Məhkəmə qərarları › İş №3(065)-51/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-51/2025

13.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-51/2025 13.09.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X1 iştirakı ilə xx xxxx 1993-cü ildə Ağdam rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Laçın rayonu Kaha kəndində kəndində qeydiyyatda olan, faktiki olaraq Kürdəmir rayonu məcburi köçkün düşərgəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 12 sentyabr 2025-ci ildə saat 19 radələrində Xankəndi şəhərində baş vermiş avtoxuliqanlıq hadisəsi ilə bağlı Xənkəndi Şəhər Polis Şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni hərəkətlərinə qəsdən tabe olmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 13 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələr üzrə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, hadisədən əvvəl iş axtarmaq üçün Xankəndi şəhərinə gəlmişdir. 12 sentyabr 2025-ci ildə axşma saatlarında tanışı X4 ilə birlikdə Xankəndi şəhərində yerləşən kafelərin birində şam edərkən, iki nəfər 750 qram araq içmişlər. Sərvər Vəliyev həmin vaxt tamamilə sərxoş olsa da, özünə məxsus «VAZ-21723» markalı 10VR017 qeydiyyat nişanlı avtomobili idarə etməklə qaldıqları mənzilə doğru istiqamətlənmişlər. Sərvər Vəliyev alkoqol təsiri altında olduğu üçün avtomobili idarə edərkən sürət həddinə, habelə yol hərəkət qaydalarına və nişanlarına riayət etməmişdir. Hətta yolda polis əməkdaşları onun təhlükəli manevrlər etməsini görüb saxla əmri vermələrini belə görməmişdir. Yalnız avtomobili qaldığı binanın qarşısında saxladıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmış və polis şöbəsinə dəvət etmişlər. Bu zaman sərxoş olduqları üçün həm özü, həm də, Sərvər Vəliyev polis əməkdaşlarına müqavimət göstərmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis X7 Xidməti Bölüyünün polis nəfəri Şahid1 izahatında göstərmişdir ki, 12 sentyabr 2025-ci ildə axşam saatlarında şəhər ərazisində xidmətdə olan zaman «VAZ-21723» markalı 10VR017 qeydiyyat nişanlı avtomobilin mərkəzi küçədə yüksək sürətlə ziqzaq hərəkətlə etməsini, əks hərəkət zolağına çıxaraq təhlükəli manevrlə etməsini görmüşlər və bu barədə digər xidmətlərə məlumat ötürmüşlər. Polis əməkdaşları avtomobili saxladıqdan sonra Sərvər Vəliyevi və onun yanındakı sərnişin Şəxs polis şöbəsinə dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xankəndi Şəhər Polis X7 Xitməti Bölüyünün polis nəfəri Şahid2 digər Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişlər. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs 12 sentyabr 2025-ci ildə saat 19 radələrində Xankəndi şəhərində baş vermiş avtoxuliqanlıq hadisəsi ilə bağlı Xənkəndi Şəhər Polis Şöbəsinə dəvət olunan zaman polis əməkdaşlarının qanuni hərəkətlərinə qəsdən tabe olmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 13 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 13 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoloda təsvir olunmuş əməlləri törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən toplanmış aşağadıka sübutlarla da təsdiq olunur: - “Alcovisor – Jupiter X” markalı xüsusi texniki vasitə ilə 13 sentyabr 2025-ci ildə saat 15.22-də aparılan müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıdan görünür ki, Şəxs müayinədən keçirilməmişdən qabaq cizah avtomatik rejimdə test edilmiş və nəticə 0,000 promilli olmuşdur. Müayinə nəticəsində Şəxs qanında alkoqolun konsentrasiyası 0,319 promilli olmuşdur - “İnzibati qaydada tutma haqqında” 12 sentyabr 2025-ci il tarixli BB 812 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19.00-da inzibati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: - inzibati xəta hadisəsi; - inzibati xəta törətmiş şəxs; - inzibati xəta törətməkdə şəxsin təqsiri. Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə qanunun qeyd olunan normalarının işığında yuxarıda qeyd edilən sübutları tədqiq edərək hesab edir ki, 13 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin tələbi nəzərə alınmaqla inzibati tənbeh təyin edilməlidir. Şəxs münasibətdə inzibati xətalar haqqında iş üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən “ İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz”. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona qeyd olunan maddə ilə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar