Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-14/2024 03.09.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X2, Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X1 iştirakları ilə xx xxxxxxx 1994-ci ildə Samux rayonu Qara-Arx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən, Samux rayonu, Seyidlər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 15 iyul 2024-cü ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 70 (yetmiş) manat olan 1 (bir) ədəd “LG” markalı “DVD” cihazını, 2 (iki) ədəd divar saatını, 4 (dörd) ədəd səs gücləndiricini, məişətdə istifadə olunan 1 (bir) ədəd tosteri oğurlamaqla «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsə qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 15 iyul 2024-cü ildə "xxxx" MMC-nin işciləri tərəfindən Xankəndi şəhərində yerləşən ünvansız yaşayış evlərinin qarşısına atılmış tullantıların içərisində olan 1 (bir) ədəd “LG” markalı “DVD” cihazını, 2 (iki) ədəd divar saatını, 4 (dörd) ədəd səsgücləndiricini, məişətdə istifadə olunan 1 (bir) ədəd tosteri götürərək istifadəsində olan «HOWO» markalı 77JX938 dövlət qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinin sağ ön oturacağının altında yerləşdirmişdir. 15 iyul 2024-cü ildə Xankəndi şəhərindən çıxan zaman 3 saylı nəzarət buraxılış postunda həmin əşyalar aşkar edilərək götürülmüşdür. Əməlindən peşmandır. Qeyd olunan əşyalar zərərçəkmiş hüquqi şəxsə qaytarıldığından və onlarla barışıq əldə etdiyidən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X5 qeyd etmişdir ki, Şəxs oğurladığı bütün əşyalar –1 (bir) ədəd “LG” markalı “DVD” cihaz, 2 (iki) ədəd divar saatı, 4 (dörd) ədəd səs gücləndirici, 1 (bir) ədəd toster publik hüquqi şəxsin saxlama anbarına təhvil verilib. Buna görə də, Şəxsla barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Xankəndi şəhər prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3 «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə» 03 sentyabr 2024cü il tarixli qərarı müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 03 sentyabr 2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X4 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən tərtib olunmuş “Baxış keçirilməsi haqqında” 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs istifadəsində olan «HOWO» markalı 77JX938 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş, avtomaşının salon hissəsində sağ ön oturacağının arxasından 1 (bir) ədəd “LG” markalı “DVD” cihazı, 2 (iki) ədəd divar saatı, 4 (dörd) ədəd səsgücləndirici, məişətdə istifadə olunan 1 (bir) ədəd toster aşkar edilərək götürülmüşdür. - “Kurdoğlu İnşaat” tərəfindən tərtib olunmuş məlumatdan görünür ki, 1 (bir) ədəd “LG” markalı “DVD” cihazı, 2 (iki) ədəd divar saatı, 4 (dörd) ədəd səsgücləndirici, məişətdə istifadə olunan 1 (bir) ədəd tosterin ümumi dəyəri 70 (yetmiş) manatdır. - Şəxs 15 iyul 2024-cü il tarixli izahatının məzmunundan görünür ki, o, məhkəmədə verdiyi izahata uyğun məzmunlu izahat verməklə, qeyd olunan əşyaları gizli yolla taladığını etiraf etmişdir. - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şəxs 1 (bir) ədəd “LG” markalı “DVD” cihazını, 2 (iki) ədəd divar saatını, 4 (dörd) ədəd səs gücləndiricini, məişətdə istifadə olunan 1 (bir) ədəd tosteri oğurlaması faktına görə cinayət işinin başlanması rədd edilmiş və həmin əşyalar ərazidən çıxarılması və məhv edilməsi üçün "xxxx" MMC-nin əməkdaşlarına təhvil verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 03 sentyabr 2024-cü il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş hüquqi şəxs – «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxsin nümayəndəsi X2 03 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs publik hüquqi şəxsə dəymiş maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışlar. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs 03 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev