Məhkəmə qərarları › İş №3(065)-45/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-45/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-45/2025 02.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 iştirakları ilə xx xxxx 1997-cı ildə Tərtər rayonu Qaynaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, avtoyuma məntəqəsində yuyucu işləyən, Tərtər rayonu Qaynaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 157 və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 25 iyul 2025-ci ildə axşam saatlarında Xankəndi şəhərində müvəqqəti məskunlaşdığı mənzildə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüş, habelə sonuncuya məxsus “Honor CRT-NX1” markalı mobil telefonu sındıraraq ona 950 (doqquz yüz əlli) manat məbləğində maddi zərər vurmuşdur. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli və həmin məcəllənin 157-ci maddəsi ilə 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 2025-ci ilin fevral ayında Xankəndi şəhərinə işləmək üçün gəlmişdir, hal-hazırda avtoyumada işləyir. Ailəsi ilə birlikdə Xankəndi şəhərində yaşayır. Arvadının qohumu Zərərçəkmiş şəxs Xankəndi şəhərində qalacaq yeri olmadığı üçün 15 iyul 2025-ci ildə onların yaşadığı mənzilə gəlmişdir. 25 iyul 2025-ci ildə arvadı həkimə gedən zaman Zərərçəkmiş şəxs ilə evdə tək qalmış və bu zaman sonuncu onu ona qarşı əxlaqsız təklif etməkdə ittiham etməklə, mübahisə etmişdir. Mübahisənin gedişində Əsli arvadı Qərənfilə zəng edərək onu evə çağırmış, sonuncuya onun barəsində yalan məlumat – guya Əsliyə əxlaqsız hərəkət təklif etməsini demişdir. Bundan sonra Qərənfil onunla mübahisə etməyə başlamışdır. Mübahisənin gedişində Əsli ona yaxınlaşan zaman sonuncunu əli ilə itələmiş, eləcə də, mobil telefonunun alaraq kənara atmışdır. Əməlində inzibati xəta hadisəsi olmadığına görə, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 15 iyul 2025-ci ildə Xankəndi şəhərinə işləmək üçün gəlmişdir. Bu müddət ərzində qohumu X2 və onun qeyri-rəsmi nikahda yaşadığı Şəxs müvəqqəti məskunlaşdığı mənzildə qalıb. Şəxs bu müddət ərzində mütəmadi olaraq ona əxlaqsız təkliflər etmişdir. Buna görədə o, sonuncu ilə arasında keçən söhbəti telefonun diktofonu ilə qeydə almışdır. Şəxs evdə olmadığı zaman həmin səsləri Qərənfil İsmayılovaya dinlətmişdir, bundan sonra sonuncu zəng edərək Şəxs evə çağırıb mübahisə etməyə başlayıb səs yazıları görən Şəxs əsəbləşərək həmin telefonu yerə vuraraq sındırmış və onu döyməklə ona bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsi sahə rəisi X3 bildirmişdir ki, 25 iyul 2025-ci ildə Zərərçəkmiş şəxs Xankəndi Şəhər Polis şöbəsinə müraciət edərək Şəxs onu döyməklə “Honor CRT-NX1” markalı mobil telefonunu sındırdığını bildirmişdir. Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman həmin telefonun yararsız vəziyyətdə olduğu aşkar edilmişdir. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli və həmin məcəllənin 157-ci maddəsi ilə 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs onlara qonaq gəlmişdir. 25 iyul 2025-ci ildə Əsli Ramazova ona müxtəlif səs yazıları dinlətmişdir, bundan sonra o, Şəxs evə çağırıb mübahisə edən zaman telefon düşüb yerə sınıb. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli və 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokollarda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan “Honor CRT-NX1” markalı mobil telefon sındırılaraq yarasız vəziyyətə düşmüşdür. - Canlı şəxsin məhkəmə-tibbi ekspertizasmı ilə bağlı 25 avqust 2025-ci il tarixli 678 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur, “Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol saidin 3/1-nin arxa səhtinin, aşağı 3/1-nin ön səhtinin çapıq toxumaları (səhti kəsilmiş yara izləri) kəsici təsir göstərə bilən alət (alətlər) ola bilsin bıçaq, sol saidin orta 3/1-nin arxa səhtinin, sağ saidin aşağı 3/1-nin ön səhtinin çapıq toxumaları (əzilmiş yara izləri) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 25 iyul 2025-ci tarixə uyğun gəlir və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.“ - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 25 iyul 2025-ci ildə Xankəndi şəhəri ərazisindən ümumi dəyəri 950 (doqquz yüz əlli) manat olan, 01 (bir) ədəd “Honor CRT-NX1” markalı mobil telefon sındırması, habelə onun Zərərçəkmiş şəxs döyməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər . Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli və 02 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollarda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməlləri düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən “Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir”. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq olunmaqla, ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar