Məhkəmə qərarları › İş №3(065)-21/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-21/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-21/2025 21.04.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 iştirakı ilə 26 aprel 1981-ci ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Xocalı rayonu Kərkicahan qəsəbəsində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsi 69-da yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi (bundan sonra – X12 Xidməti Bakı şəhər idarəsi) tərəfindən qəbul olunmuş «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Vəzifəli şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X11 fərdi sahibkar kimi əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6 10 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək xadimə kimi, bundan əlavə X3 07 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək fəhlə kimi Xankəndi şəhər ərazisində yerləşən hotelçilik fəaliyyəti ilə bağlı icarəyə götürdüyü əmlak kompleksində işlərin yerinə yetirilməsinə cəlb etməsi faktına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 24 fevral 2025-ci ildə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş və qərar baxılması üçün X12 Xidməti Bakı şəhər idarəsinə göndərilmişdir. X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərara əsasən vəzifəli şəxs X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. X11 «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək, qərarın ləğv olunmasını və barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X11 şikayəti müdafiə edərək bildirmişdir ki, «Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti» publik hüquqi şəxslə bağladığı müqavilə əsasında Xankəndi şəhərində yerləşən otellərdən birini icarəyə götürərərək, təmir işlərinə başlamışdır. Təmir işləri bitmədiyindən otel hazırki vaxtadək fəaliyyət göstərməmişdir. X10 və X7 oteldə müvəqqəti işlərin yerinə yetirilməsi üçün dəvət olunmuş, onlarla arasındakı işgüzar münasibətlər daimi olmamışdır. Buna görə də, «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv olunmasını və barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş X12 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlilləri əsasında «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərarı nəzərdən keçirərək aşağıdakıları qeyd edir. İnzibati Xətalar Məcəlləsinin 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Şikayət müəllifi şikayətində inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Vəzifəli şəxs X11 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X12 Xidməti Bakı şəhər idarəsinin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar: - X4 17 dekabr 2024-cü il tarixli yazılı izahatının məzmunundan görünür ki, o, 10 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək X8 məxsus Xankəndi şəhərində yerləşən oteldə xadimə işləmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. - X2 17 dekabr 2024-cü il tarixli yazılı izahatının məzmunundan görünür ki, o, 07 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək X8 məxsus Xankəndi şəhərində yerləşən oteldə fəhlə işləmiş, lakin onunla əmək müqaviləsi bağlanmamışdır. - “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 24 fevral 2025-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs hüquqi şəxs yaratmadan sahibraklıq fəaliyyəti ilə məşğul olan X11 fərdi sahibkar kimi əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X6 10 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək xadimə kimi, bundan əlavə X3 07 dekabr 2024-cü il tarixdən 17 dekabr 2024-cü il tarixədək fəhlə kimi Xankəndi şəhər ərazisində yerləşən hotelçilik fəaliyyəti ilə bağlı icarəyə götürdüyü əmlak kompleksində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2, 75.0.3, 75.0.4, 75.0.5, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri;

4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar;

5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı;

6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar;

7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Beləliklə qanunun qeyd olunan normalarının işığında məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən X11 fiziki şəxslər – X6 və X3 Xankəndi şəhərində icarəyə götürdüyü oteldə müvafiq olaraq xadimə və fəhlə işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə işin faktiki hallarını qanunun qeyd olunan norması baxımından təhlil edərək hesab edir ki, X5 şikayətinin dəlilləri əsassızdır Məhkəmənin qənaətinə görə, qeyd olunanlar inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni vəzifəli şəxsin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun məhkəmə qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, X5 şikayəti təmin edilməməli, X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul olunmuş «İnzibati tənbeh vermə haqqında» 05 mart 2025-ci il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar