Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-37/2025 18.08.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib edən şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol polis bölməsinin yol patrul xidməti inspektoru X1 iştirakı ilə xx xxxxxx 1989-cu ildə Bərdə rayonu Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Açıq Səhmdar Cəmiyyətində döşəmə salan usta işləyən, Bərdə rayonu Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 04 avqust 2025-ci ildə saat 09.45-də alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan “Mersedes Benz C220” markalı 09BM127 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə etmiş, buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə həmin tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 04 avqust 2025-ci ildə saat 09.45-də istifadəsində olan “Mersedes Benz C220” markalı 09BM127 dövlət qeydiyyat nişanlı avtomobillə Xankəndi şəhərində hərəkətdə olan zaman yol-patrul xidməti əməkdaşı ona “saxla” işarəsi vermişdir. Yol-patrul xidməti inspektoru sənədləri yoxlayarkən, onun spirtli içki qəbul etidiyini hiss etmiş və alkotester müayinəsindən keçmək təklif olunmuşdur. İlk olaraq alkotester test olunmuş, daha sonra nəfəsvermə vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmışdır. Müayinə nəticəsində qanda alkoqolun konsentrasiyasının 0,324 promilli olduğu müəyyən olunmuşdur. Bu zaman yol-patrul xidməti inspektoruna 03 avqust 2025-ci ildə saat 17 radələrində bir bakal pivə qəbul etdiyini demişdir. Belə olan halda inspektor ona tibbi müayinədən keçməyi təklif etmiş, lakin həmin vaxt bundan imtina etmişdir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, yəni qeyd olunan gün saat 20.22-də Gəncə şəhər Narkoloji dispanserinə gedərək tibbi müayinədən keçmiş və onda alkoqol qəbulu aşkarlanmamışdır. Şəxs həmçinin qeyd etmişdir ki, 04 avqust 2025-ci ildə səhər saatlarında Bərdə şəhərindən Xankəndi şəhərinə gələn zaman Bərdə rayonu ərazisində yol-patrul xidməti əməkdaşı idarə etdiyi avtomobili saxlatmış və onu alkotester müayinəsindən keçirmişdir. Müayinə zamanı onda alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X2 izahatında göstərmişdir ki, 04 avqust 2025-ci ildə saat 10 radələrində “Mersedes Benz C220” markalı 09BM127 dövlət qeydiyyat nişanlı avtomobilinə Xankəndi şəhəri ərazisində “saxla” işarəsi verilmişdir. Sürücü Şəxs sənədləri yoxlanlan zaman onun nəfəsindən alkoqollu içki qoxusu hiss etmişdir. Bu zaman sürücüyə alkotester müayinəsindən keçmək təklif olunmuş və sonuncu buna etiraz etməmişdir. Belə olan təqdirdə ilk olaraq “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitəsi sürücünün Şəxs iştirakı ilə aparat test olunmuş nəticə 0,000 promilli olmuşdur. Yalnız bundan sonra Şəxs “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitəyə nəfəs vermiş və onun qanında alkoqolun konsentrasiyasının 0,324 promilli olduğu müəyyən olunmuşdur. Şəxs 03 avqust 2025-ci ildə saat 17 radələrində bir bakal pivə qəbul etməsini bildirmiş, bu zaman ona alkotesterin nəticəsi ilə razı olmadığı halda, tibbi müayinədən keçməyi təklif etmişdir. Lakin Şəxs tibbi müayinədən imtina etmişdir. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” 04 avqust 2025-ci il tarixli akt tərtib olunmaqla “Mersedes Benz C220” markalı 09BM127 dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Sürücü həmin aktı imzalayıb, ora əlyazma qaydasında “iradım yoxdur” qeydi yazmaqla alkotesterin nəticəsi ilə razılaşmışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 04 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 04 avqust 2025-ci ildə saat 09.22-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs müayinədən keçirilməmişdən qabaq cizah avtomatik rejimdə test edilmiş və nəticə 0,000 promilli olmuşdur. Müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyasının 0,324 promilli olmuşdur. - «Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə» 04 avqust 2025-ci il tarixli aktdan görünür ki, Şəxs alkotester müayinəsinin nəticəsi ilə razılaşıb və ora əlyazma qaydasında “iradım yoxdur” qeydi icra etmişdir. - Şəxs barəsində tərtib olunmuş 04 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 04 avqust 2025-ci ildə saat 09.45-də alkoqol sərxoşluğu vəziyyətində istifadəsində olan “Mersedes Benz C220” markalı 09BM127 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə etmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.4-cü bəndinə əsasən «Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir». Şəxs Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən tərtib olunmuş 04 avqust 2025ci il tarixli 2896 nömrəli “Sərxoşluq hallarının növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktına istinad etməklə, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, həmin aktdan görünür ki, Şəxs 04 avqust 2025-ci ildə saat 20.22-də tibbi müayinədən keçmiş və onda alkoqol sərxoşluğu qeydə alınmamışdır. Məhkəmə qeyd olunan aktın həm inzibati xəta qanunvericiliyi baxımından mötəbər olması ilə bağlı araşdırma aparmağı zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarının 2.2, 2.7 və 3.3-cü maddələrinə əsasən «Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir», «Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir», «Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkimnarkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir». «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarında şəxsin polis nəzarəti olmadan sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair həkim müayinəsindən və ya digər yoxlanışdan keçməsi nəzərdə tutulmamışdır. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən şəxs zərurət olduqda polis əməkdaşı tərəfindən tibbi müayinəyə göndərilir. Azərbaycan Respublikası İXM-in 76.2-ci maddəsinə əsasən «Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir». Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına əsasən hesab edir ki, Şəxs polis tərəfindən tibbi müayinəyə göndəriş olmadan, öz təşəbbüsü ilə əldə etdiyi qeyd olunan 04 avqust 2025-ci il tarixli 2896 nömrəli akt «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi» Qaydalarına uyğun əldə edilmədiyi üçün hazırkı işə üzrə sübut sayıla bilməz. Şəxs digər dəlilinin – 04 avqust 2025-ci ildə səhər saatlarında Bərdə rayonu ərazisində yol-patrul xidməti əməkdaşı tərəfindən alkotester müayinəsindən keçməsi ilə bağlı iddiasının yoxlanılması üçün Bərdə Rayon Polis Şöbəsinə sorğu verilmişdir. Bərdə Rayon Polis Şöbəsinin 14 avqust 2025-ci il tarixli 3-13-68/2-30784/2025 nömrəli məktubundan görünür ki, Şəxs 04 avqust 2025-ci ildə səhər saatlarında Bərdə rayonu ərazisində yol-patrul xidməti əməkdaşı tərəfindən alkotester müayinəsindən keçirilməmişdir. Bununla da barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən irəli sürülmüş iddianın əksinə olaraq, 04 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Qədirov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Qədirov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev