Məhkəmə qərarları › İş №3(066)-134/2024

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-134/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-134/2024 30.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, xx.xx.1963–cü il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Göygöl rayon Göyçəkənd Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Göygöl rayonu, Göyçəkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göygöl Regional Ədliyyə İdarəsinin rəisi X1 tərəfindən Göygöl rayon Göyçəkənd Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə 24 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokol tərtib edilməsinə əsas, Göygöl rayonu Göyçəkənd bələdiyyəsinin sədri Şəxs xx.xx.2024-cü il tarixli 04 saylı qərarı Gəncə Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs törətdiyi inzibati xəta aşkar edilmiş və barəsində protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göygöl Regional Ədliyyə İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Göygöl rayon Göyçəkənd Bələdiyyəsinin sədri Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə inzibati xəta törətmiş şəxsin və inzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Göygöl rayonu, Göyçəkənd bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarı qanunvericiliyin tələblərinə zidd olaraq vaxtında Göygöl Regional Ədliyyə idarəsinə təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixli qərarın gecikməsinin səbəbi iş günləri ilə qeyri-iş günlərinin vaxtını səhv salması ilə bağlı olmuşdur. Bununla bağlı bildirir ki, gələcəkdə bu kimi hallara bir daha yol verilməyəcək. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Göygöl rayon Göyçəkənd Bələdiyyəsinin sədri Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 549.2-ci maddəsində göstərilmiş cərimə növündə inzibati tətbiq edilməsi daha məqsədə müvafiq olmaqla, onun əməlinə adekvat sayıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Göygöl rayon Göyçəkənd Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar