Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-38/2025 17.08.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 iştirakları ilə xx xxx 1978-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru işləyən, Şuşa şəhəri Pənahxan küçəsi ev 1-də qeydiyyatda olan, faktiki olaraq Şuşa şəhəri «Dəmir Yumruq» küçəsi bina 11 mənzil 1-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 08 avqust 2025-ci ildə saat 19.30-da idarə etdiyi “Range Rover” markalı 10OL016 qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu istiqamətindən gələrək Xankədi şəhərinin girişində, həmin şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postuna – “2-ci blok post”a yaxınlaşmış, lakin avtomobildə olan 2 (iki) nəfər sərnişinin Xankəndi şəhərinə portal üzərində giriş icazəsi olmadığından, qeyd olunan sərnişinlərin şəhərə girişinə icazə verilməməsi onun hiddətinə səbəb olmuş, qısa müddət sonra təkrarən posta qayıdaraq, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş yəni, birincisi orada ünvansız nalayiq ifadələr işlətmiş, habelə ikincisi yaxınlıqdakı icarə əsasında işlətdiyi hotelin həyətindən mənbəyini götürməklə posta gələn su xəttini bağlamaqla polisləri hədələmiş və qısa müddət sonra suyu bağlamaqla 24 saat ərzində posta su verilişini dayandırmış və bu hal nəticədə posta xidmət aparan polis əməkdaşlarının ciddi formada iş rejiminin pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, icarə əsasında qeyriyaşayış sahəsi götürməklə Xankəndi şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 08 avqust 2025-ci ildə saat 19.30-da idarə etidiyi “Range Rover” markalı 10OL016 qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu istiqamətindən gələrək Xankədi şəhərinin girişində, həmin şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postuna – “2-ci blok post”a yaxınlaşmış, lakin avtomobildə olan 5 nəfər sərnişindən 2 nəfərinin Xankəndi şəhərinə giriş icazəsi olmamışdır. Belə olan halda polis əməkdaşı həmin iki nəfər sərnişinin şəhərə girişinə icazə verilməmişdir. Polis əməkdaşından xahiş etsə də, sonuncu qərarından daşınmamışdır. Avtomobildə olan üç nəfər sərnişin postu piyada keçərək getmiş və özü icazəsi olmayan iki nəfər şəxsi, yəni ailə üzvlərini Şuşa şəhərinə yola salıb, təkrarən posta qayıtmışdır. Postu keçdikdən sonra polis əməkdaşlarının suyu lazımsız yerə axıtdıqlarına görə təndiq etmişdir. Belə ki, həmin posta gələn su borusunun mənbəsi onun icarə əsasında işlətdiyi hotelin həyətində yerləşir, lakin polislərin sudan istifadəyə görə ödənişinin ona aidiyyəti yoxdur. Postda su açılan zaman hotelin yuxarı mərtəbələrinə su qalxmır. Bundan sonra hotelə gələrək posta gedən su xəttini bağlamışdır. O, polis postunda ucu səslə nalayiq ifadə işlətməmişdir. Belə olan halda onun barəsindəki inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib olunmuşdur. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri X5 ifadəsində göstərmişdir ki, 08 avqust 2025-ci ildə Xankədi şəhərinin girişində, həmin şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda – “2-ci blok post”da xidmətdə olmuşdur. Eyni vaxtda blok postlarda 8 – 10 nəfər polis əməkdaşı xidmət aparır. Hazırda Xankəndi və Şuşa şəhərlərinə yeni yol infrastrukturunun çəkilişi ilə əlaqədar olaraq postun yerləşdiyi ərazi hər tərəfdən tozun içərisindədir. Posta gələn yeganə su xətti başlanğıcını yaxınlıqdakı hotelin həyət yanı sahəsindəki su kəmərindən götürür. Həmin su kəməri hotelin həyətində yerləşsə də, kəmərin hotelə aidiyyati yoxdur. Postə gələn su sərfiyyatına görə məsrəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ödənilir. Havalar şiddətli formada isti keçdiyindən demək olar ki, günün hər saatında xidmətin normal təşkili üçün tozluq sahələr sulanır. Əks halda avtomobillərin və ya küləyin təsirindən yaranan toz postda xidmətin normal təşkilinə və vətəndaşların rahat keçidinə ciddi maneə yaradır. Şəxs 19.30-da idarə etidiyi “Range Rover” markalı 10OL016 qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu istiqamətindən gələrək “2-ci blok post”a yaxınlaşmış, lakin avtomobildə olan 2 (iki) nəfər sərnişinin Xankəndi şəhərinə portal üzərində giriş icazəsi olmadığından, qeyd olunan sərnişinlərin şəhərə girişinə icazə verilməmişdir. Şəxs nə qədər təkid etsə də, icazəsi olmayan vətəndaşlar Xankəndi şəhərinə buraxılmamışdır. Bundan sonra Şəxs geri qaytmış və qısa müddət sonra posta daxil olub, avtomobili saxlayaraq yerə düşmüş və uca səslə ünvansız nalayiq ifadələr işlətmiş, onun bu hərəkəti postda işin qısa müddət ləngiməsinə səbəb olmuşdur. Şəxs intizama dəvət olunsa da, buna məhəl qiymamış, qərəzli hərəkətlərini davam etdirmişdir. Hələ bu azmış ki, Şəxs icarə əsasında işlətdiyi hotelin həyətindən posta gələn su xəttin bağlamaqla onları hədələmiş və getmişdir. Təxminən beş dəqiqə sonra posta gələn su kəsilmiş və nəticədə post 24 saat susuz qalmışdır. Posta 24 saat suyun verilməməsi oradakı iş rejimini ciddi formada pozulmasına və polis əməkdaşların tozun içərisində qalmasına, eləcə də, digər problemlərə səbəb olmuşdur. Yalnız 09 avuqst 2025-ci ildə posta suyun verilişi bərpa edilmişdir. Şahid ifadəsində həmçinin qeyd etmişdir ki, yol tikintisi ilə əlaqədar olaraq “2-ci blok post”da quraşdırılmış kameralar işləmir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X3 digər şahid X1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 izahatında göstərmişdir ki, Şəxs 08 avqust 2025-ci ildə saat 19.30-da idarə etidiyi “Range Rover” markalı 10OL016 qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu istiqamətindən gələrək Xankəndi şəhərinin girişində, həmin şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postuna – “2-ci blok post”a yaxınlaşmış, lakin avtomobildə olan 2 (iki) nəfər sərnişinin Xankəndi şəhərinə portal üzərində giriş icazəsi olmadığından, qeyd olunan sərnişinlərin şəhərə girişinə icazə verilməməsi onun hiddətinə səbəb olmuş, qısa müddət sonar təkrarən posta qayıdaraq, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş yəni, birincisi orada ünvansız nalayiq ifadələr işlətmiş, habelə ikincisi yaxınlıqdakı icarə əsasında işlətdiyi hotelin həyətindən mənbəyini götürməklə posta gələnə su xəttini bağlamaqla polisləri hədələmiş və qısa müddət sonra suyu bağlamaqla 24 saat ərzində posta su verilişini dayandırmış və bu hal nəticədə posta xidmət aparan polis əməkdaşlarının ciddi formada iş rejiminin pozulmasına səbəb olmuş, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 14 avqust 2025-ci ildə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 14 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün manqa komandiri X5 tərəfindən 08 avqust 2025-ci ildə tərtib olunmuş raportun məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19.30-da PPXB-nin polis nəfəri, polis sıravisi X3 ilə birlikdə Xankəndi ŞPŞ-nin inzibati ərazisində yerləşən 2-ci blok postda xidmətdə olan zaman "Range Rover" markalı 10OL016 dövlət nömrə nişanlı avtomobil Şuşa şəhəri istiqamətindən gələrək posta yaxınlaşmış və sənədləri yoxlanılan zaman sürücünün və avtomobildə olan beş nəfər sərnişindən ikisinin işğaldan azad olmuş ərazilərə giriş-çıxışa icazələrinin olmadığı tərəfimizdən müəyyən edilmişdir. Həmin vaxt icazələri olan vətəndaşlar piyada şəhər ərazisinə daxil olmuş, sözügedən avtomobilin sürücüsü isə ilk əvvəl postdan kənarlaşmışdır. Təxminən 10 dəqiqə sonra adı bizə sonradan məlum olan sürücü Şəxs yenidən idarə etdiyi avtomobillə aqressiv sürüşlə saxlamadan postu keçib bir qədər irəlidə saxlamış və maşından düşərək ünvansız nalayiq ifadələr işlədərək postu su ilə təmin edən müvəqqəti xətti kəsəcəyini bildirmişdir. Bundan təxminən 5 dəqiqə sonra isə posta gələn su kəsilmişdir. - Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 14 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 avqust 2025-ci ildə saat 19.30-da idarə etidiyi “Range Rover” markalı 10OL016 qeydiyyat nişanlı avtomobillə Şuşa rayonu istiqamətindən gələrək Xankədi şəhərinin girişində, həmin şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postuna – “2-ci blok post”a yaxınlaşmış, lakin avtomobildə olan 2 (iki) nəfər sərnişinin Xankəndi şəhərinə portal üzərində giriş icazəsi olmadığından, qeyd olunan sərnişinlərin şəhərə girişinə icazə verilməməsi onun hiddətinə səbəb olmuş, qısa müddət sonar təkrarən posta qayıdaraq, ictiami qaydanı pozan hərəkətlərə yol vermiş yəni, birincisi avtomobildən düşməklə orada ünvansız nalayiq ifadələr işlətmiş, habelə ikincisi yaxınlıqdakı icarə əsasında işlətdiyi hotelin həyətindən mənbəyini götürməklə posta gələnə su xəttini bağlamaqla polisləri hədələmiş və qısa müddət sonra suyu bağlamaqla 24 saat ərzində posta su verilişini dayandırmış və bu hal nəticədə posta xidmət aparan polis əməkdaşlarının ciddi formada iş rejiminin pozulmasına səbəb olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərə tutulmuş xırda xuliqanlıq əməli obyektiv cəhətdən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair» 12 oktyabr 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə cinayət hüquqi anlamda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Müvafiq qərarda əks olunmuş hüquqi mövqeyin məzmunundan görünür ki, ictimai qaydanın obyektini aşağıdakılar təşkil edir: - nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyəti; - kütləvi tədbirin və ya ictimai asayişin pozulması; - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan hərəkət; - qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər. Şəxs tərəfindən qeyd olunan hərəkətlərdən hər hansı birinin törədilməsi əməlin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsifinə əsas olur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin barəsində tərtib olunmuş 14 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməlin məzmununda görünür ki, o, həm Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postun – “2-ci blok post”un normal fəaliyyətini, həm də, qeyd olun postda ictimai asayişi pozmuşdur. İ. Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postun – “2-ci blok post”un normal fəaliyyətinin pozulması halının hüquqi qiymətləndirilməsi: İş üzrə toplanmış sübutlarla, xüsusilə Şəxs izahatı ilə mübahisəsiz qaydada müəyyən olunur ki, “2-ci blok post”a gələn su xətti başlanğıcını barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin icarəsində olan hotelin həyətyanı sahəsindəki su kəmərindən götürür. Şəxs 08 avqust 2025-ci ildə saat 20 radələrində həmin postda ona qarşı edilmiş hərəkətdən, yəni Xankəndi şəhərinə giriş icazəsi olmayan ailə üzvlərinin şəhərə buraxılmamasından hiddətlənərək həmin gün hotelini həyətindən posta gələn su xəttinini bağlamışdır. Bu hal “2-ci blok post”un normal fəaliyyətini ciddi surətdə pozmuşdur. Belə ki, 24 saat ərzində postda xidmət aparan 8-10 əməkdaş susuz qalmışdır. Bununla yanaşı Xankəndi və Şuşa şəhərlərinə yeni yol infrastrukturunun çəkilişi ilə əlaqədar olaraq postun yerləşdiyi ərazinin mütəmadi olaraq sulanmaması, ərazinin maşınların hərəkətindən tozlanmasına səbəb olmuşdur ki, bu halda öz növbəsində postda təşkil olunan xidmətin keyfiyyətinə və vətəndaş mənnunluğuna əhəmiyyətli dərəcədə zərər vurmuşdur. Artıq bu hal Şəxs qeyd olunan hərəkəti ilə həmin tarixdə Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postun – “2-ci blok post”un normal fəaliyyətin pozulması təsdiq edilir. İİ. Xankəndi Şəhər Polis Şöbəsi tərəfindən şəhərə giriş-çıxış üçün təşkil edilmiş nəzarət postunda – “2-ci blok post”da ictimai asayişin pozulması halının hüquqi qiymətləndirilməsi: Məhkəmə araşdırması zamanı iş üzrə şahid qismində dindirilmiş şəxslər Şəxs 08 avqust 2025-ci ildə saat 20 radələrində “2-ci blok post”da ünvansız nalayiq ifadələr işlətməsini bildirsələrdə, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs bu halı təkzib etmişdir. Şəxs qeyd olunan halı təkzib etsə də, onun 08 avqust 2025-ci ildə saat 20 radələrində ikinci dəfə postu keçdikdən sonra, orada hər hansı bir işi olmadağı halda postda dayanması və özünün qeyd etdiyi kimi polisləri “tənqid etməsi” onun həmin vaxt uca səslə nalayiq ifadələr işlətməsi halını təkzibedilməz qaydada təsdiq edir. Bu hal həmin vaxt postda ictimai asayişin qısa müddətə pozulmasına səbəb olmuşdur. Bununla da barəsində inzibati xəta üzrə icraat aparılan şəxs tərəfindən irəli sürülmüş iddianın əksinə olaraq, 14 avqust 2025-ci il tarixli MN 2262131nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Xəlilov X4 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Şəxs münasibətdə inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. İş üzrə barəsində inzibati icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, yəni xətanın işğaldan azad olunmuş ərazidə dövlətin milli təhlükəsizliyi baxımından 24 saat xidmət göstərən polis əməkdaşlarına qarşı törədilməsini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Xəlilov X4 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində 4 (dörd) gün müddətə inzibati həbs tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xəlilov X4 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 4 (dörd) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin başlanğıcı 17 avqust 2025-ci il saat 09.00-dan hesablansın. Qərar dərhal icra olunmaqla, icrası Xankəndi Şəhər Polis Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev
Məhkəmə qərarları › İş №3(065)-38/2025
Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-38/2025
17.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver