Məhkəmə qərarları › İş №3(066)-14/2025

Göygöl Rayon Məhkəməsi Qərar — İş №3(066)-14/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göygöl rayonu İş № 3(066)-14/2025 10.01.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib etmiş Göygöl Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X5 və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göygöl rayonu Çaykənd Bələdiyyəsində ərazi gözətçisi vəzifəsində işləyən, məhkumluğu olmayan, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(066)-100/2024 saylı qərarı ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmiş, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Göygöl Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Göygöl rayon İcra və probasiya şöbəsinin icra məmuru Nümayəndə izahatında bildirdi ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(066)-3007/2016 saylı icra sənədinə əsasən 21 sentyabr 2004-cü il təvəllüdlü X3, 16 sentyabr 2006-cı il təvəllüdlü X4, 27 aprel 2009-cu il təvəllüdlü X1, 07 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının 25 noyabr 2016-cı il tarixdən başlanması qət edilmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-916/2024 saylı icra sənədinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş X4, xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, cavabdeh Şəxs dövlət rüsumu hesabına 31,40 (otuz bir manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilməsi və iş üzrə ödənilmiş mediasiya xərci 55 manat Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Hər iki icra sənədi birləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Borclu öhdəliyini tam yerinə yetirməmiş, protokol tərtib olunan tarixə borclunun 7356 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirdi ki, hazırda borclunun aylıq ödənişi 510 manat olmuş, hazırda uşaqlardan ikisi yetkinlik yaşına çatmışdır. Bu səbədən aylıq ödəniş məbləği 340 manatdır. Borcdan müxtəlif vaxtlarda aylıq ödənişlər etmişdir. 10 oktyabr 2024-cü il tarixdə 100 manat, 16 oktyabr 2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 290 manat, 12 dekabr 2024-cü il tarixdə 362 manat, xx.xx.2025-ci il tarixdə isə 430 manat ödəniş etmişdir. Borclu protokol tərtib edildikdən sonra cəmi 430 manat ödəniş etmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o protokol üzrə özünü təqsirli bilmir. Belə ki, o xəstədir və səhəti ilə bağlı çox sayda problemi vardır. O səhhəti ilə bağlı işləyə bilmir və aliment borcunu tam ödəyə bilməmişdir. Hazırda o, borcundan 430 manat ödəmiş qalıq borcunu isə hər ay 360 manat olmaqla hissə-hissə ödəməyi barədə tələbkarla razılıq əldə etmişdir. Odur ki, onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8 çıxışında göstərdi ki, borclu ilə tələbkar borcun hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. Odur ki, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ərizə verərək izahatında bildirdi ki, Şəxs hazırda ona olan aliment borcundan 430 manat ödəniş etmişdir. Hər ay aliment öhdəliyi üzrə 340 manat, 20 manat yığılmış borc məbləğinə olmaqla hər ay cəmi 360 manat olmaqla borclunun ödəməsi barədə onunla razılığa gəlmişlər. Məhkəmədən borclunun barəsində olan hazırki inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə tədqiq olunmuş sübutlara və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə başlanmış xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola xitam verilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2016ci il tarixli, 2(066)-3007/2016 saylı icra sənədinə əsasən 21 sentyabr 2004-cü il təvəllüdlü X3, 16 sentyabr 2006-cı il təvəllüdlü X4, 27 aprel 2009-cu il təvəllüdlü X1, 07 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 75 (yetmiş beş) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi və alimentin tutulmasının 25 noyabr 2016-cı il tarixdən başlanması qət edilmişdir. Həmçinin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-916/2024 saylı icra sənədinə əsasən xx.xx.2006-cı ildə anadan olmuş X4, xx.xx.2009-cu ildə anadan olmuş X1 və xx.xx.2013-cü ildə anadan olmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(066)-3007/2016 nömrəli qətnaməsi əsasında hər ay hər uşağa görə tutulan 75 manat alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi, cavabdeh Şəxs dövlət rüsumu hesabına 31,40 (otuz bir manat 40 qəpik) manat alınaraq dövlət büdcəsinə ödənilməsi və iş üzrə ödənilmiş mediasiya xərci 55 manat Şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borcluya tələbin könüllü icra etməsi üçün bildiriş təqdim edilmiş, izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunun tam şəkildə ödənilməsi üçün xəbardarlıq edilmişdir. Borclu hal-hazırda səhəti ilə bağlı işləməkdə çətinlik çəkir, borcundan hər ay hissə-hissə olmaqla ödəniş edir. Həmçinin məhkəmə iclası zamanı müəyyən edildi ki, borclu protokol tərtib edildikdən sonra cəmi 430 manat ödəmiş etmişdir. Bundan başqa tələbkarla borclu öz aralarında borcun hissə-hissə olmaqla növbəti aylarda 360 manat ödənilməsi barədə razılığa gələrək inzibati işə xitam verilməsini xahiş etmişlər. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs ilə aralarında razılığa gəlmişlər və hər ay 360 manat olmaqla 340 manat alimentə 20 manat isə yığılmış aliment borcundan ödəyəcəkdir. İşdə olan tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, borclu Şəxs ilə borcun hissə-hissə ödənilməsi barədə aralarında razılığa gəlmişlər. Şəxs hər ay 340 manat alimentinə 20 manat isə yığılmış borcuna olmaqla cəmi 360 manat ödəməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi isə, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, borclu icra sənədi üzrə borcundən qismən ödəniş etmiş, tələbkar və borclu öz aralarında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuş və borclunun hazırda kifayət qədər vəsaitə malik olmasını təsdiq edən hallar müəyyən edilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-nin 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar