Məhkəmə qərarları › İş №3(066)-104/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-104/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-104/2025 26.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi (atası) Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Göygöl rayonu, Topalhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)- 326/2024 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmiş, Göygöl rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə1 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-527/2016 saylı, xx.xx.2016-cı il icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi hər birinin saxlanması üçün 16 fevral 2016-cı il tarixdən sabit məbləğdə 80 (səksən) manat cəmi 160 manat aliment tutularaq, X2 ödənilməsi qət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-450/2021 saylı, xx.xx.2021-ci il icra sənədinə əsasən tərəflərin birgə nikahdan olan 26 may 2013-cü il təvəllüdlü X7 və 01 yanvar 2016-cı il təvəllüdlü X8 anaları, yəni iddiaçı X1 yanında saxlanılması və 26 may 2013-cü il təvəllüdlü X3 və 01 yanvar 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs Behbud oğlundan iddiaçı X1 xeyrinə tutulan hər bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilməsi qət edilmişdir. Hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Borclunu barəsində ilk dəfə tərəflərindən xx.xx.2024-cü il tarixdə protokol tərtib edilmiş, protokol tərtib olunan tarixə borclunun icra sənədi üzrə 14400 manat borcu olmuş və o tələbkarla bir evdə yaşaması səbəbindən ödəməyəciyini bildirmiş və onların protokoluna əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərarın əsasən 15 gün müddətinə inzibati həbs edilmiş, məhkəmənin qərarından sonra borclu tərəfindən sentyabr, oktyabr, noyabr, yanvar və fevral ayaları üzrə mütamadi ödənişlər aparılmış, lakin icra sənədləri üzrə mövcud borcun yəni bu günkü tarixə olan 14286 manat aliment borcunu ödəyə bilməyəcəyini, bunu isə həmin yaranmış borcun məhkəmədə aliment öhdəliyindən azad olunması ilə bağlı iddiasının olmasını və onun nəticəsini gözləməsini bildirmişdir. Lakin onların araşdırması nəticəsində borclunun həmin tələbi üzrə iddiasının Daşkəsən Rayon Məhkəməsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən iddianın baxılmamış saxlanılması müəyyən edilmiş, bu səbəbdən borclu icra şöbəsinə dəvət edilərək, yaranmış bocun tam şəkildə ödənməsi tələb edilmiş lakin borclu tərəfindən onların tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, borclunun icra sənədləri üzrə bu günkü tarixə 14286 manat aliment borcu vardır. Göstərilən məbləğdə borc yığılanadək onlar tərəfindən borclunun borcu ödəməsi üçün mütamadi tədbirlər görülmüşdür. İcra işi onun icraatına 2019-cu il tarixdə verilmiş, həmin vaxt o tərəfləri çağırmış tərəflər həmin vaxt bir yerdə yaşamalarını bildirmiş, tərəflər birgə yaşamaları ilə bağlı arayış da təqdim etmiş, lakin o onlara birgə yaşamalarının indi və gələcəkdə aliment öhdəliyindən azad etməməsini izah etmişdir. Bundan sonra isə 2024-cü il tarixdə tələbkar rəsmi şəkildə icra şöbəsinə müraciət etmiş və tədbir görülməsini istəmiş, onlar borclunu dəvət etmiş və borcluya borcun ödəməsini izah etmişlər, borclu həmin borcun ödənməsini təmin etmədiyindən barəsində protokol tərtib olunmuşdur. 2019-cu ildən 2024-cü ilin avqust ayınadək borclunun barəsində protokol tərtib olunmamasının səbəbi onların birgə yaşamaları olmuşdur. Borclunun əmlak vəziyyəti barədə sistem vasitəsi ilə sorğu edilmiş, lakin bir nəticəsi olmamışdır. Avqust ayından bu vaxta qədər ödənilmiş aliment məbləğini tələbkar götürməmişdir. Təqdim olunmuş inzibati protokolu müdafiə edirlər və borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə qismən təqsirli bilir. Onların tələbkarla nikahları 2021-ci ildə pozulmuşdur. Nikahlarının pozulma səbəbi onların sosial yardım almaq istəməsi olmuşdur. İki dəfə sosial yardımla bağlı müraciət etsələr də onlara imtina gəlmişdir. 2016-cı ildə isə onlar arasında ailə mübahisələri olmuş və bundan sonra məhkəməyə düşmüşlər, məhkəmədə onlar nikahın pozulmaması və alimentlə bağlı razılığa gəlmişlər və məhkəmə tərəfindən aliment təyin edilmişdir. O ailəsinə baxmış, lakin guya ki o ailəsinə baxmaması və ac saxlamasına görə aliment təyin edilmişdir. O fəhlə işləməklə ailəsinə baxmış və ailəsinin əksik gərəyini ödəmişdir. O özünə bir şalvar belə alamamış lakin ailəsinə baxmışdır. Həmin dövür ərzində onlar mehriban yaşamışlar. 2021-ci il də isə demişlər ki, sosial yardım düzəltməlidirlər. Onun və arvadının iş yeri olmaması səbəbindən boşanma ilə sosial yardım düzəltmələrini bildirmişlər. O ailəsinə gücü çatanı etmiş və ailəsinin daha da gözəl yaşamasını, yoxsulluq çəkməmələri üçün buna razı olmuşdur. Bundan sonra məhkəməyə 2021-ci ildə nikahın pozulması ilə bağlı müraciət etmişlər və onların nikahları pozulmuş, lakin bir yerdə yaşamışlar. Bundan sonra sosial yardım almaq üçün müraciət etsələr də arvadının rəsmi iş yeri olmadığı üçün imtina gəlmişdir. Bundan sonra onların arasında bir neçə dəfə mübahisə olmuş həmin vaxt qarşı tərəf onu tutudurmaqla hədələmişlər. Onun böyük qızının xx.xx.2024-cü il tarixdə ad günü olmuş və o öz anasından pul alıb, tort alıb gedib Hacıkəntdə qızının ad günü qeyd etmişlər oradan qayıtdıqda qarşı tərəf ona anasının niyə onun statusuna baxmasını bildirərək mübahisə yaratmış, həmin gün isə onlar faktiki olaraq ayrılmışlar və xx.xx.2024-cü il tarixdən ailəsi ilə yaşamır. Lakin həmin vaxtadək ailəsinə baxmış onların ehtiyaclarını qarşılamış və tələbatlarını ödəmişdir. Onun qonşuları da bunu təsdiq edir və yaşadığı yer üzrə nümayəndəlikdən də onun həmin vaxta orada yaşaması barədə arayış da verilmişdir. Əlavə olaraq bildirdi ki, onun aliment öhdəliyindən azad olunması və ya aliment borcunun silinməsi barədə hər hansı qərarı yoxdur. Onun canlı şahidi var bununla bağlı neçə illər onunla qonşu olmuşdur. Hazırda borcundan ödəniş edə bilmir. O hal-hazırda günü 10 manata fəhlə işləyir. Borcunu ödəməyəcəyini demir, balalarına görə o borcunu ödəyəcək. Hal-hazırda borcundan ödəniş edə bilmir. 3 günə borcundan 500 manat ödəniş edə bilər. Onun uşaqları hal-hazırda onun saxladığı kimi dolanmır. Onun uşaqlarının çətinlikləri var. Tələbkarla mərkəzi poçtun arası 15 dəqiqədir. Onu pulun götürməsinə tələbkarın atası imkan vermir. Ona bu gün yoldaşı zəng vuraraq 8 marta görə uşaqların hər birindən 10 manat pul yığılmasını bildirmiş, o isə ayın 1-də verəcəyini bildirmişdir. O pulu ödəyir və ödəyəcək, pulun ödənməsindən boyun qaçırmır. 2 günə borcundan 500 manat ödəniş edəcək və geri aylarda 240 manat aliment yazılsa da borc xərc tapıb artıqlaması ilə borcundan ödəniş edəcəkdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X1 nümayəndəsi (atası) Nümayəndə2 izahatında bildirdi ki, 2016-cı ildə X6 ilə Şəxs arasında olan nikah pozulmadan aliment təyin edilmiş, daha sonra 2021-ci ildə onlar arasında olan nikah pozulmuş və aliment miqdarı artırılmışdır. Borclunun ölkədən çıxmasına məhdudiyyət qoyulsa da o borcunu ödəməmişdir. O borcluya vaxt verilməsinə razı deyil, borcdan ən azı 5000 manatının ödənilməsini istəyir. Əlavə olaraq bildirdi ki, onun qızı poçta gələn pulu götürməyib belə ki, qızı işə gedir və hər gün poçta gedə bilmir. Onun qızı işdən çıxıb poçtdan pulu götürə bilmir. Qızı pulun tam şəkildə ödənməsini istəyir. Uşaqlara o baxır və həmin məbləği götürməmələrinin səbəbi uşaqların gələcəyi üçün yığmaq istəmələridir. O, borcun ödənməsini, əks təqdirdə borclunun barəsində ağır cəza tədbiri təyin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxışında bildirdi ki, hesab edir ki, protokolun heç bir hüquqi əsası yoxdur. Ona görə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bir il ərzində eyni inzibati xətanı təkrar törətməmiş və inzibati xəta təkrarlana-təkrarlana getməmişdir. Köhnə borca görə bir dəfə protokol tərtib edilmiş və həmin protokolla bağlı borclu inzibati cəzasını çəkmişdir. Eyni köhnə borca görə borclu barəsində növbəti ilə protokol verilə bilər. Borclunun barəsində il ərzində təkrar protokol o vaxt verilə bilərdi ki, borclu yenidən yığılan aylıq müəyyən edilmiş aliment borcunu ödəməyəcəyi təqdirdə onun barəsində təkrar protokol tərtib edilə bilərdi. Borclu sentyabr, oktyabr, noyabr, yanvar və fevral aylarında artıqlaması ilə borcunu ödəmişdir. Ümumilikdə cədvəl baxımından hesablama aparılsa borclu köhnə borcundan təxminən 100 manatdan çox ödəniş etmişdir. Borclunun barəsində bir dəfə protokol tərtib edilmiş və onun üstündən 5 ay müddət keçmişdir. Hesab edir ki, borclunun barəsində köhnə borcla bağlı təkrar növbəti il protokol tərtib edilməli idi. 9 il ərizəndə borclunun barəsində cəmi bir dəfə inzibati protokol tərtib edilmişdir. Tələbkar özü etiraf edir ki, o alimenti götürmür ki aliment yığılsın. Aliment uşaqların maddi tələbatının təmin edilməsi üçün kəsilmişdir. O düşünür ki, borclunun inzibati həbs edilməsi ilə iş öz həllini tapmır. Tələbkarın məqsədi borclunun inzibati həbs edilməsi və qisas məqsədi daşıyır. Onun xahişi borclunun avqust ayından bu günədək aliment ödəməkdən yayınmaması və aliment borcunu ödəmək istəməsinin nəzərə alınaraq ona şərait yaradılmasıdır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-326/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzrlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Həmçinin müəyyən edilirki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-326/2024 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən 14400 manat borcu olmuş, hazırki vaxtadək altı ay müddətində yığılmış borcundan 114 manat ödəniş etmiş və 14286 manat borcu qalmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-527/2016 saylı, xx.xx.2016-cı il icra sənədinə əsasən Şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 və 01.01.206-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi hər birinin saxlanması üçün 16 fevral 2026-cı il tarixdən sabit məbləğdə 80 (səksən) manat cəmi 160 manat aliment tutularaq X2 ödənilməsi qət edilmiş, daha sonra Göygöl Rayon Məhkəməsinin 2(066)-450/2021 saylı, xx.xx.2021-ci il icra sənədinə əsasən tərəflərin birgə nikahdan olan 26 may 2013-cü il təvəllüdlü X7 və 01 yanvar 2016-cı il təvəllüdlü X8 anaları, yəni iddiaçı X1 yanında saxlanılması və 26 may 2013-cü il təvəllüdlü X3 və 01 yanvar 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Şəxs Behbud oğlundan iddiaçı X1 xeyrinə tutulan hər bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa 120 (bir yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat müəyyən edilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmiş, izahatı alınmışdır. Borclu tərəfindən icra sənədi üzürlü bir səbəb olmadan icra edilməmiş, 14286 manat borcu yaranmış, məhkəmədə inzibati işə baxılarkən heç bir ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, icra sənədi icraata qəbul edildiyi vaxtadan keçən müddət ərzində borcun ödənilməməsi, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə hazırda borcunu ödəmək niyyəti yoxdur. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarların şikayətçi olmasını və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:20-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar