Məhkəmə qərarları › İş №3(065)-9/2024

Xankəndi Şəhər Məhkəməsi Qərar — İş №3(065)-9/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xankəndi Şəhəri İş № 3(065)-9/2024 24.07.2024 XANKƏNDİ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs, inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs – Xankəndi Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X1 iştirakları ilə xx xxxx 1986-cı ildə Yevlax rayonu Nurallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Fərid” inşaatda fəhlə işləyən, Yevlax rayonu Nurallar kəndində qeydiyyatda olan və yaşayan, 23 iyul 2024-cü ildə saat 23.45-də inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 23 iyul 2024-cü ildə saat 22.40-da istifadəsində olan “VAZ-2106” markalı 10KC876 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol patrul bölməsi əməkdaşlarının qanuni tələbinə – “avtomobili saxla” əmrinə qəsdən tabe olmayaraq hadisə yerindən yayınmış və buna görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 24 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, 23 iyul 2024-cü ildə axşam saatlarında istifadəsində olan “VAZ-2106” markalı 10KC876 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhəri ərazisində idarə edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol patrul bölməsi əməkdaşlarının “avtomobili saxla” əmrinə tabel olmayaraq təhlükəli manevrlər etməklə hadisə yerindən uzaqlaşmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs X3 izahatında göstərmişdir ki, Şəxs 23 iyul 2024-cü ildə saat 22.40-da istifadəsində olan “VAZ-2106” markalı 10KC876 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol patrul bölməsi əməkdaşlarının qanuni tələbinə tabe olmaması ilə bağlı tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs qeyd olunan hərəkətə yol verdiyini etiraf etmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin 24 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı, həmçinin inzibati xətalar haqqında iş üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən toplanmış aşağıdakı sübutlarla da təsdiq olunur: - Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol patrul bölməsinin Yol patrul xidməti inspektoru Rabil Alıyev tərəfindən tərtib olunmuş 23 iyul 2024-cü il tarixli raportdan görünür ki, Şəxs 23 iyul 2024-cü ildə saat 22.40-da istifadəsində olan “VAZ-2106” markalı 10KC876 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol patrul bölməsi əməkdaşlarının qanuni tələbinə – “avtomobili saxla” əmrinə qəsdən tabe olmayaraq təhlükəli manevrlər etməklə hadisə yerindən uzaqlaşmışdır. - Şəxs 24 iyul 2024-cü il tarixli izahatının məzmunundan görünür ki, o, məhkəmədə verdiyi izahata uyğun məzmunlu izahat verməklə, yol patrul xidməti inspektorunun “saxla” əmrinə qəsdən tabe olmadığını etiraf etmişdir. - Şəxs barəsində tərtib olunmuş 24 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, o, 23 iyul 2024-cü ildə saat 22.40-da istifadəsində olan “VAZ-2106” markalı 10KC876 dövlət qeydiyyat nişanlı avtomobili Xankəndi şəhərində idarə edərkən Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət yol patrul bölməsi əməkdaşlarının qanuni tələbinə – “avtomobili saxla” əmrinə qəsdən tabe olmayaraq hadisə yerindən yayınmışdır. - “İnzibati qaydada tutma haqqında” BB 194256 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23.45-də inzitbati qaydada tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir:

1. inzibati xəta hadisəsi;

2. inzibati xəta törətmiş şəxs;

3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Qeyd olunan normaya əməl edilməməsi təqsirli olmayan şəxsin inzibati məsuliyyətə cəlb olunması və ya inzibati xəta hadisəsinin baş verməsində təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnə bilər. Bu, öz növbəsində inzibati xətalar qanunvericiliyinin əsaslandığı insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında tədqiq olunmuş yuxarıda qeyd edilən sübutların məcmusu ilə 24 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda təsvir olunmuş inzibati xəta hadisəsinin baş verməsi, həmin xətanın Şəxs tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirilmişdir. Buna görə də, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində inzibati tənbeh təyin edilməlidir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə münasibətdə inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hal yoxdur. Məhkəmə barəsində inzibati xəta üzrə icraat aparılan şəxsə inzibati tənbeh təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası inzibati xəta qanunvericiliyinin prinsiplərini, inzibati tənbehin məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 6.1, 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir», «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Təsvir edilən normaların məzmunundan belə görünür ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub tənbehin müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. “Elektron məhkəmə portalı”ndan 24 iyul 2024-cü ildə əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 2 nəfər azyaşlı – xx.xx.2011-ci il təvəllüdlü Musa, xx.xx.2023-cü il təvəllüdlü Fəxri və 1 nəfər yetkinlik yaşına çatmayan – xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd adlı uşaq var. Məhkəmə barəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və himayəsində 2 (üç) nəfər azyaşlı və 1 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1 və 32.2-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hallar hesab edir. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən “İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz”. Məhkəmə inzibati tənbeh tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini və xətanı törədənin şəxsiyyətini, əmlak vəziyyətini, inzibati tənbehi yüngülləşdirən halı və tənbehi ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq tənbehin onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə təsirini, habelə onun inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 31.4- 1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.1, 115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla barəsində 150 (yüz əlli) manat məbləğdə cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xankəndi Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən İlkin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar