Məhkəmə qərarları › İş №3(065)-6/2024

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-6/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-6/2024 21.06.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə xx xxxx 1975-ci ildə Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xankəndi şəhərində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs “İnzibati tənbeh vermə haqqında” 08 fevral 2024-cü il tarixli qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə barəsində həmin Məcəllənin 529.3-cü maddəsi ilə 09 may 2024-cü ildə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumati verilməməsinə baxmayaraq Şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərkən vəzifəli şəxsin gəldiyi yekun nəticəni təsdiq edən sübutlar:

1. “İnzibati tənbeh vermə haqqında” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şəxs 29 dekabr 2023-cü ildə Bakı şəhərində törədiyi inzibati xətaya görə barəsində tərtib olunmuş həmin tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin veb portalından 09 may 2024-cü ildə edilmiş çıxarışın məzmunundan görünür ki, Şəxs barəsində olan “İnzibati tənbeh vermə haqqında” 08 fevral 2024-cü il tarixli qərarı icra etməmiş və ona əlavə olaraq 20 manat 40 qəpik dəbbə pulu hesablanmışdır.

3. “İnzibati xəta haqqında” 09 may 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “İnzibati tənbeh vermə haqqında” 08 fevral 2024-cü il tarixli qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş üzrə toplanmış sübutlarla müəyyən edilir ki, Şəxs “İnzibati tənbeh vermə haqqında” 08 fevral 2024-cü il tarixli qərara əsasən həmin tarixdə törədilmiş inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmasına baxmayaraq, qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və buna görə də, onun əməli əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tövsif edilmişdir. Buna baxmayaraq məhkəmə aşağıdakı qeyd olunan əsasa görə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəzindən görünür ki, Şəxs barəsində tərtib olunmuş 08 fevral 2024-cü il tarixli İXP ******* nömrəli protokol üzrə 40 manat cəriməni və 20,4 manat dəbbə pulunu ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən “Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur”. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən “bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 53, 112, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar