Məhkəmə qərarları › İş №3(066)-105/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-105/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-105/2025 27.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə Oruz qızı tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu olaraq 64,90 manat pul vəsaitinin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi barədə qərar çıxarılmışdır. Göygöl Rayon Məhkəməsinin icra sənədi 18 noyabr 2024-cü il tarixində icraatlarına daxil olmuş, tərəflərindən qərar-bildiriş qəbul edilərək tərəfə göndərilmişdir. Şəxsin özü ilə telefon vasitəsilə əlaqə yaradılmış və şöbəyə dəvət edilmişdir. 28 dekabr 2024-cü il tarixdə borclu Şəxs Göygöl Rayon İcra və Probasiya şöbəsində onun yanında olmuşdur. Bu zaman şəxsə icra sənədinin icrasının təmin edilməsi zərurəti izah edilmiş, borcu barədə məlumat verilmiş, qərar-bildirişə qol çəkilmiş və izahatı alınmışdır. Həmin vaxtı izahatında göstərilmişdir ki, həmin borcu birdəfəlik ödəməyə imkanı yoxdur, lakin hər ay hissə-hissə 50-60 manat məbləğində ödəniş edə bilər. Əlavə olaraq bildirdi ki, borclu 2 dəfə icra və probasiya şöbəsində olmuşdur. Birinci dəfə borclu 28 dekabr 2024-cü il tarixdə şöbədə olmuş, həmin zaman icra sənədi üzrə digər cavabdeh (borclunun yoldaşı) ona aid olan 2500 manat məbləğində borcun pensiyasından tutularaq ödənilməsinə razı olmuş və tələbkar bununla bağlı hər hansı etiraz etməmişdir. Borcluya izah edilmişdir ki, icra sənədi üzrə onun özünün 5000 manat məbləğində borcu vardır. O bununla bağlı izahatında bildirmişdir ki, onun həmin məbləği bir dəfəyə ödəməyə imkanı yoxdur, o, borc məbləğini ayda 50 manat məbləğində ödəniş etməklə hissə-hissə ödəyə bilər. Bununla bağlı tərəflərindən borcluya izah olunmuşdur ki, o, ödəniş etməyə razı olduğu 50 manat məbləğində pulu hər ay poçt vasitəsilə tələbkar Zərərçəkmiş şəxs adına ödənişi edə bilər. Borclu Şəxs icra sənədi ilə bağlı qərar-bildirişin surəti verilmiş, borcun ödənilməsi zərurəti dəfələrlə izah edilmişdir. Hazırda tələbkar şikayətçidir və borcunun tam şəkildə ödənməsini istəyir. Borclunun barəsində olan inzibati xəta ilə bağlı protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, ona icra və probasiya şöbəsində borcun ödənilməsi ilə bağlı vaxt verilmiş, lakin ödənişi edəcəyi depozit nömrəsi verilməmişdir. O, daha sonra sübut edə bilməyəcəyi üçün borcu tələbkarın özünə birbaşa verməmişdir. Əlavə olaraq bildirdi ki, o işləmir. Hazırda borcundan ödəniş etməsi mümkün deyil. Hazırkı borcundan sabahısı günə 100 manat ödəniş edə bilər. Odur ki, imkanı çatan qaydada ödənişlər etməsinin təmin edilməsini xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)- 1211/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5000 (beş min) manat pul və 64.90 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, həmçinin cavabdeh X2 2500 (iki min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun 32.40 manatı alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 (beş min) manat və ödənilmiş dövlət rüsumu 64.90 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu izahatında hal-hazırda ödəniş edə bilməməsini, borcundan hər ay 50-60 manat məbləğində ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə xx.xx.2024cü il tarixdə icraat başlanmışdır. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin 2(066)-1211/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5000 (beş min) manat pul və 64.90 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra sənədi üzrə hazırda 5000 manat borcu vardır. Borclunun izahatı alınarkən o, hazırda işləmədiyini və borcu birdəfəyə ödəməyə pulu olmadığını, imkanı olduqca hər ay 50 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:30-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar