticəsi ilə razılaşıb və ora əlyazma qaydasında “iradım yoxdur” qeydi icra etmişdir. - Şəxs barəsində tərtib olunmuş 11 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 11 iyul 2024-cü ildə saat 10 radələrində alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan “Nissan Primera” markalı 10SG301 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Şəxs məhkəmə iclasında müdafiəsi ilə bağlı iki dəlil irəli sürmüşdür:
1. Alkoqol qəbul etmədiyi halda, “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə tərəfindən qeyd alınmış nəticənin yanlış olmasını;
2. Xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmayıb, tibbi müayinə tələb etsə də, müayinədən keçirilmədiyini. Birinci dəlilə münasibətdə məhkəmə qeyd edir ki, alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılmamışdan qabaq “Alcovisor – Jupiter X” markalı aparat avtomatik rejimdə test edilmiş və nəticə 0,000 promilli olmuş, yalnız bundan sonra nəfəsvermə vasitəsi ilə Şəxs müvafiq cihaz vasitəsi ilə müayinə edilmiş və qanında alkoqolun konsentrasiyasının 0,345 promilli olmuşdur. Bununla da Şəxs qeyd olunan məzmunlu iddiası təkzib olunur. İkinci dəlilə münasibətdə məhkəmə qeyd edir ki, Şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmayıb, tibbi müayinə tələb etdiyini iddia etsədə, bu hal «Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və avtomobilin saxlanca qəbul edilməsi barədə» 11 iyul 2024-cü il tarixli aktla təkzib olunur. Belə ki, Şəxs həmi akta əlyazma qaydasında “iradım yoxdur” qeydi icra etmiş, habelə hazırki vaxtadək bu barədə hər hansı bir orqana yazılı və şifahi qaydada müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.4-cü bəndinə əsasən «Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir». Bununla da barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən irəli sürülmüş iddianın əksinə olaraq, məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 11 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, İsayev X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. “Elektron məhkəmə portalı”ndan 11 iyul 2024-cü ildə əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 1 nəfər azyaşlı – xx.xx.2016-cı il təvəllüdlü Yusif adlı uşaq var. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İsayev X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev