Məhkəmə qərarları › İş №3(066)-140/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №3(066)-140/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 3(066)-140/2025 07.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Göygöl Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materialına baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Göygöl rayon prokuroru, baş ədliyyə müşaviri X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, materiallar natamam olduğundan, məhkəmə icraatı çərçivəsində isə tamamlanması mümkün olmadığından qərar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Digər tərəfdən, qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qərar nəzərdən keçirərkən müəyyən olunur ki, qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən İXM-in 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalardan hansının törədilməsi, inzibati xətanın törədilməsi nəticəsində kimin və kimlərin sağlamlığına zərər vurulması, zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmişdir. Eyni zamanda qərara inzibati xəta haqqında işə baxılması zamanı müvafiq araşdırmanın aparılması üçün zəruri olan sənədlər, o cümlədən mövcud olduğu təqdirdə yol-nəqliyyat hadisəsinin videogörüntüsü, hadisənin şahidləri barədə məlumatlar, yol-nəqliyyat hadisəsinin sxemi və zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərər barədə ekspert rəyi əlavə olunmamışdır. Qeyd edilən məlumatlar olmadan ümumiyyətlə inzibati xəta hadisəsinin olub-olmamasını, şəxsin təqsirini, inzibati xəta tərkibinin olub-olmamasını müəyyən etmək mümkün deyildir. Eyni zamanda qanunvericiliyin tələbinə görə məhkəmənin inzibati xəta haqqında işə qısa müddət ərzində baxmalı olması nəzərə alınmaqla, həmin natamamlıqların məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış inzibati material və əlavə olunmuş sənədlər Göygöl Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Rəşad Mustafayev İş № 3(066)-140/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PRОTОKОL 07 aprel 2025-ci il Göygöl şəhəri Mən, Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, Göygöl Rayon Prokurorluğundan daxil olmuş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar üzrə inzibаti mаteriаlın baxışa hazırlanması məsələsinə baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 10:15-də başladım. İnzibati xəta haqqında mаteriаlı аrаşdırаrkən müəyyən etdim ki, tərtib оlunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında qərar və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Ona görə də inzibati xəta barədə qərar və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxartdım. Prosessual hərəkəti saat 10:25-də qurtardım. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar