Məhkəmə qərarları › İş №3(066)-102/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-102/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-102/2025 24.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə oğlunun, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə Oruz qızı tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın saxlanılması üçün 200 manat pul məbləğində, eyni zamanda 03 may 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi Göygöl Rayonu İcra və Probasiya Şöbəsinin icraatına 04 noyabr 2024-cü il tarixdə daxil olmuş, icra vərəqəsinə əsasən isə alimentin hesablanması 14 avqust 2024-cü il tarixdən hesablanması göstərilmişdir. Şəxs əvvəlki tarixlərdə, xx.xx.2025-ci il tarixdə 200 manat, 2024-cü ilin dekabr ayında 250 manat, 27 noyabr 2024-cü il tarixdə 150 manat və 100 manat olmaqla cəmi 700 manat məbləğində qismən ödənişlər etmiş, bugünkü tarixə borclu Şəxs 800 manat aliment borcu yaranmışdır. İcra sənədi daxil olandan sonra borclu şəxs İcra və Probasiya Şöbəsinə çağırılmış və icra sənədinin icrası zərurəti ona izah edilmiş, aliment borcundan əlavə borclarından ödəməsi tələb olunmuş, lakin borclu hər dəfəsində ödənişi etməyə imkanı olmadığını, imkanı olan zaman ödəniş edəyəcəyini bildirmişdir. Həmçinin aliment borcu stabil şəkildə və vaxtında borclu tərəfindən ödənilmir, bu da tələbkarın narazılığına və şikayətinə səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq, inzibati xəta ilə bağlı protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, O, hazırda işləmir, iş olan zaman da fəhləlik edir. İşlədiyi zaman aliment borcundan aylıq 50 manat, 150 manat, 300 manat və s. məbləğində ödənişlər etmişdir. Onun başqa şəxsdən də 2 övladı var. Həmin uşaqlara da o baxır. Onun tələbkardan olan uşağı 10 aylıqdır. Tələbkarla onun rəsmi nikahı olmamış, uşaq tələbkarın istəyi ilə dünyaya gəlmişdir. Tələbkara olan borcunun 500 manat məbləği 2 ay müddətində məhkəmədə işə baxılan zaman yaranmışdır. Tələbkara dəfələrlə işi olmadığını, iş olan zaman borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin tələbkar 10 aylıq həmin körpəni yetişkin qızına tapşıraraq özü də işləyib ona baxa bilər. Əlavə olaraq bildirdi ki, uşaq dünyaya gələndən sonra onu atalıq verməsi üçün məcbur etmişlər, o, uşağın kimdən olduğunu heç özü də bilmir, bununla bağlı tələbkara dəfələrlə DNK-ya, digər orqanlara müraciət etməyi təklif etmişdir. Hazırda tələbkara olan borcundan 50 manatı 3-4 gün ərzində, yerdə qalan borcunu isə iş tapıb işlədikcə ödəyə bilər. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, o, körpə uşağına qonşulardan maddi kömək alaraq baxır. Borclu Şəxs ona hər dəfə borcu ödəyəciyini vəd edərək onu aldadır. O, Şəxs ilə 3-4 il bir yerdə yaşamışlar. Hazırda olan körpə uşaqdan əlavə onların qız uşaqları da olmuş, lakin borclu tərəf qız uşağını istəmədiyi üçün onu dünyaya gətirməkdən imtina etmişlər. Borclu oğlan uşağı olacağı halda onunla nikah bağlayacağını vəd etmiş, lakin oğlan uşağı olandan sonra onu ortada buraxmışdır. Hazırda uşaq 10-cu ayına keçibdir. Borclu ona DNK-ya getməyi təklif edən zaman o, borcluya yalnız məhkəmə qərarı əsasında DNK-ya getməyə razı olduğunu, özbaşına DNK-ya getməyəcəyini bildirmişdir. Hazırkı ayın alimentini ödəməsini tələb edir. Belə ki, o, kirayədə qalır, uşağa süd verir, işləyə bilmir. Borclunun 3-4 günə 50 manat ödəniş etməsi təklifi ilə razılaşmır, ödənişin bu gün edilməsini tələb edir. Borcun ödənilməyəcəyi təqdirdə borclu Şəxs inzibati qaydada tənbeh olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 1134/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 03 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün 14 avqust 2024-cü il tarixindən başlayaraq 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 03 may 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs bir uşağın saxlanılması üçün 200 manat, həmçinin 3 yaşı tamam olana kimi 50 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs izahatında yaranmış aliment borcunu ödəməyəcəyini, pulunun olmamasını bildirmiş, bugünkü tarixə 800 manat aliment borcu vardır. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1134/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 03 may 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün 14 avqust 2024-cü il tarixindən başlayaraq 200 (iki yüz) manat sabit pul məbləğində aliment və 03 may 2024-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 800 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda işləmədiyini və borcu ödəməyə pulu olmadığını bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun dərhal ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar