Məhkəmə qərarları › İş №3(066)-138/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-138/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-138/2024 08.05.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin mümkünlüyünə dair məsələyə, məhkəmə iclasından kənar baxaraq müəyyən etdim: X3 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində tərtib olunmuş 150 (bir yüz əlli) manat məbləğində cərimə ilə bağlı qərarın ləğv olmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizəsinə xx.xx.2024-cü il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı əlavə etmişdir. Şikayət və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Şikayətdə göstərilmişdir ki, onun mülkiyyətində “Mercedes Benz 316 CDİ” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı mikroavtobus olan minik avtomobili var. O, 02 aprel 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Daşkəsən rayonu ərazisində hərəkətdə olarkən Daşkəsən RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, qanunsuz və əsassız olaraq barəsində İXM-nin 344, 342.2.2 və 342.2.4-cü maddələri ilə inzibati protokol tərtib edilmiş və həmin protokol əsasında da xx.xx.2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 150 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan protokol və qərar qanunsuzdur. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən etiraz edərək idarə etdiyi avtomobilin mikroavtobus olmasını ona görə də onun hər gün tibbi müayinədən keçməsinə ehtiyyac olmamasını, həmçinin mütəmadi olaraq sərnişindaşıma fəaliyyəti ilə məşğul olmamasını bildirsədə barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Avtomobilinə heç bir əlavə avadanlıq quraşdırmamış, yalnız avtomobilinin arxa şüşəsində pərdə olmuşdur və buna da qanunvericilikdə heç bir qadağa qoyulmayıb. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru X4 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5.1. bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; 57.5.2. bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: 57.5.2.1. ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; 57.5.2.2. sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan; X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət versə də şikayət onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 128.1.-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. - 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında qərarda qeyd edilən xətanı X2 rayonu ərazisində törətmişdir. Odur ki, xətanın törədildiyi yer Daşkəsən rayonu hesab olunur, həmin yer isə Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarındakı mövqeyə əsasən şikayətçi ilk növbədə inzibati xəta haqqında qərardan şikayəti xətanın törədildiyi yer üzrə verməli, sonradan vəsatətlə müraciət edərək yaşadığı yer üzrə göndərilməsini xahiş etməlidir. Məhkəmə qeyd edir ki, X10 tərəfində verilmiş şikayət onun tərəfindən imzalanmayaraq məhkəməyə verilmişdir. Belə olan halda inzibati tənbeh vermə haqqında qərardan səlahiyyəti olmayan şəxs tərəfindən şikayət verilmiş hesab edilməlidir. Həmçinin inzibati xətanın törədildiyi yer Göygöl Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40. 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: X6 xx.xx.2024-cü il tarixli, TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim:Rəşad Mustafayev İş № 3(066)-138/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL 08 may 2024-cü il Göygöl şəhəri Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, X6 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 17:35-də başladım. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən etdim ki, X6 barəsində inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə xx.xx.2024-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir. X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə şikayət versə də şikayət onun tərəfindən imzalanmamışdır. Ona görə də şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 17:45-də qurtardım. Hakim:Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar