Məhkəmə qərarları › İş №3(065)-62/2025

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-62/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-62/2025 17.11.2025 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi ilə "xxxx" (hazırda – Şəxs) Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra – "xxxx" MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Qarabağ regional şöbəsi (bundan sonra – X1 Xidmətinin Qarabağ regional şöbəsi) tərəfindən tərtib olunmuş 24 oktyabr 2025-ci il tarixli ******* inzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" MMC-nin ünvanına ƏƏMN-nin Qarabağ regional şöbəsi tərəfindən 3-17-5/2-83877/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya görə tələb olunan məlumatın verilməmişdir”. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş "xxxx" MMC-nin və X1 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunan əsaslara görə qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş əməl obyektiv cəhətdən (hazırki işə münasibətdə) əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi ilə törədildir. Müvafiq maddə üzrə hazırki işə münasibətdə inzibati xəta tərkibinin yaranması üçün iki zəruri şərt mövcud olmalıdır:

1. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqan – X1 Xidmətinin Qarabağ regional şöbəsi "xxxx" MMC-yə sorğu ilə müraciət etməli (sorğunun rəsmi qaydada verilməsi təsdiq olunmaqla);

2. "xxxx" MMC soruğunu rəsmi qaydada aldıqdan sonra, orada əks olunmuş müddət ərzində sorğuya cavab verməməlidir. Yalnız müəyyən olunmuş müddətin sonuncu günündən sonrakı gün inzibati xətanın törədildiyi vaxt sayılır. Buna görə də, məhkəmənin araşdırma predmetini ilk olaraq birinci hal – X1 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən 18 sentyabr 2025-ci il tarixli 3-17-5/2-83877/2025 nömrəli sorğunun "xxxx" MMC-yə təqdim olunub-olunmamasının müəyyən edilməsidir. İnzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik olan vəzifəli şəxs buna dair aşağıdakı sənədləri məhkəməyə təqdim etmişdir: - X1 Xidmətinin Qarabağ regional şöbəsinin 14 noyabr 2025-ci il tarixli 3-17-5/2- 105361/2025 nömrəli məktubundan görünür ki, 18 sentyabr 2025-ci il tarixli 3-17- 5/2-83877/2025 nömrəli sorğunun "xxxx" MMC-nin ünvanına çatdırılması uğursuz olmuş, lakin MMC-nin şəxsi kabinetinə **********5075 saylı məktub yerləşdirilmişdir. - Həmin məktuba X1 Xidmətinin Qarabağ regional şöbəsinin “ƏMAS” veb səhfəsindən 3 ədəd ekran görüntüsü əlavə edilmişdir. Müvafiq ekran görüntülərində yalnız **********5075 nömrəli məktubun 06 oktyabr 2025-ci ildə qeydə alınması və 08 oktyabr 2025-ci ildə imzalanması ilə bağlı proseslər əks olunur. Orada həmin məktubun trayektoriyası, yəni onun "xxxx" MMC-yə göndərilməsi göstərilməmişdir. Müvafiq məktub və onun təhlili onu deməyə əsas verir ki, qeyd olunan sorğu ilə bağlı iş materiallarında ziddiyyətlər mövcuddur. Birinci – sorğu məktubu 08 oktyabr 2025-ci ildə imzalandığı halda, 18 sentyabr 2025-ci ildə "xxxx" MMC-yə necə göndərilmişdir?! İkinci – 24 oktyabr 2025-ci il tarixli ******* inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin şəxki kabinetinə **********3198 nömrəli məktubun daxil edildiyi əks olunsa da, 14 noyabr 2025-ci il tarixli 3-17-5/2-105361/2025 nömrəli məktub və ona əlavə olunmuş sənədlərdə Cəmiyyətin şəxsi kabinetinə **********5075 nömrəli məktubun yerləşdirilməsindən bəhs olunur. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” təlimatın 150-ci bəndinə əsasən «Göndərən tərəf elektron sənədin qəbul edildiyi barədə elektron bildirişi alanadək, …. elektron sənəd alınmamış hesab olunur». Müvafiq bildiriş X1 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bununla da, 18 sentyabr 2025-ci il tarixli 3-17-5/2-83877/2025 nömrəli sorğunun nə fiziki, nə də ki, online qaydada "xxxx" MMC-yə təqdim olunması təsdiq edilmir. Beləliklə yuxarıda əks olunmuş hüquqi mövqeyi işin müəyyən olunmuş faktiki halını uzlaşdırdıqda İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş əməlin yaranması üçün birinci halın – X1 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən göndərilmiş sorğunun"xxxx" MMC-yə rəsmi qaydada təqdim olunması sübuta yetmir. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər X1 Xidmətinin Qarabağ regional şöbəsinin qanun qeyd olunan normasına riayət etməməsi təqsirli olmayan "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən “İnzibati xəta hadisəsi olmadıqda” inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə aparılmış araşdırma zaman "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığı müəyyən edilmişdir. Buna görə də, məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar