Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-39/2025 18.08.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə İmişli rayonu Məzrəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Gəncə təndirdə” müdir işləyən, İmişli rayonu Məzrəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 18 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, “Şəxs 18 avqust 2025-ci il tarixdə saat 02 radələrində sərxoş vəziyyətdə polisin qanuni tələbinə tabe olmamışdır”. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddə üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 17 avqust 2025-ci ildə axşam saatlarında qeyri-rəsmi nikah münasibətində yaşadığı qadınla Xankəndi şəhərində yerləşən restoranların birində yemək yeyən zaman bir qədər spirtli içki qəbul etmişlər. 18 avqust 2025-ci il saat 2 radələrində restorandan qaldıqları evə gələn zaman sərxoş olduqları üçün qadın yeriyə bilməmiş və yerə yıxılaraq qışqırmağa başlamışdır. Bu zaman onun hərəkətlərinə əsəbləşdiyi üçün özüdə ərazidə səs-küy salmışdır. Bundan narahat olan həmin ərazidə yaşayan sakinlər ərazidə xidmət aparan pols əməkdaşlarına məlumat vermişlər. Polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Bu zaman polisin tələbinə əsasən heç bir maneə göstərmədən onlarla polis şöbəsinə getmişdir. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X5 ifadəsində göstərmişdir ki, 18 avqust 2025-ci ildə saat 2 radələrində iş yoldaşı X6 ilə xidmətdə olmuşdur. Həmin vaxt “Araz market”in yanından keçərkən ərazidən yüksək qışqırtı səsləri gəldiyini eşitmişlər. Həmin yerə gedən zaman orada yaşan sakinlər onlara yaxınlaşaraq bir nəfər kişi ilə bir nəfər qadının sərxoş vəziyyətdə ərazidə səs-küy saldıqlarını demişlər. Belə olan halda ərazidə səs-küy salan şəxslərin birinin Şəxs, digərinin isə sonuncunun yaşadığı qadın olduğunu müəyyən etmişlər. Hər iki şəxs polis şöbəsinə dəvət olunmuşdur. Şəxs polis şöbəsinə dəvət olunan zaman nə ona, nə də ki, İntizam Mürsəlova müqavimət göstərməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri X6 digər şahid X2 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs, Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X3 izahatında göstərmişdir ki, Xankəndi Şəhər Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri X4 18 avqust 2025-ci il tarixli raportu əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində olan ictimai qaydanın pozulması ilə bağlı əmələ istintaq bölməsi tərəfindən hüquqi qiymət veriləcəyi üçün, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunmamışdır. Məhkəmə iş materiallarını və şahid ifadələrini araşdıraraq hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərə tutulmuş əməl obyektiv cəhətdən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqla törədilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis Şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri – X5 və X4 ifadələri ilə müəyyən olunur ki, Şəxs 18 avqust 2025-ci ildə saat 02 radələrində onların hər-hansı qanuni tələbinə tabesizlik göstərməmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:
1. inzibati xəta hadisəsi;
2. inzibati xəta törətmiş şəxs;
3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər. Xankəndi Şəhər Polis Şöbəsinin qanun qeyd olunan normasına riayət etməməsi İnzibati Xətalar Məcəlləsinin 535.1.1-ci maddəsinə əsasən “inzibati xəta hadisəsi olmadıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də, məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən İlkin Abdullayev