Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-137/2025 02.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Kəlbəcər rayonu, Dəmirçidan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Kəlbəcər rayonu, Dəmirçidan kəndində qeydiyyatda olmaqla, hazırda Göygöl şəhəri, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-936/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdən Göygöl Rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin vaxtdan qərar-bildiriş icra olunması üçün borcluya göndərilmiş, tələbin yerinə yetirilməsi tələb olunmuşdur. Borclu tərəfindən müəyyən ödənişlər olunsa da, bugünkü tarixə müəyyən borcları qalmışdır. Borclunun hazırkı borcunun məbləği 4900 manat təşkil edir. Əlavə olaraq bildirdi ki, borclu xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, 2024-cü ildə cəmi 2 dəfə olmaqla hər dəfəsində 100 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci ildə 200 manat, xx.xx.2025-ci il tarixdə 100 manat məbləğində ödənişlər etmişdir. Bütün bu ödənişlərdən sonra borclunun yerdə qalan borcu 4900 manat təşkil edir. Həmçinin hazırkı işlə bağlı borclu 2023-cü ilin noyabr ayında 10 sutka inzibati həbs olunmuşdur. Son vaxtlar çağırışlara gəlmədiyi üçün də borclunun barəsində axtarış verilmişdir. Borclunun aylıq ödənişi 200 manat təşkil edir. Borclu axtarış qərarı əsasında icra şöbəsinə gətirilmişdir. İnzibati xəta haqqında bağlı protokolu müdafiə etdiyini və protokolun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirdi ki, o, 2024-cü ilin may ayında ağır qəza keçirmişdir. Qəza nəticəsində cərrahiyə əməliyyatı keçirmiş, bundan sonra oktyabr ayında təkrar əməliyyat edilmiş və nəticədə iş qabiliyyətini itirmişdir. Onun son bir ayda özündən getmələri yaranmışdır və ona həkim icazə vermir ki, işləsin. Bu səbəbdən də hazırkı borc məbləği yaranmışdır. Əlavə olaraq bildirdi ki, hazırda məhkəmə iclasında iştirak edən tələbkardan əlavə başqa şəxsdən də 2 övladı var, həmin uşaqlara da aliment ödədiyi üçün tələbkara olan borcunu tam ödəyə bilməmişdir. Dəyəri 2.40 manat olan “Keno” markalı siqaret çəkir. Günə 2 paçka siqaret çəkir. Keçirdiyi qəza səbəbilə işləyə bilmədiyi üçün indiyə qədər ödənilmiş aliment borclarını da onun ata-anası ödəmişlər. Hazırda aliment borcundan heç bir ödəniş edə bilmir. Bu ayın sonunadək vaxt verilərsə tələbkara olan borcundan 300-500 manat məbləğində ödəniş edə bilər, lakin hazırda heç bir ödəniş edə bilmir. Tələbkarın yığılan borcun yarı hissəsinin ödənməsi ilə bağlı fikri ilə razı deyil. Yığılmış borclarından ödəniş etməsi üçün ona vaxt verilməsini və barəsində olan inzibati xəta ilə bağlı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, o, hazırda kirayədə qalır, heç bir yerdə işləmir, hazırda maddi baxımdan çox çətinlik çəkir, uşağının qulağında problem var və onu həkimə aparmalıdır. Borclu imkanı olduğu halda onlara köməklik göstərmir. Hər ay borclunun 500 manat ödəniş edəcəyi halda razı ola bilər. Hazırda yığılmış borcunun yarısını ödəyəcəyi halda borclunun barəsində olan inzibati işə xitam verilməsinə razı olar. Hazırda ödəniş olunmayacağı təqdirdə borclunun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Beləliklə, məhkəmə iclasında sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs tərəfindən icra sənədinin tələbi heç bir üzürlü səbəb olmadan icra edilməmiş və məhkəmə aktının icrası bu günədək onun qərəzli hərəkətləri nəticəsində icrasız qalmışdır. İnzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, icra məmurunu, barəsində inzibati icraat aparılan şəxsi və tələbkarı dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Buna görə də adı çəkilən şəxs, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)- 936/2022 saylı icra vərəqəsinə əsasən 20 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 dekabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 200 (iki yüz) manat sabit pul məbləğində aylıq alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Göygöl RİPŞ-nin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-936/2022 saylı icra vərəqəsinə əsasən Şəxs uşağın saxlanması üçün hər ay 200 (iki yüz) manat pul vəsaiti tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu yaranmış 4900 manat borcunu uşlə təmin olunanda tam şəkildə ödəyəcəyini izahatında bildirmişdir. İş materiallarında olan Göygöl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın sürətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-936/2022 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraat başlanmışdır. İş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(066)- 550/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə icra sənədinin icrası ilə bağlı qeyd edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(040)-936/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 04 dekabr 2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 200 (iki yüz) manat sabit pul məbləğində aylıq alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sözügedən icra sənədi Göygöl RİPŞ-yə daxil olmuş və Şəxs barəsində icraat başlanmışdır. Borcluya qərarın surəti ilə bərabər icra sənədindən irəli gələn tələbləri könüllü qaydada yerinə yetirməsi barədə bildiriş göndərilmişdir. Dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən yayınmış, icra məmurunun çağrışlarına gəlməməklə barəsində axtarış qərarları qəbul edilmişdir. Şəxs icra sənədi üzrə hazırda 4900 manat borcu yaranmışdır. Borclunun izahatı alınarkən o, qalıq 4900 manat borcunu işlə təmin olunan zaman ödəyə biləcəyini bildirmişdir. hazırda borcundan ödəniş etməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə tərəfindən borcluya ödəniş edilməsi təklif edilməsinə baxmayaraq ödəniş edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, borclu məhkəmə qətnaməsi ilə razılaşmadığını və özünün istəyinə uyğun olaraq məhkəmə qətnaməsinin və icra sənədinin icrasından yayınmaq istəyinin olmasını göstərmişdir. İş materiallarından aydın olur ki, sözügedən icra sənədlərinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi isə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyənləşdirmişdir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Borclunun məhkəmədə verdiyi ifadəsindən və iş materiallarından məlum olur ki, icra sənədinin icrası üçün əlavə vaxtın verilməsinə lüzum qalmamışdır, belə ki, uzun müddət icra sənədi üzrə ödəniş edilməyərək borcun yaranması, işə baxılan zaman borclunun ödəniş etməməsi onu deməyə əsas verir ki, borclu icra sənədi üzrə borcunu ödəmək niyyəti yoxdur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Borclu Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, icra məmurunun çağrışlarına gəlməyərək barəsində axtarış elan edilməsini, əvvəllər də eyni əmələ görə inzibati həbs edilməsini, icra sənədi üzrə borclu tərəfindən edilməli hərəkətin xüsusiyyətini, tələbkarın şikayətçi olmaqla, borcun tam şəkildə ödənməsini tələb etməsini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməli və inzibati həbsə alınmanın əvvəli hüquqlarıın faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:20-dən hesablansın. Qərаrın icrаsı Göygöl rayon İcra və probasiya şöbəsinə və Göygöl rayon polis şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №3(066)-137/2025
Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-137/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver