Məhkəmə qərarları › İş №3(065)-23/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-23/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-23/2025 16.04.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxxx 1976-cı ildə Tovuz rayonu Cəlilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Tovuz rayonu Cəlilli kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna bağ massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 2024-cü il dekabr ayında Xankəndi şəhəri ərazisində olarkən tanışı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 260 (iki yüz altmış) manat pulunu talayaraq, ona qeyd olunan məbləğdə maddi ziyan vurmaqla xırda talama etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 2024-cü ilin dekabr ayında X3 Təchizatı və Satışı İdarəsinin Xankəndi şəhərində yerləşən binasında aşpaz işləyən zaman tanışı Zərərçəkmiş şəxs, icarəyə götürəcəyi binaya elektrik sayğacının quraşdırılmasında ona köməklik etməsini xahiş etmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayında ümumilikdə 260 manat pul almış, lakin verdiyi vədi yerinə yetirməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışdığı və vurulan zərəri tamamilə ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Xankəndi şəhərində icarəyə götürəcəyi obyektə sayğac quraşdırmaq məqsədilə tanışı Şəxs müraciət etmişdir. Şəxs bu işdə ona kömək edə biləcəyini demiş, bunun müqabilində ondan 260 manat pul istəmişdir. Şəxs elektrik sayğacının quraşdırılması üçün 2024-cü ilin dekabr ayında ümumilikdə 260 manat pul vermiş, lakin sonuncu vədinə əməl etməmişdir. Polis şikayət etdikdən sonra, Şəxs pulun qaytarmışdır. Buna görə də, Şəxs ilə barışmış, ona qarşı şikayət və tələbləri yoxdur. Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs 2024-cü il dekabr ayında Xankəndi şəhəri ərazisində olarkən tanışı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 260 (iki yüz altmış) manat pulunu talayaraq, ona qeyd olunan məbləğdə maddi ziyan vurması faktına görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 16 aprel 2025-ci ildə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 16 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” MN ******* nömrəli protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin X2 Təhqiqat bölməsində toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 2024-cü il dekabr ayında Xankəndi şəhəri ərazisində olarkən tanışı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 260 (iki yüz altmış) manat pulunu talayaraq, ona qeyd olunan məbləğdə maddi ziyan vurmaqla xırda talama etmişdir. - 16 aprel 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs 2024-cü il dekabr ayında Xankəndi şəhəri ərazisində olarkən tanışı Zərərçəkmiş şəxs dələduzluq yolu ilə 260 (iki yüz altmış) manat pulunu talayaraq, ona qeyd olunan məbləğdə maddi ziyan vurmaqla xırda talama etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 16 aprel 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. - Zərərçəkmiş şəxs 16 aprel 2025-ci il tarixli ərizəsinin məzmunundan görünür ki, Şəxs vurduğu maddi ziyanı ödəmiş, buna görə də, onunla barışmışdır. - Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatının məzmunundan görünür ki, o, əməlini etiraf edir, dəymiş ziyanı ödədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyi və zərərçəkmiş şəxslə barışdığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar