Məhkəmə qərarları › İş №3(065)-15/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-15/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-15/2025 04.03.2025 hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxsn qanuni təmsilçisi X3, Xankəndi şəhər prokurorluğunun müstəntiqi X5 iştirakları ilə Şəxsn (bundan sonra – Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 220.1, 444.1 və 447.0.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin nəzdində olan "Qarabağ Universitetinin yataqxana kompleksinin direktoru vəzifəsində işləmiş X6 adıçəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən 01 noyabr 2024-cü il tarixdən 19 noyabr 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhər ərazisində xüsusi təşkil edilmiş yer hesab edilən Qida Təhlükəsizliyi Reyestrində qeydiyyata alınmış "xxxx" MMC-nin nəzdində Qarabağ Universitetinin yataqxana kompleksinin daxilində fəaliyyət göstərən yeməkxanada "İşçi heyəti dolablar və sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub geyinmə otaqları ilə təmin etməyərək, həmçinin "yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin ayrıca saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil etməyərək Azərbaycan Respublikasının Qida X1 xx.xx.2020-ci il tarixli, 19 saylı Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalarının (Əlavə № 5) "Qida obyektlərinə dair gigiyena tələblərinin (Əlavə № 2) 1.10 ve 1.11-ci bəndinin, texnoloji proses ardıcıllığına əməl etməməklə, adıçəkilən qaydaların 1.5.2 bəndinin tələblərini, mətbəxdəki soyuducuda qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərdə olmasına baxmayaraq onların Azərbaycan dilinə tərcüməsini təmin etməyərək adıçəkilən qaydaların "Qida obyektlərinə dair gigiyena tələblərinin (Əlavə № 2) 7.6-cı bəndinin tələblərini, anbar sahəsində bəzi qida məhsullarını (katof, soğan və s.) birbaşa döşəmə üzərində saxlanılmaqla yeməkxananı qida məhsullarının, ərzaq xammalının saxlanması üçün bu Qaydaların tələblərinə uyğun avadanlıqlarla təmin etməyərək adıçəkilən qaydaların "Qida obyektlərinə dair gigiyena tələbləri"nin (Əlavə № 2) 9.2-ci bəndinin tələblərini, yeməkxanada dönər bişirilən sahədə süni havanlandırma sistemi quraşdırmamaqla adıçəkilən qaydaların "Qida obyektlərinə dair gigiyena tələbləri"nin (Əlavə № 2) 1.6-cı bəndinin tələblərini, çiy dönər əti və pendir məhsullarına aid hissədə qida məhsullarının xarakterinə uyğun temperatur rejiminə riayət etməyərək "Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalarının (Əlavə № 5) 3.1.1-ci bəndinin tələblərini pozmaqla tələbələrin qidalanmasının təşkilinə, yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərini pozmuş, bundan əlavə göstərilən dövr ərzində qeyd olunan yeməkxanada qida məhsullarının saxlanılması və satışı zamanı temperatur rejiminə əməl etməmiş, bundan başqa qeyd olunan yeməkxanada qida məhsulları qəbul etmiş 28 nəfər tələbəyə standartların və digər normativ sənədlərin Azərbaycan Respublikasının Qida X1 xx.xx.2020-ci il tarixli, 19 saylı Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları üzrə gigiyena tələblərinə dair" (Əlavə № 5) "Qida obyektlərinə dair gigiyena tələbləri"nin (Əlavə № 2) və "X8" Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verməyən malların qida məhsullarının istehsalı və satılması, həmçinin bununla bağlı işlərin yerinə yetirilməsini və xidmətlərin göstərilməsini həyata keçirərək tələbələrin qida zəhərlənməsinə səbəb olmaqla istehlakçıların hüquqlarını pozmuş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1, 444.1 və 447.0.3-cü maddələri ilə 19 fevral 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X6 Cəmiyyəti qeyd olunan inzibati xətanın törədilməsində təqsirli bilərək qeyd etmişdir ki, 19 fevral 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarda təsvir olunan nöqsanlara Cəmiyyət tərəfindən yol verilsə də, sonradan qeyd olunan nöqsanların hamısı aradan qaldırılmışdır. Məhkəmə iclasında Xankəndi şəhər prokurorluğunun müstəntiqi X7 izahatında göstərmişdir ki, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 fevral 2025-ci il tarixli qərarda təsvir olunan xətanın baş verməsi Şəxs MMC-nin nəzdində qeydiyyata alınan "Qarabağ Universitetinin yataqxana kompleksinin yeməkxanasına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollar, qida müayinələrinə dair aparılmış yoxlamaların nəticələrinə dair Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli məktublar, Birgə fəaliyyət haqqında xx.xx.2024-cü il tarixli müqavilə, yataqxananın direktoru X3, bundan əlavə X11, universitetin tələbələri X10, X14, X15 və qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etmiş digər tələbələrin izahatları, xx.xx.2024-cü il tarixli əmr ilə təsdiq olunur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 fevral 2025-ci il tarixli qərarda təsvir olunmuş əməli törətməsi, həmçinin inzibati xətalar haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - 23 sentyabr 2024-cü il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, "Qarabağ Universiteti" ilə "xxxx" MMC arasında fərdi xüsusiyyətləri və sağlamlığı nəzərə alınmaqla, universitetdə təhsil alan tələbələrin Xankəndi şəhərində yerləşən və Universitetin balansında olan Yataqana Kompleksində yataqxana və yaşayış şəraitinin təmin və idarə olunması məqsədilə birgə fəaliyyət göstərmək barədə müqavilə bağlanmışdır. - «Baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Qida X2 Regional Bölməsinin işçilərinin iştirakı ilə "xxxx" MMC-nin nəzdində qeydiyyata alınan Xankəndi şəhər ərazisində yerləşən "Qarabağ Universitetinin yataqxana kompleksinin yeməkxanasına baxış keçirilmiş və yeməkxananın menyusuna daxil olmuş qida məhsullarından, yeməkxanada istifadə olunan əşya və ləvazimatlardan, işçilərdən yaxma nümunələri müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. - Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-44-5/2-2605/2024 nömrəli məktubdan görünür ki, "Qarabağ Universitetinin yataqxana kompleksinin yeməkxanasında aparılan yoxlamalar nəticəsində yeməkxanada Azərbaycan Respublikasının Qida X1 xx.xx.2020-ci il tarixli, 19 saylı Qərarı ilə təsdiq edilmiş "Qida məhsulları üzrə gigiyena tələblərinə dair 5 nömrəli əlavəsinin "Qida obyektlərinə dair gigiyena tələblərinin 2 nömrəli əlavəsinin və "X8" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olan hallar müəyyən olunmuşdur. Belə ki, yeməkxanaya keçirilən baxış zamanı çalışan işçilər üçün soyunub-geyinmə otaqı mövcud olsa da, dolablarla təmin edilməyib, yuyucu vasitələrin və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yer və ya dolab təşkil edilməmişdir. Yeməkxanada texnoloji proses ardıcıllığı pozulmuşdur. Yeməkxanada çiy dönər ətinin defrotasiya prosesi aparılmadan birbaşa şişə taxılaraq bişirilir. Mətbəx sahəsində soyuducu kameralara keçirilən baxış zamanı bəzi məhsulların üzərindəki etiketlər və adlar məhsulun tərkibi istifadə qaydaları barədə izahat vərəqləri Azərbaycan dilində tərcüməsi qeyd olunmamışdır. Çalışan işçilər geyim qaydasına qismən əməl edir. Anbar sahəsinə keçirilən baxış zamanı bəzi xammallar (katof, soğan və s.) birbaşa döşəmə üzərində saxlanılır, dönər bişirilən sahədə süni havanlandırma sistemi quraşdırılmamışdır. Çiy dönərin üzərindəki etiketinə baxış zamanı etiketdə -18C dərəcə temperaturda 6 ay saxlanması qeyd olunsada, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin 17 oktyabr 2024-cü il tarixində 49 nömrəli kollegiya qərarına əsasən çiy dönər-18C temperaturda yararlılıq müddəti 3 aydır. Soyuducuya baxış zamanı çəkilmiş ət (farş) mal ətinin müşayətdici sənədləri təqdim edilməmişdir. Süd məhsullarının saxlanıldığı soyuducu kameraya keçirilən baxış zamanı pendirin etiketində məhsulun 4C-6C temperaturda saxlanması yazılsada məhsul 8C temperaturda saxlanılır. Çalışan işçi gigiyenik təlimlərə cəlb edilmədiyi müşahidə edilmişdir. - Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-44-5/2-4/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respubliksı Qida Təhlükəsizliyi İnstitutunun müvafiq rəyinə əsasən baş vermiş qida zəhərlənməsi ilə əlaqədar Qarabağ Universitetinin yeməkxanasında hazırlanmış kartofla ət, pendirli makaron, qarabaşaq, toyuq qızartması, paytaxt salatı, haydari salatı, içməli su nümunələrindən, habelə mətbəxdə işləyən 7 nəfər aşbazın əlindən götürülmüş müxtəlif doğrama lövhələri və bıçaqlardan yaxma nümunələri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarında müayinə edilmişdir. Aparılan müayinə nəticəsində makaron, pendirli makaron, kartoflu ət və toyuq qızartmasında ümumi mikroorqanizmlərin, bişmiş qarabaşaqda “E.col” bakteriyasının, suda "MAFAnM"-nın normadan arıq olduğu, bir nəfər aşpazın əlindən götürülmüş yaxma nümunəsində isə "ST.aureus"-un aşkar edildiyi müyəyyənləşdirilmişdir. Laborator müayinələrə cəlb olunan nümunələrdə sözgüdən mikroorqanizmlərin sayının normadan artıq olması yeməklərin hazırlanması zamanı müəssisəsdə sanitar-gigiyenik qaydalara riayət edilmədiyini deməyə əsas verir. Qeyd olunan mikroorqanizmlərin qida məhsullarında çoxalması və həmin qidaların insan tərəfindən istehlakı mədəbağırsaq pozğunluqları ilə müşayiət olunan qida zəhərlənməsinə səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. İnzibati Xətalar Məcəlləsinin 444.1 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq olaraq obyektiv cəhətdən “Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsi”, “standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi” ilə törədilir. Qanunun qeyd olunan normalarının işığında işin faktiki hallarını təhlil edilərkən müəyyən olunur ki, Şəxs MMC hazırki işin yuxarıda qeyd olunan faktiki hallarına münasibətdə malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl etməmiş, habelə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə yol vermişdir. Odur ki, işin müəyyən olunmuş hüquqi əhəmiyyət kəsb edən faktiki halları İnzibati Xətalar Məcəlləsinin 444.1 və 447.0.3-cü maddələrinin dispozitiv əlamətləri ilə tamamilə uzlaşır. Qeyd olunur ki, Şəxs MMC hadisə törədilən zaman qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi ilə ona görə təqsirləndirilmişdiri ki, o, hazırki işə münasibətdə xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərini pozulmuşdur. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.10-cu bəndinə əsasən 220.1-ci maddəsi aşağıdakı redaksiyada verilmişdir: “Maddə 220. X8 qanunvericiliyin pozulması 220.1. “https://e-qanun.az/framework/49857X8” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununun 27 fevral 2025-ci ildə qüvvəyə minmişdir. İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinin yeni redaksiyası Şəxs MMC-nin həmin maddənin köhnə redasiyası ilə məsuliyyətini aradan qaldırır. İnzibati Xətalar Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən “Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir”, “İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan normasını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsi ilə (köhnə readsiyada) başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Bununla da “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 19 fevral 2025-ci il tarixli qərarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs MMC tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 444.1 və 447.0.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 444.1 və 447.0.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1 və 21-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 444.1 və 447.0.3-cü maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 447.0.3-cü maddəsi ilə 4000 (dörd min) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 220.1ci maddəsi ilə (köhnə redaksiyada) başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət İnzibati Xətalar Məcəlləsinin 444.1 və 447.0.3-cü maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 447.0.3-cü maddəsi ilə barəsində 4000 (dörd min) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar