Məhkəmə qərarları › İş №3(066)-139/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-139/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-139/2025 04.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Göygöl RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Göygöl RPŞ-dən daxil olmuş inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün xx.xx.2025-cü il tarixdə Göygöl Rayon Məhkəməsinə təqdim etmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda qeyd edilmişdir ki, Şəxs narkotik maddə olan marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə protokolu müdafiə edərək göstərdi ki, ünvan 3 ünvanında yaşayan Şəxs narkotik vasitə qəbul etməsi ilə bağlı məlumat daxil olmuş, bununla bağlı Şəxs yaşadığı ünvana gedilmiş, Şəxs Göygöl RPŞ-yə dəvət edilmiş və izahatı alınmışdır. Şəxs izahatında narkotik vasitə olan marixuana qəbul etdiyini bildirmişdir. Bundan sonra Cəfərov X2 Nazirliyinin Gəncə şəhərində yerləşən “Respublika Narkoloji Mərkəzi”ndə müayinədən keçirilmiş və müayinədən keçirilən zaman Şəxs narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. 02 aprel 2025-ci il saat 17:00 radələrində Şəxs inzibati qaydada tutulub barəsində müvafiq qaydada sənədləşmə aparılaraq Göygöl Rayon Məhkəməsinə gətirilmişdir. İnzibati xətanı törətmiş şəxsin barəsində qanunvericiliyə müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, narkotik vasitəni mütəmadi istifadə edən olmamışdır. Axşam Topalhəsənli kəndində işlədiyi fermadan evə gələn zaman arxa küçələrin birində yolun kənarından dolu siqaret paketi götürmüş, evə gələndən sonra siqaret qutusunun içərisində narkotik vasitə olduğunu görmüş və nəfsini saxlaya bilməyib narkotik vasitənin dadına baxmışdır. Əlavə olaraq bildirdi ki, narkotik vasitəni təxmini 2 ay bundan əvvəl çəkmişdir. Narkotik vasitədən bugünədək təxminən 2 dəfə istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitədən istifadə etdiyi zaman mart ayı olmuşdur. Evə gedən zaman yolun kənarında gördüyü “winston” markalı siqaret qutusunu ayağı ilə yoxlayaraq dolu olduğunu bilib götürmüş və içərisində olan 1 ədəd siqareti evdə çəkməsi üçün aparmışdır. Evdə siqaret qutusunu açıb baxanda hazır vəziyyətdə narkotik vasitə olan marixuananın olduğunu görmüşdür. O, marixuananın olduğunu siqaret dənəsinin içərisində tütünün olmadığından bilmişdir. Polis əməkdaşı onu qaldığı evdən götürmüşdür. Polis əməkdaşının onu narkotik vasitədən istifadə etdikdən nə qədər müddət sonra apardığını xatırlamır. Yolda siqaret qutusunu götürərkən onu kiminsə görüb-görmədiyinə fikir verməmişdir. Hazırda əməlindən peşman olmasını, etdiyi əməlin təkrar olmayacağına söz verməsinin nəzərə alınaraq ona cərimə növündə inzibati tənbeh olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: Sərxoşluq hallarının bütün növlərinin təyini məsədi ilə aparılan tibbi müayinəyə dair 1139/2025 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs tibbi müayinəsi zamanı sidik nümunəsinin narkotik vasitələrin birmomentli immunoxromotoqrafik test-xətt üsulu ilə müayinəsi zamanı THC (marixuna) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 497 saylı rəyin surətindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolojı kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-cü il tarixdə saat 17:00 da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə MSYdən azad edilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışında Şəxs etiraf edərək əmilindən peşman olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə bir gün tutulması nəzərə alınmaqla inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Həmçinin Şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs narkoloji dispanserdə qeydiyyata alınması yaşadığı yer üzrə Göygöl Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar