Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-131/2023 06.04.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi, şikayətçi X2 iştirаkı ilə, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazovun xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X4 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazovun xx.xx.2023-cü tarixli qərarı ilə X4 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X4 məhkəməyə şikayət verərək Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazovun onun barəsində olan xx.xx.2023-cü tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazovun xx.xx.2023-cü tarixli qərarı qanuna ziddir. Belə ki, həmin qərarla onun qanunla qorunan hüquqları kobud qaydada pozulmuşdur. xx.xx.2023-cü il tarixdə özünə məxsus “MERCEDES BENZ 809” markalı yük avtomaşını ilə Bakı şəhəri tərəfdən Gəncə şəhərinin girişində əlillər adlanan yerdə heç bir xəta hadisəsi törətməsə də Sübhan adlı YPX inspektoru tərəfindən saxaxlanılmış, əsassız polaraq barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və onu aldadaraq protokola imza etdirmişlər. Protokollla razı olmadığını bildirsə də əlavə olaraq protokolun məzmunu və mahiyyətini soruşsa da bu barədə də ona məlumat verilməmişdir. Bununla bağlı DİN-nin BDYPİ-yə müraciət edərək Gəncə şəhər BPİ DYPŞnin YPX polis serjantı Sübhan adlı şəxsin cəzalandırılmasını, həmin yerdə yol nizamlayıcı olmadığını, barəsində tərtib olunan protokolun həqiqəti əks etdirmədiyini bildirmiş və işə yenidən baxılmasını xahiş etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin xx.xx.2023-cü il tarixli, 649 saylı cavab məktubunda ancaq qərarın surəti ona göndərilmişdir. Heç bir xəta hadisəsi törtəmədiyi halda, araşdırılma aparılmadan barəsində inzibati qərar çıxarılmışdır. Halbuki inzibati xəta haqqında protokolda inzibati xətanı törətdiyi yer, inzibati xətanın mahiyyəti və ya hal şahidlərinin adı olan qrafa olsa da bu hallar də protokolda qeyd edilməmişdir. Çünki belə bir xəta olmamışdır. Hesab edir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazovun onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xəta haqqında xx.xx.2023-cü tarixdə tərtib etdiyi qərar qanunsuz, əsassız olduğu üçün ləğv edilməli və o, 60 manat inzibati cəriməni ödəməkdən azad edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş orqana qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət qismən təmin edilməli, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün göndərilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazov tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, vət. X4 xx.xx.2023-cü il tarixdə yolayrıcı keçmə qaydalarını pozçmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin xx.xx.2023-cü il tarixli, İXP № ******* nömrəli protokolu əsasında inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan X4 məhkəməyə şikayət verərək barəsində olan Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis mayoru Rüstəm Namazovun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırır. Həmin Məcəllənin 112.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Həmin Məcəllənin 112.1.5-ci maddəsinə əsasən, işin baxılmasında iştirak edən şəxslərə onların hüquqları və vəzifələri izah olunur. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşdən isə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında İXP № ******* saylı protolkolda və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2023-cü il tarixdə yolayrıcını keçmə qaydalarını pozması göstərilsə də bu barədə məhkəməyə qərar tərtib etmiş orqan tərəfindən heç bir dəlil və ya sübut – hər hansı sənəd, şəkil və ya video təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X4 bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə yolayrıcı keçmə qaydasını pozmamışdır. YPX əməkdaşları onu aldadaraq, savadsızlığından istifadə edərək protokola imza etdirmişlər. Məhkəmə qeyd edir ki, yenidən araşdırma zamanı X4 tərəfindən həqiqətən də xx.xx.2023-cü il tarixdə yolayrıcı keçmə qaydadalarının pozulub-pozulmaması, əgər onun tərəfdən xx.xx.2023-cü il tarixdə yolayrıcı keçmə qaydadaları pozulmuşdursa, bu barədə video və ya foto çəkilişin və ya hər hansı sübutun olması araşdırılmalıdır. Odur ki, işə yenidən baxılan zaman barəsində qərar qəbul edilmiş şəxs işin baxılması vaxtı və yeri barədə qanunamüvafiq olaraq məlumatlandırılmalı, eyni zamanda məhkəmə tərəfindən yuxarıda göstərilmiş hallar araşdırılaraq qərar qəbul edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X2 təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda X2 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-nin 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin X4 barəsində İXM-nin 327.2-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün iş Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinə göndərilməlidir. İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət qismən təmin edilsin. Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinin X2 İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Göygöl Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Əyyub Kərimov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYGÖL RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ _ Poçt indeksi: AZ 2500, Tel: (02220) 5-23-84; Faks: 5-39-92 Ünvan: Göygöl şəhəri,S.Vurğun küç.,45A Elektron poçtu:Elektron ünvan İş № 3(066)-131/2023 «06» aprel 2023-cü il X3 ünvan: (Göygöl rayonu, Hacıməlik qəsəbəsi) Surəti: Gəncə şəhər BPİ-nin DYP şöbəsinə ünvan: (Gəncə şəh., V.Xuluflu küç., 60) Göygöl Rayon Məhkəməsinin 3(066)-131/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti “ 05 ” vərəqə. Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №3(066)-131/2023
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-131/2023
06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver