Məhkəmə qərarları › İş №3(066)-133/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-133/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-133/2025 05.05.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynov Nicat Mübariz oğlunun katibliyi, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1971–ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda ünvan 2 (VÖEN **********) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 08 mart 2025-ci il tarixdə Göygöl rayonu ərazisində həyata keçirilən operativ vergi nəzarəti zamanı Göygöl şəhəri, A.Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Şəxs (VÖEN: **********) istifadəsində olan “X9” mağazasında Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********2393 nömrəli qərarına əsasən obyektin sahibkarlıq fəaliyyətində istifadə olunan sahəsində baş idarənin əməkdaşları tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsinə şərait yaratmaması faktı aşkar edilmişdir. Məhkəmə iclasında 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, 08 mart 2025-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində fəaliyyət göstərən vergi ödəyicisi Şəxs istifadəsində olan “X9” mağazasına Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********2393 nömrəli qərarına əsasən kiçik vergi xidməti müşavirləri X2 və X5 tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarəti keçirilərkən mağazada olan kassa aparatının oflayn rejimdə olmasını görmüşlər. Bu barədə akt tərtib edilərkən vergi ödəyicisi Şəxs onlara meneçilik törədərək aktı cırmağa cəhd etmiş, kassa aparatına baxış keçirməyə qoymamış, kassa aparatı ilə bağlı verilmiş suallara cavab verməmişdir. Daha sonra isə yoxlamanın keçirilməsinə icazə verməyəcəyini onlara bildirərək obyekti tərk etmələrini istəmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdəndə görünür ki, vergi ödəyicisi Həsənova X4 Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin tələblərini pozaraq Dövlət Vergi Xidmətinin əməkdaşlarına vergi nəzarəti tədbirlərinin keçirilməsinə, yekunlaşdırmağa və aktlaşdırmağa şərait yaratmır. Bununla bağlı tərəflərindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 08 mart 2025-ci il tarixdə sonradan vergi əməkdaşı olmasını bildiyi bir nəfər şəxs onun istifadəsində olan Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “X9” mağazasına gələrək ondan iki ədəd qərənfil alıb 1 manat verib getmişdir. Həmin vaxt onun kassa aparatında nasazlıq olmuşdur. Əvvəllərdə kassa aparatı bir neçə dəfə servisdə olmuşdur. X8 Xidmətinin əməkdaşları gələrək yoxlama aparmaq istəmişlər. O sadəcə olaraq onlara etiraz etmişdir. Kassa aparatına baxış keçirilməsinə mane olmamışdır. Həmin vaxt əsəbi olduğundan sənədlərə imza etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cümaddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 12 saylı Ərazi Vergilər İdarəsinin 07 mart 2025-ci il tarixli, **********2393 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən Şəxs məxsus olan obyektdə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, vergi nəzarətinin həyata keçirilməsi kiçik vergi xidməti müşavirləri X1 və X3 həvalə edilmiş, operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslərə vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları, sahələri istisna olmaqla) daxil olmaq, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətləri verilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, plandankənar (növbədənkənar) həmin operativ vergi nəzarəti yoxlamaları vahid məlumat reyestrində qeydə alınmışdır. İş materiallarında olan 08 mart 2025-ci il tarixli aktdan görünür ki, həmin tarixdə Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən, Şəxs məxsus "X9” mağazasında operativ vergi nəzarəti həyata keçirilmiş, müştəri tərəfindən alınmış 1 ədəd qızıl gülə görə 7 manat ödənilmiş, ödənişin müqabilində çek nəzarət-kassa aparatına vurulmamış və müştəriyə təqdim edilməmiş, qanun pozuntusu ilə bağlı müvafiq akt tərtib etmək istəyərkən vergi ödəyicisi Şəxs akt tərtib edilməsinə maneə törətmiş və həmçinin müvafiq aktı və qərarı cırmağa cəhd göstərmiş, yoxlamanın obyektiv aparılmasına maneçilik etmiş və onların obyektdən çıxmalarını tələb edərək operativ vergi nəzarəti tədbirinə mane olmuşdur. Bu səbəbdən aktı həmin obyektdə tərtib etmək mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi müvafiq qərar və çıxarışla tanış olmaqdan imtina etmişdir. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin nəzarət-kassa aparatının işlək vəziyyətdə olmaması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş video görüntüyə baxış keçirilərkən Göygöl şəhəri, A.Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Şəxs (VÖEN: **********) istifadəsində olan “X9” mağazasında Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********2393 nömrəli qərarına əsasən obyektin sahibkarlıq fəaliyyətində istifadə olunan sahəsində baş idarənin əməkdaşları tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsinə şərait yaratmaması və etiraz etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər İdarəsinin 07 mart 2025-ci il tarixli, **********2393 saylı operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən Şəxs məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş, nəzarətin həyata keçirilməsi zamanı ödənilmiş məbləğin çek nəzarət-kassa aparatına vurulmamışdır. Bu barədə vergi müşavirləri tərəfindən akt tərtib edilərkən obyektin sahibi Şəxs onlara maneçilik törətmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən 08 mart 2025-ci il tarixdə Göygöl rayonu ərazisində həyata keçirilən operativ vergi nəzarəti zamanı Göygöl şəhəri, A.Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Şəxs (VÖEN: **********) istifadəsində olan “X9” mağazasında Baş İdarənin xx.xx.2025-ci il tarixli, **********2393 nömrəli qərarına əsasən obyektin sahibkarlıq fəaliyyətində istifadə olunan sahəsində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsinə şərait yaratmaması Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakretizə edən halları və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar