Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-22/2025 10.04.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokol tərtib edən şəxs - Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru X2 iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Ağdam rayonu Xaçındərbənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, usta işləyən, Ağdam rayonu Xaçındərbənd kəndində qeydiyyatda olan, faktiki olaraq Ağdam rayonu «Dördyol qəsəbəsi”ndə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 28 fevral 2025-ci ildə saat 08.35-də alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan “Mercedes Benz 230” markalı 02CA272 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə etmiş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə 28 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 28 fevral 2025-ci ildə saat 08.35-də Xankəndi şəhəri ərazisində olan zaman yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq, sənədlərini istəmiş, habelə ona alkotester müayinəsindən keçmək təklif olunmuşdur. İlk olaraq alkotester test olunmuş, daha sonra nəfəsvermə vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmışdır. Müayinə nəticəsində qanda alkoqolun konsentrasiyasının 0,319 promilli olduğu müəyyən olunmuşdur. Əməlindən peşmandır. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X3 qeyd etmişdir ki, Şəxs 28 fevral 2025-ci ildə saat 08.35də “Mercedes Benz 230” markalı 02CA272 dövlət qeydiyyat nişanlı avtomobili alkoqol sərxoşluğu vəziyyətində Xankəndi şəhərində idarə etmiş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə 28 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 28 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 28 fevral 2025-ci ildə saat 08.35-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs müayinədən keçirilməmişdən qabaq cizah avtomatik rejimdə test edilmiş və nəticə 0,000 promilli olmuşdur. Müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyasının 0,319 promilli olmuşdur. - «Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə» 01 mart 2025-ci il tarixli aktdan görünür ki, Şəxs alkotester müayinəsinin nəticəsi ilə razılaşıb və ora əlyazma qaydasında “iradım yoxdur” qeydi icra etmişdir. - Şəxs barəsində tərtib olunmuş 28 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 28 fevral 2025-ci ildə saat 08.35 radələrində alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan “Mercedes Benz 230” markalı 02CA272 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə etmişdir. - “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” 25 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarın məzmunundan görünür ki, Şəxs 25 mart 2024-cü il tarixində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.4-cü bəndinə əsasən «Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir». Bununla da 28 fevral 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Kərimov X1 Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırmaqla 500 (beş yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Kərimov X1 Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırmaqla 500 (beş yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev