Məhkəmə qərarları › İş №3(065)-18/2025

Xankəndi Şəhər Məhkəməsi Qərardad — İş №3(065)-18/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xankəndi Şəhəri İş № 3(065)-18/2025 11.03.2025 X1, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Qarabağ regional X3 İdarəsi DYNŞ-nin inspektoru Nicat Nəcəfli tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş MN seriyalı, ******* nömrəli, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in: 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər; 43.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 4.1 və 4.3-cü bəndlərinə əsasən İXM-in 518-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından fövqəladə hallar naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavinləri, X3 Xidmətinin rəisi, onun müavinləri, müvafiq ərazi və regional X3 idarələrinin rəisləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 İdarəsinin rəisi baxırlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli, 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda nəzərdə tutulan vəzifəli şəxslər Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olduğu qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi bəzi istisna hallar nəzərə alınmaqla hüquqi şəxslər barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir və bu halda səlahiyyətli orqan tərəfindən müvafiq qərardad qəbul edilməklə iş məhkəməyə göndərilməlidir. Həmin səlahiyyətli orqan isə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən fərmanlarına müvafiq olaraq müəyyən edilmişdir. Lakin hazırki halda iş materiallarına inzibati xəta haqqında protokol əlavə edilsə də, işin məhkəməyə göndərilməsinə dair müvafiq qərardad təqdim edilməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs MMC-nin İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Qarabağ regional X3 İdarəsindən daxil olmuş MN seriyalı, ******* nömrəli, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X3 Xidmətinin Qarabağ regional X3 İdarəsindən daxil olmuş MN seriyalı, ******* nömrəli, 30 yanvar 2025ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar